Şairin poeziyasının bütöv məzmununu: təsvir və obrazlarının səciyyəsini İnsanla Təbiətin harmoniyası təşkil edir və bu sosial-mənəvi motivi inkişafda - təkamüldə görürük. Rasional axtarış, fərdi ziddiyyətlər insanın tamlığına, cəmiyyətdə fəallığına, Vətənini sevib qorumağa xidmət edir. Poetik obrazlar, qəhrəmanlar - uşaq və gənclərdir, yeniyetmələrdir - az-çox böyüyür. Təbiəti başa düşür, onun qoynuna sığınır, amma itaətkarlıq göstərmirlər. Şeirlərin predmetində cəmiyyətin inkişaf xəttinin geniş miqyası dayanır. Və həyat bu kontekstdə doğulan uşaqlara, böyüyən gənc nəslə biganə qalmır. Uşaq zövqünü nəzərdə tutmayan S.Vurğun «Bahar», «Bahar düşüncələri», «Göygöl», «Sünbül», «Azərbaycan», «Tarla nəğməsi» və sair şeirlərində dərin ictimai-əxlaqi fikirlər qoysa da, böyüməkdə olan nəslin «öz payını» götürməsinə də «əlyeri» qoymuşdur. Hələ 22 yaşında yazdığı «Bahar şərqisi» yığcam şeiri Kainatın aparıcısı Günəş obrazını uşaqlara təqdim edir və bu hüdudsuz mövcudatın ahəngdarlığını bərabərölçülü - həyatverici hərəkətini yaşam mənbəyi kimi səciyyələndirir:
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər. Kainatın rasional sxemini duyan şair Qalileyin və Nyutonun məlum düsturlarından xəbərdardı; o, mücərrəd təsəvvürlə məktəblilərin başını qatmır. Konkretdir:
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar
Cücərib boy atdılar… S.Vurğun kövrək uşaq idrakının gücünü qiymətləndirməklə, təbiətin bir zərrəciyimi, nəhəng mövcudatını - Günəşin gücünü əyaniləşdirir və harmoniyanı göstərir.
Şair «Ana və körpə» şeirini yazana qədər (1949) uşaq aləminin psixologiyasını öyrənmişsə də, onların xarakterindəki maraqlı cəhətlərə aid poetik nümunələr nədənsə yazmamışdı. Halbuki onun Azərbaycan uşaq ədəbiyyatını analitik təhlil edən məruzəsi olmuşdu. İyirminci və otuzuncu illərin məhz qurtaracağında uşaqların nikbin böyüməsi üçün şair daha çox bədii sözə yer vermişdi. Belə ki, «İki körpə» və «Qızcığaz» şeirlərinin qəhrəmanları qız yavrulardır. Bu yolun seçimi təsadüfi deyildi: balaların həyatın necə də çətin və mürəkkəb olduğunu o yaşlarda bilmələrinə ehtiyac qalmır; onsuz da hər şeyin öz vaxtı vardır. İndi - o dövr üçün lazımdı - bədii poetik nümunələr uşaqların psixoloji, emosional və estetik tələbatını ödəsinlər. Yeni dünyanın sakinləri - iki qızcığaz qoy bəxtiyar böyüsün. S.Vurğun əslində dünyaya gələn və doğulacaq körpələrin firavanlığını alqışlayır; onlar nə qədər sağlam olsalar, Azərbaycan xalqının gələcəyi zəngindir: analar və atalardır onlar. İki körpə: birincisi, oynaq, qayğısız xoş üzlüdür; səsi incə musiqini andırır, gözlərində bir canlı gündüz yaşayır: