Kənd yaşayışı
Kəndlərdə indiki kimin bolluq deyildi. Hər ailə bir neçə toyuq saxlayardı. Yumurtaları yığıb satardılar. Çox zaman dükanda qənd, çay, kişmiş və s. alıb, yerinə yumurta verərdilər. Onların həmişəlik yeməkləri süd, qatıq, kərə, ayrandan ibarət idi.
Kənd əhli çox türkəsaya, inamlı insanlar idilər. Kənd əhalisinin əli çox zaman təbibə çatmazdı. Onlar xəstələri sağaltmaq üçün türkədavadan istifadə edirdilər. Məs: Qızdırması olana bənövşə gülünün dəmlənmiş çayı, şəkəri olanlara bulaq otu, ishalı olanlara boymadərən, bədəninə soyuq olanlara yarpız dəmlənməsi, ürəyi tutğun, qüssəli olanlara boymadərən, bədənləri soyuq olanlara kəklikotu dəmlənmişi, bədənlərində çirk olanlara yarpız dəmlənməsi, gözlərinə çırtıq çıxanlara xərçəng sümüyünün tüstüsünü, sevdası olanlara şatrənin xam suyundan acqarnına bir stəkan verərdilər.
Xanımlar evdə müxtəlif əl işləri görərdilər. Cəhrə ilə ip, əlkin ilə sap əyirərdilər. Kişilərin, uşaqların müxtəlif paltarlarını xanımlar toxuyurdular. O cümlədən, şərf (şal), corab, əlcək, börk və sairə şeylər. Bunlardan əlavə kilim, cecim də toxuyardılar. Hamısının ipi, sapı yundan olardı.
Onlar çayı qara aftafada düzəldirdilər. Kərə düzəltmək üçün nehrədən istifadə edərdilər. Onlar qatığı nehrəyə töküb çalxalayır, kərə düzəldirdilər. Onu böyük bir qazana boşaldıb, kərəni ayrandan ayırırdılar.
Qoyun kəsilən zaman onu doğrayan kimi uşaqlar ətindən parça-parça götürüb kuzənin içinə atar, sonra alaçiy bişirib dişlərinə çəkərdilər. Qoyun doğrayanın işi qurtarana kimi ətin dördən biri yeyilərdi.
Kəndlilər çarıqlarını özləri dəridən tikərdilər. Xanımlar keçə börk tikərdilər. O zaman kəndlərdə hamam olmazdı. Camaat yay fəslində çayda yuyunardı. Soyuq düşən zaman, qışda təndir başında yuyunardılar. Sabun yerinə coğan istifadə edirdilər. Paltarlarını coğanla yuyardılar. Gil ilə yuyulan baş tez ağarmaqdan, tökülməkdən xilas olurdu.
Şəhərə piyada gedərdilər. Ümumən bədəni tez yormazdılar. Gecələr tez yatar, səhər tezdən durub namaz qılıb, səhər havasından istifadə edərdilər. Beləliklə, həm işləri qabağa düşərdi, həm də səhhətləri yaxşı olardı. Onlar qəlyanaltı üçün şirin çay içməzdilər. İsti çörəynən şor, ya qatıq, ya da kərə yağı yeyərdilər. Mədələri də salim olardı. Yeməkdən sonra uşaqlar, böyüklər iş üçün kövşənə dağılardılar.
Kənd əhlinin tamahı az olardı, dünya malına elə əhəmiyyət verməzdilər, zər- zivər üçün qüssə yeməzdilər. Allah şükür edən bəndələr idilər. Bunların içindən çox doktor, alimlər çıxıblar. Bu da salim yeməyin, azad havanın, fikir rahatlığının nəticəsi idi.
Qış gecələri neçə ailə bir yerə yığışardılar. Əyləncə üçün savadlı olan bir şəxs “Əmir Aslanın” nağılın söyləyirdi, hamı da qulaq asırdı. Zənənlər oturub kişilərə, uşaqlara corab toxuyardılar. O zaman bərq yoxdu, neft az idi. Evləri işıqlandırmaq üçün qamışdan istifadə edərdilər. Qamışı yığıb qurudardılar. Təndirdən bir miqdar soyuq kül çixardıb evin bir guşəsinə tökərdilər. Hər dəfə bir qamış əlin içinə sancıb yandırardılar. Bir qamış yanandan sonra başqasın sancıb yandırardılar. Beləliklə, şam kimi onun işığından istifadə edərdilər. Xanımlar qamışın işığında toxuma işi görürdülər.
Kənddə gündəlik çörək bışirərdilər, boyat çörək yeməzdilər. Çörək bişirəndə hər işi özləri görərdilər. Xanımlar özləri təndir salmaq, xəmir eləməkdən tutub, ya kündə, vərdənə, oxlov atmaq kimi işləri də özləri görərdilər. Bir miqdar işləyəndən sonra gedib qəhvəxanada əyləşib, çay içib qəlyan çəkərdilər. Xanımlar axşamadək ayaqyalın gəzərdilər.
Axşam naxır gələn vaxt gedib bulaqda, ya çayda ayaqlarını yuyub evə gələrdilər. Kişilər başmaq yerinə çarıq geyərdilər.
O zamankı rəiyyətlər malikə bir toyuq aparardılar. Qohum, ya tanışlardan biri naxoş olsaydı deyirdilər: Ağalığa toyuq aparıram. Onu mərəzin başına dolandırıb verərdilər. Gətirib, onu əzib isladardılar. Xanımlar da süpürgə ilə otaqları ağardardılar. Bu işi məmulən bayrama yaxın görərdilər.
Kəndlilərin toyları da maraqlı olardı. Biri istəsəydi birinin qızını oğluna alsın, əvvəl kəndin ağsaqqallarından bir neçə ağıllı, təcrübə götürmüş adamı dəvət edərdilər. Onlar gecə oğlan evinə yığışardılar. Bu məclisin adına “məsləhət çayı” deyərdilər. Əvvəl çay gətirərdilər, sonra oğlanın atası deyirdi: Mən filənkəsin qızını istəyırəm oğluma alam, siz nə məsləhət bilirsiniz? Onlar da əgər səlah bilsəydilər, öz aralarından iki nəfəri seçib yollardılar qızın atasının yanına. O da vaxt istəyərdi, öz dövrəsini məsləhət çayına dəvət edərdi. Oğlanın əxlaqı, rəftarı dədəsinin işlərində köməkçi olması, xərmən yığışdırması, su suvarması kimi məsələlər barədə götür-qoy eyləyib, əgər səlah bilsəydilər, xəbər verərdilər ki, gəlsinlər. Buna görə oğlanın atası bir iddə, qızın atası da bir iddə ağsaqqallardan çağırırdılar. Hər iki adama bir nəlbəki kişmiş qoyardılar, çay gətirərdilər.. Əvvəl oğlanın qonaqlarından hər hansı ki, daha hörmətli olsaydı, çayı o içərdı, təbrik deyərdı, stəkanı aparıb “ağzın şirin olsun” deyərdi. Ondan sonra o çayi o birilər içərdilər.
Kəbin sözün, başlıq sözün danışardılar. Bir inək, iki qoyun. Oğlanın atası hampa olsaydı, bir qitə zəmı saldırardı qızın kəbininə. Başlıq da kəbinə baxardı, çox olsaydı, çox alardılar. Az olsaydı, az. Aldıqları başlıqla cehiz alardılar, gəlin özü ilə oğlan evinə aparardı. Cehiz üçün bir təşt, bir məcmiyə, bir dəst dövri boşqab, kasa, piyalə (bunların hamısı misdən olardı), bir dəst yorğan-döşək, kürəkənə bir cüt corab, bir pul kisəsi, bir tuman bağı, bir canamaz qoyardılar. Bunlardan sonra damadın anası, bacıları, xalası, bibisi, dayı arvadı, əmi arvadı, ağbirçəklərindən neçə nəfəri yığışıb gedərdilər şəhərə bazarlığa.
Hansı dükançıya müştəri olsaydılar, ora gedərdilər. Bir az da noğul alıb, aparardılar ki, mağaza sahibləri ağızlarını şirin eləsinlər. Bazarlığa gələnlərin hər birinə xələt alardılar. Gəlinin parçasını kəsdirərdilər. Bazarda onlara çay gətirərdilər. Bəyin yoldaşları-dostları gəlinin qabağında at çapdırardılar. Gəlin qapıya çatanda, varlılar bir top parça payəndaz salardılar. Payəndaz qapıdan ta gəlinin atının ayağına dayanana kimi olardı. Meyvə fəsli olsaydı, bu əbrişəm parçanın o tərəf-bu tərəfinə cürbəcür meyvələr düzərdilər. O boşqabların bir- birindən bir metr arası olardı.
Gəlin gələndə aşıqlar qabağa çıxardılar. Gəlinin adamları onların qavalına pul atardılar, gəlini evə aparardılar. Gəlinin çilovdarı parçanı yığıb, meyvələri xurcuna tökərdı, parça da ona yetişərdi.
Gəlini evə gətirəndən sonra qabağında tamam qoca xanımlar, bibidən, xaladan, damadın anası, bibisi, xalası aşığın alnına qızıl yapışdırardılar. Gəlin əyləşərdi, aşıqlar mürəxəs olub, sazlarını götürüb gedərdilər.
Sonra nahardan qabaq aşpaz qonaqlara kabab yollardı. Qonaqlar onun yerinə pul qoyardılar, oğlanın anası da xələt verərdi. Sonra qayınanası gəlib gəlinə deyirdi: – O tövlədəki sarı inəyi verdim sənə, əyləş. Əyləşməzdi.
Böyük qaynı gəlib deyərdi: O qaşqa inəyi verdim sənə, əyləş. Əyləşməzdi.
Kiçik qayın gəlib deyirdi: O qaşqa inəyi verdim sənə, əyləş. Əyləşməzdi.
Böyük baldız gəlib deyirdi: – Bir dənə naxışlı cecim uzatmışam, dardadı kəsəndən sonra onu verəcəm sənə. Əyləşməzdi.
Kiçik baldız gəlib deyirdi: – Bir cüt məfrət verdim sənə, əyləş. Əyləşməzdi.
Qayınana xəbər alırdı: Gəlin, bəs məndən nə istəyirsən?
Gəlin deyərdi: – Sırğa istəyirəm, yəni güşvarə.
Deyirdi: – O da gözüm üstə, gəlin, əyləş.
Bu zaman o əyləşərdi.
Gəlini dədəsi evindən gətirəndə atası gəlib ona nəsihət verib deyirdi:
– Qayınnənəvun, qayınatavun, qayınlarivün otağında olasan, oğullu-qızlı olasan, get səni Allaha tapşırdım.
Sonra gəlini ayaq açdıya çağırırdılar. Yeyib, icib gedəndə, dədəsi gəlib deyirdi:
– Yasəmən, ya Bagdagül, o tövlədəki kəhər atı verdim sənə, gedəndə özünlə apar. Gedəndə bəy atı tövlədən çıxarıb aparırdı. Əgər dədə evinin dolanışığı zəif olsaydı, iki qoyun ya bir cüt məfrəş verərdi.
Toydan bir gecə qabaq qız evində həna gecəsi tutardılar. Bəy evində bir kasa həna isladırdılar ki, bir məcməyiyə qoyub, iki dənə şam, bir qutu şirni, bir dövri çilov, bir dənə qırmızı carqat qız evinə gətirərdilər. O qırmızı çarqatı qızların biri götürüb gəlinin başına örtərdi. 10-15 nəfər də qızlardan biri qaval çalar, o birilər oynaya-oynaya xına dəsgahını qız evinə aparardılar. Orda hamısı o hənadan əllərinə yaxardı. Şirnisini açıb yeyərdilər, hamı o çarqatı bir-bir başına salardı. Sonra hamısı əl-ələ verib dövrə vurardılar, oynayıb fırlanardılar, halay çəkib, dostun varlığına, elin elliyinə, düşmənin korluğuna hərə bir Allah-Allah deyərdi.
Qədim kənd yerində elə meyvə olmazdı ki, həm özləri yesin, həm də qonağa versinlər. Ulağ üstündə şəhərdən üzüm, ya armud gətirərdilər.
Onlar bir az üzüm, armud verib, əvəzində bir qəlbir buğda alardılar. Bu meyvələri uşaqlara verərdilər.
Şəhərdə indiki kimi cürbəcür meyvə olmazdı. Qışda nə yaxçal var idi, nə fərizər, nə sərdxana. Bir necə almanı pambığa büküb bankada saxlayırdılar. Ondan birini dilim-dilim edib, hərəyə paylayardılar. Kənddə kişilər, zənənlər gecəli-gündüzlü işləyirdilər.. Yaşı çox olanlar ata, heyvana, toyuğa, tövləyə baxardılar. Qadınlar çöldə öz kişilərinə kömək edib, alaq edərdilər. Cavan qız-gəlinlər evdə fərş-cecim toxuyurdu. Onlar özlərinə lazım olan cecimi götürərdilər. Qalan malları kişilər aparıb şəhərdə satardı. Yerinə hər nə lazım olsaydı alıb qalan pula da mal-davarlarını artırardılar. İmkanı olanlar Məşhədə ziyarətə gedərdilər. Məşhəddən gəlinin pişvazına çıxıb özləri ilə çavuş aparırdılar. Çavuş səslənərdi, famil-dəst, aşna zairin başına yığışardılar. Bir Məşhəddən gələnin evində yatıb, gecə orda qalardılar. Bir qisim adamlar isə gedərdi. Üç gün nahar, şam ehsanı verilərdi. Ondan sonra xeyirxah insanlar yığışardılar bir yerə, deyirdilər ziyarətdən gələnin xurcununu açaq. Onlar xurcunu bir yaşlı xanımın önünə qoyardılar. Xurcundan bir yelpik, üc dənə xurma, beş-altı səbzə, bir az südlü çörəyi bir boşqaba töküb, dost-aşnalara yollayardılar. Onlar da bir-iki dənə yumurta, iki qara pul, iki şahı pul sovqatın yerinə qoyardılar. Bu pay sovqatı gətirənə yetişərdi. Sonra yaxınları hər gün bir zəvvarı nahara çağırardı. Bir zəvvar demişdir ki, ziyarət vaxtı üzümü həzrətin zərihi-mübarəkinə sürtürdüm ki, təbərrük olsun. O vaxtdan bu günəcən üzümü yumamışam ki, camaat məni öpəndə, onlar da təbərrük olsunlar.
Qədim Ərdəbildə bir dəllal Məşədi Gülü var idi. Bir boxça parça götürüb, gündə bir əyanın evinə gedərdi. Hər kəs qız almaq fikrinə düşsəydi ona müraciət edərdi. Əvvəl gedib qıza baxardılar. Qızı görən adam əgər onun gözü çəp olsaydı, deyirdi. Quş yaxşı baxır. Əgər ayaqdan çolaq olsaydı, deyirdi: – Sərçə yerişi var. Əgər ağzı yekə olsaydı, deyirdi: – Ağzını büzəndə badama oxşayır. Əgər alnı çox açıq olsaydı, deyirdi: – Ürəyim açıldı, alnında at min çap. Qəddi gözəl olsaydı, deyirdi:- Boyu bəstədir, saçları yernən sürünür. Əgər gözəl olsaydı, deyirdi: – Gül qönçəsidir, istəyirsən dərib gətirim.
Bir nəfər Gülbadam adlı çörək bişirən zənən var idi. Varlıların evində çörək bişirərdi. Bir oğlu vardı, bir əri. Çörəyi bişirib qurtarandan sonra hər nə çörək payı versəydilər, gətirib üç günlüyünü özünə götürərdi, qalanını bir neçə ev arasında yoxsullara paylayardı.
Dostları ilə paylaş: |