Heyva. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. \”Heyva yeyin ki, o qəlbi qüvvətləndirir və qorxaq adamlara şücaət gətirər”.
2. “Heyva yeyin və onu bir-birinizə hədiyyə verin. O gözlərə işıq verər, qəlbdə məhəbbəti bərkidər. Onu öz zövcələrinizə yedirdin ki, övladlarınız gözəl olsunlar”.
3. “Heyvanı ac qarına yeyin”.
4. “Heyva yeyin ki, o zehni artırar, sinədən (ürəkdən) ağrını aparar və övladın gözəl olmasına səbəb olar”.
5. “Hər kəs üç gün acqarına heyva yesə, zehni saf olar, batini (içərisi) hikmətlə və elmlə dolar, özü də Iblisin və onun qoşunlarının hiyləsindən asudə olar”.
6. “Haçan ürəyinizdə ağrı hiss etsəniz, heyva yeyin”.
7. “Sizə tövsiyə edirəm ki, heyva yeyin, o əqli artırar”.
Imam Rza (ə) cənablarından rəvayət olunur ki, Peyğəmbər (s.ə.v.) üçün heyva gətirdilər. O Cənab (s.ə.v.) onu öz mübarək əlilə vurub sındırdı, yanında oturanlara payladı. Özü də tənəvvül etdi. Buyurdu: “Sizə tövsiyə edirəm ki, heyva yeyin. O qəlbə cəla verir və sinə ağrısını aparır”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs heyva yesə, Allah-təala onun dilində qırx səhər hikmət cari edər”.
Imam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, buyurdu: “Peyğəmbərlərin ətri heyva ətri olar. Cənnət hurilərinin ətri mərsin çiçəyinin ətri olar. Mələklərin ətri isə qızılgül ətri olar. Allah-Təala məbus etdiyi bütün peyğəmbərlərə heyva ətri bəxş edib”.
Imam Muhəmməd Baqir (ə) buyurub: “Heyva həzin qəlblərdən kədəri aparar”.
Alma. Imam Cəfər Sadiqin (ə) Süleyman adlı bir səhabəsi nəql edir ki, bir gün o Cənabın hüzuruna getmişdim, gördüm onun qabağında göy rəngdə almalar var. Dedim, sənə qurban olum, bunlar nə üçündür? Buyurdu: - Məni bərk üşütmə-qızdırma tutmuşdu. Bu almaları mənə hədiyyə gətirdilər, onlardan yedim, hərarətim düşdü.
Imam Musa Kazım (ə) buyurub “Biz Əhli-Beyt soyuq su içməklə və alma yeməklə qızdırmaya müalicə edirik”.
Imam Rza (ə) buyurub: “Alma bir neçə xasiyyətə görə faydalıdır: sehri, zəhəri, əql zəifliyini, bəlğəmi və digər xəstəlikləri aparır. Ondan tez təsir edən başqa bir şey yoxdur”.
Ziyad Qəndi nəql edir ki, qardaşım Seyf ilə Mədinə şəhərinə getmişdik. Şəhər əhlinin burnundan şiddətli qanaxmalar olurdu və iki gündən sonra o adam ölürdü. Biz öz mənzilimizə getdik, orada Seyfin burnundan qan açıldı. Mən Imam Cəfər Sadiqin (ə) hüzuruna gedib, əhvalatı ona danışdım. O Cənab (ə) buyurdu: “Ey Ziyad, get Seyfə alma yedirt”.
Mən gəlib ona alma yedirtdim, qan kəsildi. (Görünür almanın tərkibindəki K vitamini qanın laxtalanmasını sürətləndirdiyindən qan kəsilibmiş – Ə-C.Ə.).
Üzüm. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Sizin təamlarınızın ən yaxşısı çörək, meyvələrinizin ən yaxşısı üzümdür”.
2. “Üzümü gilə-gilə qoparıb yeyin. Onda həm yaxşı nuş olar, həm də ədəbli görünər”.
3. “Mənim ümmətimin rəbii üzüm və qovundur”.
Ərəb dilində “rəbi” – bahar deməkdir. Bundan əlavə, “rəbiül-əvvəl” və “rəbiüs-sani” ərəb aylarının adlarıdır. Qovunların yetişən vaxtına da ərəblər “rəbi” deyirlər. Bu münasibətlə o Cənab (s.ə.v.) belə bir gözəl bədii ifadə işlətmişdir. Məqsəd budur ki, “rəbi”də yetişən üzüm və qovun o ayları bahar ayları kimi gözəlləşdirir.
Rəvayət edirlər ki, Rəsuli Əkrəm (s.ə.v.) üzümü çörək ilə yeyərdi.
Imam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, Nuh peyğəmbər (ə) qəm-qüssədən Allah-Təalaya şikayət elədi. Ona bu vəhy nazil oldu: “Qara üzüm ye. O qəm-qüssəni aparar”.
Yenə Imami-Sadiq (ə) buyurub: “Iki şey var ki, onlar iki əl ilə yeyilər: üzüm, bir də nar”.
Həzrəti-Əli (ə) buyurub: “Üzüm çörək qatığıdır, meyvədir, təamdır, həm də şirnidir”.
Armud. Əmirül-möminin Əli (ə) buyurub: “Armud qəlbə saflıq gətirər, bədən daxilində olan ağrıları Allahın izni ilə sakit edər”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Armud mədəni dəbbağ edir, qüvvətləndirir. Heyva da belədir”.
Innab. Həzrəti-Əli (ə) buyurub: “Innab qızdırmanı aparar”.
Əbül-Həsən adlı bir şəxs söyləyir ki, gözüm ağrıyırdı. Sonra ağardı, belə ki, heç bir şey görmürdüm. Yuxuda Həzrəti-Əli (ə) cənablarını gördüm və ona şikayətləndim. O Cənab (ə) buyurdu: “Innabı əz, sürmə çəkən kimi önu gözlərinə çək”.
Mən o Cənabın (ə) buyurduğu kimi innabı öz tumu ilə birlikdə əzib gözümə çəkdim. Gözüm sağalıb əvvəlki kimi oldu.
Imam Cəfər Sadiq (ə) buyurub: “Innabın başqa meyvələrə nisbətən fəziləti, biz Əhli-Beytin başqa kəslərə nisbətləri fəziləti kimidir”.
Qovun. Peyğəmbəri-Əkrəm (s.ə.v.) buyurub:
1. “Qovunu yeyin, ləzzət alın. Onun suyu rəhmətdir, şirinliyi isə Behişt şirnisidir”.
O Cənab (s.ə.v.) qovunu şəkərlə və ya rütəb (təzə xurma) ilə yeyərdi.
Imam Cəfər Sadiq (ə) buyurub: “Qovunu yeyin. Onda on xasiyyət cəm olub: o, yerin yağıdır və şirəsidir; onda heç bir xəstəlik və dərd olmaz. O təamdır, şərabdır, meyvədir, ətirdir, yuyucu maddədir, çörək qatığıdır, cinsi əlaqə qüvvəsini artırır, sidik yollarını yuyub təmizləyir və bövlü (sidiyi) artırır”.
Başqa bir hədisdə deyilir ki, “qovun sidik kisəsində olan daşları əridir”.
Imam Rzadan (ə) rəvayət edirlər ki, buyurub: “Acqarına qovun yemək iflicliyə və ya qulunc xəstəliyinə səbəb olar”.
Dostları ilə paylaş: |