Balqabaq və kudu. Bunlar eyni cinsdən olduğu üçün bizə yetişən xəbərlər onların hər ikisinə aiddir. Imam Cəfər Sadiq (ə) buyurub: “Kudu əqli artırar”.
Tarixdən və Qurandan verilən xəbərdən məlumdur ki, Yunus peyğəmbər (ə) öz itaətsiz nadan cəmaətinin arasından çıxıb gedərkən gəmiyə mindi, sonra dalğalı dənizdə gəminin batması təhlükəsindən xilas olmaq üçün Yunusu dənizə atdılar. Allah-təalanın əmri ilə onu bir balıq udub, öz qarnında bir müddət gəzdirdikdən sonra, səlamət halda sahilə çıxartdı. Allah-təala dəniz sahilində bir kudu tağı bitirdi ki, Yunusun nazikləşmiş bədəni onun kölgəsində günəşin yandıran şüalarından qorunsun.
Bu əhvalatı nəzərdə tutaraq Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Kudunu yeyin. Əgər ondan daha yüngül bir ağac olsayıdı, Allah-Təala qardaşım Yunus üçün onu bitirərdi. Haçan siz şorba bişirməli olsanız, ona çoxlu kudu tökün, çünki o dimağı və əqli artırır”.
2. “Kim kudunu mərci ilə yesə, qəlbi nazik olar, Allahın zikrindən kövrələr və cinsi əlaqəyə meyli artar”.
3. “Haçan qəm-qüssəniz olsa, balqabaq çox yeyin ki, o hüznlü qəlbləri şad edər”.
Rəsuli-Əkrəm (s.ə.v.) kudunu və balqabağı çox sevirdi, onları böyük kasalarda yeyərdi.
Kəvər. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Kəvərin başqa otlara nisbətən fəziləti, çörəyin başqa şeylərə olan fəziləti kimidir”.
Rəvayət edirlər ki, Həzrəti-Əli (ə) kəvəri iri duzla yeyərdi.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər şeyin bir ağası olur, otların da ağası kəvərdir”.
Imam Muhəmməd Baqir (ə) buyurub:
1. “Biz sarımsaq, soğan və kəvər yeyirik”.
2. “Kəvərdə dörd xasiyyət var: yeli qovar, ağız qoxusunu yaxşılaşdırar, babasili kəsər və onu daim yeyən adamlara cüzamdan əman verər”.
Kərəviz. Rəsuli-Əkrəm (s.ə.v.) cənabları Həzrəti-Əliyə (ə) etdiyi vəsiyyətlərin birində buyurur:
1. “Kərəviz yeginən. O Ilyas peyğəmbərin və Yuşə ibni Nun peyğəmbərin otudur”.
2. “Kərəviz peyğəmbərlər otudur. Deyirlər ki, Xizr və Ilyas peyğəmbərin təamı kərəviz və göbələkdir”.
Turp. Hənnan ibni Südeyr nəql edir ki, Imam Cəfər Sadiq (ə) ilə bir süfrədə oturmuşdum. O Cənab (ə) mənə turp yedirtdi. Buyurdu ki, ya Hənnan, turp yeginən ki, onda üç xasiyyət var: onun yarpağı yeli qovar, məğzi sidiyi asan buraxar, kökü bəlğəmi kəsər.
Soğan. Imam Muhəmməd Baqir (ə) Peyğəmbər (s.ə.v.) cənablarından rəvayət edir ki, buyurub: “Haçan şəhərlərə daxil olsanız, onların soğanından yeyin ki, o yerin vəbasını sizdən qovub çıxarsın”.
Imam Cəfər Sadiqdən (ə) soğan yemək barəsində xəbər aldılar. O Cənab buyurdu ki, “Heç bir eybi yoxdur, hətta müalicə üçün sarımsaq da yeyə bilərsiniz. Amma onu yeyəndən sonra məscidə getməyin”.
O Cənab buyurub ki, soğanda üç xasiyyət var: ağızın iyini yaxşılaşdırır, dişin ətini bərkidir və cinsi əlaqəyə meyli artırır.
Badımcan. Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Badımcan yeyin. Mən o bitkini Behiştdə görmüşəm. O Allaha şəhadət verən əvvəlinci bitkidir”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Xurma dərilən vaxtlarda badımcan çox yeyin. O bütün dərdlər üçün şəfadır: üzün nurunu artırar, damarları yumşaldar, fəqərə sütunu suyunu (sülbü) artırar”.
Dostları ilə paylaş: |