Təptəzə balıq
Nə üçün təptəzə balıq? Olmaz ki soyudulmuş, dondurulmuş, duzlu və başqa üsullarla konservləşdirilmiş balıq olsun? Bunların arasında olan əsl fərqi ancaq Allah bilir. Biz Allahın icazəsi ilə bu suala cavabın cüzi dərəcədə anlaşılmasına səy göstərmək arzusundayıq.
Balıq sudan çıxdıqdan sonra tez bir vaxtda orqanizmə oksigenin az daxil olmasından boğulur (asfiksiya), əsəb sistemi iflic olur və ölür. Oksigenin çatmamasından balığın qanında və bədənində həddən artıq süd turşusu və maddələr mübadiləsində oksidləşməmiş başqa maddələrin yığılması nəticəsində balıq ölür.
Balıq öləndən sonra onun bədənində mühüm fiziki-kimyəvi və biokimyəvi dəyişikliklər gedir. Ilk növbədə, balığın səthində həddən artıq selikli maddə yığılır, sonradan balığın bədəni quruyur, əti yumşalır və nəhayət, balıq çürüyərək xarab olur.
Selikli maddənin əhəmiyyəti böyükdür. Ilk növbədə, selikli maddə balığın bədəninə bakteriya, göbələklər və parazitlərin daxil olmasının qarşısını alır; balığın dərisinin zədələnmiş sahəsində qanın laxtalanmasında iştirak edir; balığın dərisindən suyun, duzların və başqa maddələrin keçməsinin osmotənzimləmə prosesində iştirak edir; balığın bədənindən maddələr mübadiləsi sonunda alınan müxtəlif metobolitlərin xaric olunmasında iştirak edir; selikli maddə balığın suda sürtünmə müqavimətini azaldır və hərəkətini sürətləndirir.
Balıq sudan çıxdıqdan və öləndən sonra bir müddət selik ayrılması davam edir və həmin maddə balığın səthində yığılır. Ayrılmış seliyin miqdarı balığın növündən və saxlama şəraitindən (temperatur, müddət, yığılmış balıqların hündürlüyü və s.) asılı olaraq müxtəlifdir.
Onun miqdarı Azərbaycan sularında ovlanan pulcuqlu balıqlar üçün orta hesabla 2%-dən çoxdur. Pulcuqsuz balıqlarda (naqqa, ilanbalığı) selikli maddə daha çox ayrılır. Selikli maddənin 85-90%-ni su və 10-15%-ni quru maddələr təşkil edir. Quru maddələrin tərkibinin 60-75%-ni kükürd və fosfor tərkibli nukleoproteidlər, 15-25%-ni xolesterin, lipofosfatidlər və 10-15%-ni mineral duzlar təşkil edir.
Göründüyü kimi, selikli maddə mikroblar üçün yaxşı qida mühitidir. Ümumiyyətlə, balığın səthində 40 formadan çox aerob mikrobların olması qeydə alınmışdır.
Əlverişli şəraitdə selikli maddədə intensiv bakterioloji əməliyyat keçir. Nəticədə selikli maddə çürük iyə malik olur. Özü-özlüyündə balığın səthində selikli maddənin yığılması balığın keyfiyyətsizliyinə sübut olmasa da, bu lazımsız əməliyyatdır. Çünki selikli maddədə külli miqdarda toplanmış mikroblar balığın anus dəliyindən və qəlsəmələrindən onun daxilinə keçirlər.
Dostları ilə paylaş: |