Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir, 2013
© Əhməd-Cabir, 2015
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini – müfti vəzifəsində çalışmış (aprel 1969 – fevral 1986) atam Hacı İsmayıl Hacı Qədir oğlunun əziz xatirəsinə ithaf edirəm
SÖZ ÖNÜ
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
(Rəhimli, Mərhəmətli Allahın adı ilə)
Allaha həmd olsun, şükür Ondadır, tərif Onundur, fəzilət sahibi Odur, mərhəmət Onun əlindədir, səna və ehsan da Onun ünvanınadır. Mən şəhadət verirəm ki, Ondan başqa Tanrı yoxdur, Ondan başqa Rəbb yoxdur. Mən iqrar və etiraf edirəm ki, O, Muhəmmədi (Ona Allahın salavatı (xeyir-duası) və salamı olsun- (s.ə.v.) huda yolu (doğru yol) və haqq dini ilə göndərmişdir. O, gələn vəhyləri bizə çatdırmış, millətə möhtac olduqlarını öyrətmişdir. Allahın ən ülvi salavatı, ən kamil salamı ona və onun ailəsinə, onun bütün səhabələrinə (tərəfdar, silahdaş) və ardıcıllarına ünvanlanmışdır.
Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və təkamülü yolunda lazım olan bütün xüsusiyyətlərə malik olmaqla insan fikrini daşımaqda, onu başqalarına çatdırmaqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır.
Şübhəsiz ki, islam təfəkkürü və mədəniyyəti zəngin qaynaqlara və real dünyagörüşünə malik olduğuna görə, insan təfəkkürü və fikrinin ən üstün və mütərəqqi düşüncələrindəndir.
Biz bu həqiqətə vararaq və bu gerçəyi dərindən başa düşdükdə imkan daxilində bu böyuk işdə (islam düşüncəsini insanlara çatdırmaqda) şərik olub, bu yolda səy göstərib çalışmaq istədik. Bu böyük islam işində qadir Allahdan izin, kömək və müvəffəqiyyət diləyirik. Həqiqətən, O, duaları qəbul edəndir.
İnsanlar uzun illərdən bəri öz təlabatlarını ödəmək üçün müxtəlif qida məhsulları ilə, o cümlədən ovlanmış heyvan əti, yabanı dənli bitkilər və meyvə-tərəvəzlərlə qidalanmışlar. İnsan orqanizmi qidalanmadan uzun müddət yaşaya bilmədiyi üçün hələ qədimdən bizim əcdadlarımızın əsas məqsədi müxtəlif qida məhsullarını əldə etmək, onları yeniləşdirmək, təkmilləşdirmək və insan qidası üçün zərərsiz olmasını müəyyənləşdirmək qayğısı olmuşdur. Lakin tarixdə insanların sağlam və səmərəli qidalanmasına mane olan bir çox təbii fəlakətlər, quraqlıq, subasma və digər hadisələr insanların düzgün qidalanmasına da, şübhəsiz təsir etmişdir. Dünyanın ayrı-ayrı bölgələrində insanlar təbiətin onlara bəxş etdiyi məhsullarla qidalanmışlar. Lakin həmin məhsulların heç də hamısı insan sağlamlığı üçün yararlı olmamışdır. Xüsusən isti iqlim şəraitində tez xarab olan məhsullar insan səhhətinə mənfi təsir göstərmişdir.
İnsan səhhətinin ən mühüm amilini təmiz və keyfiyyətli, yüksək qidalılığa malik və sağlamlığa uyğun qida məhsulları təşkil edir. Allah Təbarəkə Təala insanlara, xalqlara yeməklərin halal və haram olması barədə Səmavi kitablarda müəyyən ayələr buyurmuşdur. Allah tərəfindən Cəbrayıl (ə) vasitəsilə islam Peyğəmbərinə (s.ə.v.) nazil olan “Qurani-Kərim”də buyrulmuş ayələrin və kəlamların çoxu müasir elmi biliklərlə sübuta yetirilmişdir.
“Qurani-Kərim” insanların həyatı, əxlaqı, yaşayış tərzi, ədəbi, mərifəti, bir-birinə münasibəti və cəmiyyətdəki mövqeyi, həmçinin bu cəmiyyətdə hər fərdin vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın həyatında mümkün olan hər cür şeyə dair münasib ayələr vardır. Belə də olmalıdır, çünki “Qurani-Kərim” insanın həyat təlimatıdır, həm də elə bir insanın ki, onun əxlaqı və yaşayış tərzi, rəftarı və amalı onun xilqətinə və yaranma məqsədinə uyğun olsun, onu heyvanatdan fərqləndirsin.
İnsana aid olan heç bir söz, heç bir məsələ qalmayıb ki, “Qurani-Kərim” o barədə bizə məlumat verməsin.
Qida məhsulları haqqında “Qurani-Kərim”in bir çox surələrində 100-dən çox ayədə müxtəlif kəlamlar buyrulmuşdur. Qidalanma haqqında islami şərtlər və buyuruqlar isə Peyğəmbərimizin (s.ə.v.) və İmamların hədislərində, islam dininin elmi mahiyyətini insanlara olduğu kimi çatdırmaq istəyən din xadimlərinin və tarixi şəxsiyyətlərin yazılarında və nəsihətlərində öz əksini tapmışdır.
Uzun illər ərzaq məhsullarının istehsal texnologiyası, əmtəəşünaslığı və ekspertizası ilə məşğul olmaqla bərabər, bu sahədə 300-dən çox elmi əsərin, o cümlədən 60 kitabın müəllifi olduğum üçün, eyni zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan böyük marağım və ehtiramım məni islamda qidalanma məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi.
Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları və qidalanmanın islami şərtləri” mövzusunda institutdaxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu üzrə etdiyim məruzə dinləyicilərin çox böyuk marağına səbəb olmuşdu. Həmin dövrdən 14 ildən çox keçməsinə baxmayaraq mən dayanmadan bu günə qədər həmin mövzuya aid müxtəlif səpgili materiallar toplamağa başladım. Hər dəfə bu mövzuya qayıdanda dərindən düşünür və belə bir mövzuda monoqrafiya yazmağın məsuliyyətini hiss edirdim. Artıq toplanmış materialları sistemləşdirib bir kitab halında yazmaq qərarına gəldim.
Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü mətbuatda mövzuya aid dərc olunan məqalələrdən və əsasən də “Qurani-Kərim”in 100-dən çox ayələrindən istifadə olunmuşdur. “Qurani-Kərim”in ayələrindən verilən istinadlar Z.M.Bünyadov və V.M.Məmmədəliyevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-in dördüncü nəşrindən (“Məhdiyyə” nəşriyyatı, 1420/2000) götürülmüşdür.
Hər bir insanın həyatdakı uğuru da, uğursuzluğu da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan həmişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazanmışamsa, uğurlarıma və xoş günlərimə görə, hətta çətinliklərlə üzləşdikdə belə həmişə Allaha şükür etmişəm. İndi də şükür edirəm ki, uzun illərdir arzusunda olduğum və nəşrini görmək istədiyim “Qurani- Kərim”də qida məhsulları və islamda qidalanma kitabımı oxuculara təqdim edə bildim.
Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklərim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəşrə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur.
Kitabdakı araşdırmalarla əlaqədar verilən məlumatlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.
Dostları ilə paylaş: |