7.8. Titrəyiş və ondan mühafizə
Titrəyiş elastiki cisimlərin mexaniki yırğalanmasından və mexaniki sistemlərin yırğalanma hərəkətindən yaranır. Titrəyiş tezliyi (Hs), yerdəyişmə amplitudu (mm) və yırğalanma sürəti (mm/san) ilə xarakterizə edilir.
İstehsalatda titrəyiş, aparat və birləşmə xətlərinin mexaniki möhkəmliyinin azalmasına və hermetikliyinin pozulmasına səbəb ola bilər ki, bu da müxtəlif qəzalarla nəticələnə bilər. Böyük amplitudlu titrəyişlər insan bədənində müəyyən reaksiya yaradaraq, onun müxtəlif orqanlarında funksional dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Titrəyiş təsirindən işçilərdə uyğun peşə xəstəlikləri yaranır. Bu xəstəliklərin üç dövrü mövcuddur.
Birinci dövrdə əllərdə ağrılar yaranır, barmaqların ucları keyləşir. Ağrıların və keyliyin artması, əllərin temperaturunun azalması, əsəb sisteminin funksional pozğunluğunun yaranması ikinci dövrə aid edilir. Üçüncü dövrdə damarların tutulması nəticəsində barmaqların ağrıması, “ölübarmaqlar” yaranması, ürək-damar sisteminin fəaliyyətinin pozulması baş verir. Bu hala, adətən, 10 ildən çox iş stajı olan şəxslərdə rast gəlinir. Bu çox çətin müalicə olan haldır. Titrəyişdən yaranan rəqsi enerji, rəqsi sürətin kvadratı ilə mütənasibdir.
İnsan orqanizminin hiss edə biləcəyi rəqsi sürətlər diapazonu çox genişdir. Hissetmə sərhədində sürət 10-4 m/san, ağrı sərhədində isə 1,0 m/san uyğundur. Rəqsi sürətin loqarifmik səviyyəsi aşağıdakı düsturla müəyyən edilir:
, dB (7.14)
burada v – mənbəyin orta kvadrat rəqsi sürəti, m/san;
vo– müqayisə üçün əsas götürülmüş rəqsi sürət
(vo = 5×10-8 m/san).
Təsir xarakterinə görə titrəyiş ümumi və yerli olur.
Ötürülmə üsuluna görə iş yerlərinin ümumi titrəyişinə – dayaq səthindən və ya ayaq üstə dayanan insanın bədəninə ötürülən titrəyiş aid edilir. Yaranma mənbəyinə görə ümumi titrəyişi aşağıdakı kateqoriyalara bölürlər:
1-ci kateqoriya – nəqliyyat titrəyişi–buraya sahələrdə, aqrofon və yollarda (həmçinin onların tikintisində) özüyeriyən və qoşulan maşınların, nəqliyyat işi yerlərində insana təsir edən titrəyişi aid edilir.
2-ci kateqoriya – nəqliyyat-texnoloji titrəyişi – buraya hərəkəti məhdudlaşdırılmış və yalnız istehsalat otaqlarının, sənaye meydançalarının və dağ-mədən sahələrinin xüsusi səthləri (yerləri) ilə hərəkət edən maşınların iş yerlərində insana təsir etdiyi titrəyiş aid edilir. Nəqliyyat - texnoloji titrəyiş mənbələrinə – ekskvatorlar (o cümlədən rotorlu), sənaye və tikinti kranları, dağ-mədən kombaynları, şaxta yükləmə maşınları,özüyeriyən qazma karetləri, yol maşınları, betondöşəyənlər, döşəməüstü istehsalat nəqliyyat vasitələri daxildir.
3-cü kateqoriya – texnoloji titrəyişə–bu titrəyişə stasionar maşınların iş yerlərində insana təsir edən və ya titrəmə mənbəyi olmayan iş yerlərinə ötürülən titrəyişlər aid edilir. Mənbələrinə görə texnoloji titrəyişə metal və ağac emalı dəzgahları, dəmirçi presləmə avadanlıqları, tökmə maşınları, elektrik maşınları, stasionar elektrik qurğuları, aqreqatları və ventilyatorlar, quyunun qazılması üçün avadanlıqlar, qazma dəzgahları, heyvandarlıqda istifadə olunan maşınlar, tikinti materialları sənayesinin avadanlıqları (beton döşəyənlərdən başqa), kimya və neft kimya sənayesi qurğuları və b. daxil edilir.
3-cü kateqoriyalı ümumi titrəyişi, təsir etmə yerinə görə aşağıdakı növlərə bölürlər:
a) müəssisənin istehsalat otaqlarının daimi iş yerlərində;
b) anbarlarda, yeməkxanalarda, məişət, növbətçi otaqlarında və titrəyiş yaradan maşınlar olmayan başqa istehsalat otaqlarındakı iş yerlərində;
v) zavodun idarə binasında, konstruktor bürosunda, laboratoriyalarda, təhsil məntəqələrində, hesablama mərkəzlərində, səhiyyə məntəqələrində, kontor otaqlarında, zehni əməklə məşğul olan işçilər üçün iş otaqlarında və başqa iş yerlərində.
Təsir etmə istiqamətinə görə ümumi titrəyiş, düzbucaqlı koordinat sisteminin XÜ, YÜ, ZÜ oxları boyunca təsir edən titrəyişlərə bölünür.
Burada ZÜ (vertikal ox) bədənin oturacaqla, işçi meydança və s. ilə kontakt yerlərində dayaq səthinə perpendikulyar olan şaquli ox, XÜ və YÜ (horizontal oxlar) dayaq səthinə paralel üfüqi oxlardır.
Spektrin xarakterinə görə iş yerlərinin titrəyişlərini aşağıdakılara bölürlər:
- ensiz zolaqlı titrəyişlər – nəzarət olunan tezlik zolağındakı qiyməti, qonşu 1/3 tezlik zolağındakı qiymətini 15 dB-dən çox aşır;
- enli zolaqlı titrəyişlər – hansı ki, göstərilən tələblərə cavab vermirlər.
Tezlik göstəricilərinin tərkibinə görə iş yerlərinin titrəyişləri aşağıdakılara bölünür:
- aşağı tezlikli – 1 və 4 Hs zolaqlarında maksimal səviyyələrin üstünlüyü ilə;
- orta tezlikli - 8 və 16 Hs;
- yüksək tezlikli - 31,5 və 63 Hs.
Zaman xarakteristikasına görə iş yerlərinin titrəyişləri aşağıdakılara bölünür:
- daimi – bu halda 1 dəqiqədən az olmayan müşahidə zamanı titrəmə sürətinin qiyməti 2 dəfədən (6 dB-dən) çox olmayaraq dəyişir;
- daimi olmayan – bu halda 1 dəqiqədən az olmayan müşahidə zamanı titrəmə sürətinin qiyməti 2 dəfədən (6 dB-dən) az olmayaraq dəyişir.
Daimi olmayan titrəyişlər aşağıdakılara bölünür:
- zaman keçdikcə rəqs edən - bu halda titrəmə sürətinin səviyyəsi zaman keçdikcə fasiləsiz dəyişir;
- kəsik-kəsik (qeyri-müntəzəm) – bu halda operatorun iş prosesində titrəyiş ilə kontakt vaxtaşırı kəsilir, həm də kontakt olan müddətdə interval uzunluğu 1 saniyədən çox təşkil edir;
- impulslu – bir və ya bir neçə titrəmə təsirlərindən (məsələn, zərbələrdən) ibarət olan, həm də hər bir təsirin davametmə müddəti 1 saniyədən az olan titrəyişlər.
Titrəyişə qarşı mübarizə texnoloji proseslərin, maşın və konstruksiyaların, istehsalat binalarının və baş planın layihəsi ərəfəsində nəzərdə tutulmalıdır.
Texnoloji proseslərin işlənməsi zamanı seçilən maşın və mexanizmlər minimal dinamiki yükə malik olmalıdırlar. Titrəyişin azaldılması üçün mexanizmlər düzgün istismar edilməli, vaxtlı-vaxtında profilaktik təmir edilməli və keyfiyyətli quraşdırılmalıdır. Əldə edilən təcrübi göstəricilərə əsasən, titrəyiş səviyyəsini aşağı salmaq üçün istehsalatda təşkilati, texniki tədbirlər işlənib hazırlanmalıdır.
Titrəyişə qarşı yönəldilmiş əsas təşkilatı tədbirlər aşağıdakılardan ibarətdir:
- texnoloji prosesdən titrəyiş yaradan avadanlıqların kənar edilməsi;
- titrəyişli avadanlıqların uzaqdan idarə edilməsi;
- fərdi qoruyucu vasitələrdən istifadə edilməsi.
Əsas texniki tədbirlərə aşağıdakılar aid edilir:
-dinamiki yükü nəzərə almaqla aktiv titrəyişli avadanlıqların özül və əsaslarının düzgün layihə edilməsi;
-aktiv titrəyişli avadanlıqların özüllərinin daşıyıcı konstruksiyadan və kommunikasiya xətlərindən izolə edilməsi;
-aktiv titrəyişli avadanlıqların, operator və maşinistin iş yerlərinin izolə edilməsi;
-titrəyişi söndürən və udan vasitə və materialların tətbiq edilməsi.
İstehsalatda “aktiv mühafizə” terminindən geniş istifadə edilir. Bu, izolə edilən obyektdən izolə edən sistemə ötürülən titrəyişlərin qarşılıqlı təsirindən yaranan söndürücü rəqsi hərəkətdir.
Titrəyiş söndürücüləri, sistemə qoşulmuş əlavə reaktiv müqavimətlərin təsiri ilə mühafizə olunan obyektdə titrəyişin səviyyəsini azaldırlar. Əksər hallarda, bu məqsədə aqreqatların titrəyiş söndürücülü özüllər üzərində yerləşdirilməsi vasitəsilə nail olunur. Özül elə seçilməlidir ki, onun daban hissəsində yırğalanma amplitudu 0,1-0,2 mm-dən çox olmasın. Xüsusi hallar üçün bu rəqəm 0,005 mm olmalıdır.
Polad vərəqələrdən hazırlanmış örtük, çəpərləyici və s. hissələrdə rezonans nəticəsində yaranan titrəyişi azaltmaq üçün titrəyişudanlardan istifadə edilir. Titrəyişin udulması üçün, yırğalanma səthində yüksək daxili sürtünməyə malik olan materiallar yerləşdirilir(rezin, plastmas, mastika və s.).
Titrəyişin əsas parametrlərini müəyyən etmək üçün istifadə edilən ölçü cihazları Dövlət Standartına uyğun olmalıdır. Titrəyiş ölçən cihazlar elektrik ölçmə prinsipinə əsaslanırlar. Adətən, mənbədə yaranan mexaniki yırğalanma elektrik, maqnitoelektrik və ya pyezoelektrik enerjisinə çevrilərək ölçü cihazlarına verilir.
Dostları ilə paylaş: |