§2. Türkmənşəli sözlər
Nəzmlə qələmə alınmış əsərlərin leksikası vəzn və qafiyənin doğurduğu məhdudiyyətlər üzündən nəsr əsərlərinə nisbətən çox da zəngin hesab olunmur (76, 240; 56, 41). Lakin bu məsələdə, sözsüz ki, poetik əsərlərin hamısına eyni gözlə baxmaq doğru olmazdı. Belə ki, türk dillərində klassik üslubda qələmə alınmış lirik şeirlərlə danışıq dilinə yaxın bir üslubda yazılmış məsnəvilər arasında bu baxımdan mövcud olan fərq nəzərə çarpacaq dərəcədədir. Bu da təbiidir, çünki lirik şeirlərdə bədiiliyə, sənətkarlıq məsələlərinə daha çox üstünlük verildiyi halda, türkdilli məsnəvilərin çoxunda başlıca diqqət əxlaqi-tərbiyəvi məsələlərə, didaktikaya yönəlmişdir. Bu amil, eləcə də lirik şeirlərdə mövzu əhatəsinin darlığı və əksinə, məsnəvilərdə genişliyi, aydındır ki, həmin əsərlərin dilinə də öz güclü təsirini göstərməyə bilməzdi. Bu mənada, sözsüz ki, lirik əsərlərlə müqayisədə məsnəvilərdə xalq danışıq dilinə yaxınlıq və ondan bəhrələnmə, qidalanma meyilləri daha güclüdür. Təsadüfi deyil ki, "Dastani-Əhməd Hərami", Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqihin və Mustafa Zəririn "Yusif və Züleyxa", Əhmədinin "Əsrarnamə" məsnəvilərinin tədqiqatçıları həmin əsərlərin bu səciyyəvi xüsusiyyətini ayrıca olaraq qeyd edirlər (16,3-13;29,5-37;33,15-31;38,19-36;41,14-43). Həzininin "Hədisi-ərbəin" tərcüməsini də bu baxımdan həmin məsnəvilərlə bir sıraya qoşmaq olar. Qeyd etməliyik ki, Həzini tərcüməsinin nümunəsində bu məsələdə, sözsüz ki, əsərin amacı, qayəsi, ideyası, hansı məqsədlə qələmə alınması da mühüm rol oynamışdır. Belə olan halda, aydındır ki, həmin əsər mümkün qədər sadə şəkildə - nəzərdə tutulduğu geniş xalq kütlələrinin başa düşüləcəyi bir dildə yazılmalı idi. Bu isə öz-özlüyündə tərcümənin leksikasının zənginliyi, lüğət tərkibinin rəngarəngliyi deməkdir.
Yuxarıda adlarını çəkdiyimiz məsnəvilər kimi, Həzini tərcüməsinin də lüğət tərkibinin əsasını türkmənşəli sözlər təşkil edir. Bu sözlərin çoxu müasir ədəbi dilimizdə, demək olar ki, heç bir dəyişikliyə uğramadan işlənir. Lakin onların içərisində elələri də vardır ki, zaman keçdikcə unudulmuş və yavaş-yavaş ədəbi dildə öz işləkliyini itirmişdir. Bu sözlərdən bəziləri isə zaman keçdikcə istər şəkilcə, istərsə də mənaca müəyyən dəyişiklərə uğradıqları üçün onların müasir ədəbi dilimizdəki şəkillərindən müəyyən qədər fərqlənirlər. Bu qəbildən olan sözlər dilçilik ədəbiyyatında "arxaizmlər" adı altında öyrənilsə də (38,25-36;39,15-18,), unutmaq olmaz ki, "müasir dil üçün arxaik sayılan bir söz əvvəlki dövrlər üçün aktiv lüğət vahidi hesab edilir" (38, 24). Bundan əlavə, dilin inkişafının müəyyən dövründə unudulan ayrı-ayrı sözlər sonralar yenidən dilə qayıdaraq vətəndaşlıq hüququ qazanır. Hazırda mətbuatda, radio və televiziyada işlənən "altun", "tapınmaq", "suçlamaq", "ismarlamaq" və s. kimi sözlər buna misal ola bilər.
Tərcümədə işlənmiş və hazırda ədəbi dilimiz üçün arxaik sayılan türkmənşəli sözlərin çoxuna orta yüzilliklərə aid digər Azərbaycan yazılı abidələrində də rast gəlirik. Lakin bu qəbildən olan leksik vahidlər içərisində elələri də vardır ki, onlara yazılı abidələrimizdə ya ümumiyyətlə təsadüf olunmur, ya da nadir hallarda rast gəlinir. İlk öncə, bu sözləri nəzərdən keçirək:
Dostları ilə paylaş: |