HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə118/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   114   115   116   117   118   119   120   121   ...   170
Dipdiniz - dinməz - söyləməz, səssiz - səmirsiz:
Dedi; Siz mən dedigim bilməzsiniz,

Söyləmin pəs, şimdi durun dipdiniz.
Tərcümədə yalnız bircə yerdə - bu beytdə işlənmiş "dipdiniz" nadir sözlərdəndir, buna görə də onun üzərində bir qədər ətraflı dayanmaq məqsədəuyğundur. "Dipdiniz" mürəkkəb sözdür və dip+din+iz tərkib hissələrindən ibarətdir. Sözün birinci hissəsi "dip" qədim türk abidələrində daha çox "tüp" şəklində işlənmiş və əsasən, bir şeyin dibi, kökü, özülü, bünövrəsi mənalarını bildirmişdir. Məsələn, qaya tüpi - "qayanın dibi", tam tüpi "damın (evin) dibi", jıyas tüpi - "ağacın dibi" (70, 598). Həmin abidələrdə "tüp" həm də "əsil – kök", "nəsil" anlamlarında da işlənmişdir (70, 598). Bundan əlavə orta əsrlər türkdilli yazılı abidələrində "dip" sözünün ayrı - ayrı isimlərlə birgə də onun daşıdığı əsas məna çalarını bildirməsi qeydə alınmışdır. Məsələn, "dip alay" (mərkəz alayı, iç - 108, II, 1165). Qədim türk lüğətində "tüp" və "tip" sözlərinin qüvvətləndirici ədat rolunda çıxış etməsinə dair misal da vardır: tip tüz – "düpdüz", - "çox düz" mənasında (70,598), tip tirig – "dipdiri" – "lap diri" mənasında (66, 561). XVI yüzil şairi Mahmud Çələbinin "Səlimnamə" əsərində də "dip" ədatı "diri" isminə qoşularaq "dipdirilicə" şəklində işlənmişdir: "Dipdirilicə tutub qeyd qılıb"... (101, II, 1165). Bəri başdan deyək ki, "dipdiniz", eləcə də müasir dilimizdəki "düpdüz" sözlərindəki "dip" tərkibi də eyni məna çalarını daşıyır. "Dip" ismi" dib", "kök" mənalarında orta yüzillərin yazılı abidələrində də işlənmişdir (108, II, 1325). "Kitabi - Dədə Qorqud" da isə bu söz iki cümlədə "düp", "tüp" şəklində "qoşunun mərkəzi" anlamında işlənmişdir: "İç oğuz bəgləri ilə Qazan düpə dəpdi ". "Qazan kəndi düpə təpdi". Qeyd edək ki, bu söz kitabın 1962 - ci Bakı nəşrində bir yerdə “tüp”, başqa bir yerdə isə "düp" şəklində (32, 40, 83), 1988 - ci il nəsrində isə hər iki halda "dop" (33, 50, 77) kimi verilmişdir. Abidənin M. Erginin hazırladığı Türkiyə nəşrində bu söz yalnız düp şəklindədir (87,I, 78). Dastanın mətninin müasir şəklində isə "dop" sözü "mərkəzdə düşmənlərin topası" kimi verilmişdir (35, 148). Fikrimizcə, bu sözün müasir dilimizdəki qarşılığı kimi "ordu mərkəzi" və ya "qoşun mərkəzi" istilahı daha məqsədəuyğundur. Mətndən də göründüyü kimi, abidənin bu hissəsində döyüş səhnəsi təsvir olunur və oğuzların düşmən qoşunun sağına, soluna hücumu, Qazanın isə "düpə", yəni mərkəzə "təpməsi" göstərilir. Deməli, "düp" sözünün "qoşunun mərkəzi" anlamını bildirməsi sözsüzdür. XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə"də bu söz "tip" şəklində məhz "ordu mərkəzi" mənasında işlənmişdir. "Züheyr Ömər Nəhsün tipi qarşusında durub, bir nərə urub dedi (121, 235a); Şahzadə özünü xəsmün ləşkərinə urub, sağ qolu və sol qolu zirü zibər eyləyüb, qola və tipə yüz qoydı" (121, 281b). Akad.H.Araslı "tüp" sözünün "ordu mərkəzi” mənasını göstərmiş və onun "Koroğlu" dastanında da işləndiyini qeyd etmişdir (34,172).

Tərkibin ikinci hissəsinin - "din" isminin "Qədim türk sözlüyü"ndə isə "dın" şəklində "səs" mənası qeydə alınmışdır (70, 568; 108, II, 1130). Qeyd edək ki, "Tarama sözlüyü"ndəki bu sözün həmin mənada işlənməsinə dair verilmiş yeganə nümunədə o, "sağır nun"suz yazılmışdır: دین (108, II, 1130). Sözlükdə eyni mənşəli “dın durmaq" (sükut etmək, səs çıxarmamq) felinin və "dınsüz" (səssiz, sakit) düzəltmə isminin isə "sağır nun"la yazıldığı göstərilir (108, II, 1130, 1134-1135). Sözlükdə verilmiş "dınsüzcək" (səssizcə), "dınsüzin" (səssizcə), "dinsüzlük" (sükut) sözləri də "sağır nun"ladır (108, II, 1135-1136).

"Din" sözü "Kitabi-Dədə Qorqud"da da aşağıdakı cümlədə işlənmişdir: "Quv quvaladı” din dinlədi" (33,33). M.Ergin "din" sözünün "yavaş sesle konuşulan, gizli konuşulan şey, qiybət" mənasını göstərir (87, II,91). Deməli, "din" ismi burada da “səs” anlayışının məna çalarını bildirir. "Din"in "səs" mənasını və mətndəki söhbətin nədən getdiyini nəzərə alsaq, “din dinlədi” ifadəsini belə başa düşmək olar: “Dedi-qodu dinlədi”. Dastanın mətninin müasir şəklində bu ifadə belə verilmişdir: "qapılara qulaq qoydu" (35, 131). Qeyd edək ki, "din" ismindən yaranmış "dinmək"/ "tınmaq" feli isə türk dillərində qədimdən bəri bir-birinin tam əksi olan iki mənada işlənmişdir: 1. susmaq. 2. danışmaq. Hələ XI əsrdə Mahmud Qaşğari "dinmək" felinin bu iki mənası barədə belə yazmışdır: "Oğuzlar bir adamın danışmamasını istədikləri zaman "tınma" deyirlər. Bu, "sus" deməkdir". O biri türklər "tın" deyirlər "sus" mənasında. Bunlar "tınma" dedikləri zaman "susma" mənası başa düşülür. Oğuzlar burada yanılmışlar" (97, II, 28). Göründüyü kimi, Qaşğari dövründə bu söz eyni şəkildə deyilmiş, lakin iki əks mənada işlənmışdır. Orta Asiya təfsirində də bu fel "tinmək" şəklində iki mənada - "cavab vermək", "demək" və "dinmək, sakitləşmək" anlamlarında anlamlarında işlənmişdir (68, 289). XIV əsr şairi Cəmali də aşağıdakı misralarında buna işarə etmişdir:
Vəli bu iki nəsnəyi ulular,

Qəvi əqlə müxalif dedi bular.

Biri “dınmaq” yerində xamuş olmak,

Biri “dinmək” yerində sözə gəlmək. (108, II, 1163).
Şair bu misralarla "dınmaq" sözünün "sakit olmaq" mənasını, sözünün isə onun əksi olan "danışmaq" anlamını nəzərə çarpdırır. Qeyd edək ki, "susmaq" mənasını bildirən "dınmaq" ("dinmək" feli sağır nun"suz, onun əksi olan "dinmək" feli isə "sağır nun"la yazılmış və bu yolla seçdirilmişdir. “Tarama sözlüyü”ndəki nümunələrdən göründüyü kimi, orta əsr katibləri bu yolla həmin eyniliyi aradan qaldırmağa çalışmılar (108, II, 1131-1132, 1163). Maraqlıdır ki, dilimizin qazax şivəsində “sakitləşmək” mənasında işlənən “dinmək” felində indi də sonorluq qorunub saxlanmışdır (57, 26).

Tərkibin üçüncü hissəsi-“iz” isə, fikrimizcə, isimdən sifət düzəldən və əlamətin, keyfiyyətin yoxluğunu bildirən “-siz” şəkilçisinin dəyişikliyə uğramış, qısaldılmış formasıdır. Fikrimizə sübut olaraq qeyd edək ki, “dipdiniz” tərkibi XV yüzil abidəsi “Töhfətül-lətayif”də məhz bu şəkildə, yəni “dipdinsüz” kimi işlənmişdir: “Dəniz dipdinsüz oldu ol ünün heybətindən“Rəsul həzrəti bu sözü eşidcək dipdinsüz oldu” (108; II, 1165). Qeyd edək ki, hər iki cümlə “Tarama sözlüyü”ndə qeyd olunmuş və elə oradaca “dip dəniz” tərkibinin “böyük dəniz” mənasında işləndiyi də göstərilmişdir:


Oldu çalğanlıqla yaşım bir dəniz,

Yarı görsə Nəzmi olur dip dəniz. (108, II, 1165)
Bu beytin ikinci misrasındakı “dip dəniz” ifadəsinin “dipdiniz” olmasında bizdə heç bir şübhə yoxdur. Birincisi, elə beytin məzmunundan da göründüyü kimi, ikinci misradakı bu ifadə “dinməz”, “sakit” mənalarını bildirir, yəni buradakı “dip dəniz”, “dipdiniz” olmalıdır. Şair beytdəki misraları təzad üzərində qurmuşdur. Birinci misrada o deyir: “Göz yaşım (həsrətdən) axıb bir dəniz oldu”. İkinci misranın mənası isə belədir: “Yarı görsə, Nəzmi ağlamaz, səssiz səmirsiz olar”. İkincisi isə, XVI yüzilliyin tanınmış şairlərindən olan Ədirnəli Mahmud bəy Nəzmi eyni mənalı “dəniz” sözünü qafiyə kimi işlədə bilməzdi. Qeyd edək ki, “dipdiniz” mürəkkəb zərfinin XV əsr nəsr nümunəsi “Töhfətül-lətayif” də “dipdinsüz” şəklində işlənməsi göstərir ki, bu şəkil dəyişikliyi (dipdinsiz-dipdiniz) orta əsrlər şerinin vəzn, qafiyə və s. ilə bağlı tələblərinin üzündəndir.

Beləliklə, göründüyü kimi, “dipdiniz” mürəkkəb zərfdir, onun ilkin şəkli “dipdinsiz”dir və orta yüzillərdə çox nadir hallarda işlənmiş bu söz “dinməz-söyləməz”, “səssiz-səmirsiz” mənalarını daşımışdır.



Dipdiniz” sözü XV əsr Azərbaycan tərcümə abidəsi “Əsrarnamə” də də bir beytdə işlənmişdir:
Sərbəsər razı olayım ikimiz,

Mən deməyim sən dəxi ol dipdiniz (117, 12a)


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin