§ 6. TƏRCÜMƏNİN FRAZEOLOGİYASI
Orta əsrlər Azərbaycan yazılı abidələrinin frazeologiyasının öyrənilməsi dil tarixinin hərtərəfli araşdırılması işinə xidmət edir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Frazeologiyanın tarixi aspektdə öyrənilməsini yüksək dəyərləndirən prof. T.Hacıyev yazır: "Frazeologiya insan şüurunun hazırladığı ilk bədii məhsuldur... Təbii ki, dilin inkişaf səviyyəsi abstraksiya qabiliyyəti ilə ölçülürsə, deməli, frazeoloji zənginlik bu inkişafın mühüm göstəricilərindəndir" (27, 4).
Ayrı-ayrı yazılı abidələrimizdə işlənilmiş frazeoloji vahidlərin öyrənilməsi sahəsində müəyyən işlər görülsə də (9, 27-34; 18, 34-35; 92, 84-90 ; 31, 325-333 ), bütövlükdə götürdükdə, dilimizin tarixi frazeologiyası ədəbi dil tarixinin başqa sahələrinə nisbətən az öyrənilmişdir. Bunun üçün, ilk növbədə, orta əsrlər yazılı abidələrindəki frazeoloji vahidləri ayrı-ayrılıqda öyrənmək, onların ədəbi dildə işlənmə tarixini izləmək, ümumiləşdirmələr aparmaq və ən başlıcası, dilimizin tarixi frazeoloji lüğətini hazırlamaq gərəkdir. Bu baxımdan Həzininin "Hədisi-ərbəin" tərcüməsini zəngin və dəyərli qaynaqlardan biri hesab etmək olar. Belə ki, abidədə təmsil olunmuş frazeoloji vahidlərin sayı ayrı-ayrı yazılı abidələrlə müqayisədə qat-qat çoxdur. Məsələn, Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində cəmi 20 sabit söz birləşməsi qeydə alındığı halda (18, 34-35), bizim abidədə bu rəqəm 150-yə yaxındır. Halbuki, bu əsərdə də Həzininin tərcüməsində olduğu kimi, ümumxalq danışıq dilinin xüsusiyyətləri qabarıq şəkildə özünü göstərir (18, 52). Başqa sözlə desək, xalq dilindən gələn sabit söz birləşmələri üçün geniş imkanlar var. Xatırladaq ki, Yusif Məddahın məsnəvisi həcmcə "Hədisi-ərbəin" tərcüməsinin Bakı nüsxəsindən xeyli kiçikdir - əsər 1700 beytdən ibarətdir (18, 3).
Aydındır ki, nəsr əsərlərində frazeoloji vahidlərin işlənmə imkanı nəzmlə qələmə alınmış əsərlərə nisbətən daha çoxdur. Məsələn, "Kitabi-Dədə Qorqud"eposunun Drezden nüsxəsində frazeoloji vahidlərin sayı 300-dən çoxdur (9, 28). Lakin unutmaq olmaz ki, "Kitabi-Dədə Qorqud" yazılı dastan abidəsidir və təbii ki, folklor nüsxəsində frazeoloji vahidlərin çəkisi başqa əsərlərlə nisbətdə nəzərə çarpacaq dərəcədə çox olmalıdır. Bundan əlavə, Həzini tərcüməsinin həcmi "Kitabi-Dədə Qorqud" dastanları ilə müqayisədə nəzərə çarpacaq dərəcədə kiçikdir. Bunu da nəzərə aldıqda hər iki əsərdəki frazeoloji vahidlərin sayı arasındakı fərqi çox da böyük hesab etməməliyik. Müqayisə üçün bunu da qeyd edək ki, həcmcə "Hədisi-ərbəin" tərcüməsi ilə təxminən üst-üstə düşən "İxtiyarati-qəvaidi-külliyyə"də (90 vərəqdir) frazeoloji vahidlərin sayı 50-yə yaxındır (69, 88). Düzdür, burada həmin əsərin elmi mövzuda yazılması amili də nəzərə alınmalıdır. "Mə'lum olduğu kimi, elmi əsərlərdə sözlər nominativ anlamlarda işlədilir" (69, 87-88). Lakin unutmaq olmaz ki, əsər canlı danışıq dilində yazılmışdır (69, 88), bu isə öz-özlüyündə sadə xalq dilindən gələn ifadələrin elmi mətndə də özünə geniş yer tutması deməkdir.
Həzininin tərcüməsində qeydə aldığımız frazeoloji vahidlərin böyük bir qismi heç bir dəyişiksiz müasir ədəbi dilimizdə də işlənir, müəyyən bir hissəsi leksik dəyişikliyə uğramış, bəziləri isə ədəbi dilimizdə vətəndaşlıq hüququ qazana bilməmişdir. Sonuncular içərisində fars dilindən "kalka" yolu ilə düzəlmiş sabit söz birləşmələri üstünlük təşkil edir.
Tərcümənin sabit söz birləşmələri əsasən feli frazeoloji ifadələrdən ibarətdir. Qeyd edək ki, başqa yazılı abidələrdə də vəziyyət eynilə belədir (bax:11, 28-34; 88-90; 41, 34-35). Baş sözləri isimlərdən ibarət olan bu sabit söz birləşmələrinin otuzdan çoxunda fel komponentini "çəkmək" "dutmaq", "düşmək","gəlmək","çəkmək" "urmaq" felləri təşkil edir. İlk öncə həmin sabit söz birləşmələrini nəzərdən keçirək.
Dostları ilə paylaş: |