Yeygü - yemək, qida:
Dilərəm ki, anlara yeygü alam,
Kim oların könlini xürrəm qılam.
"Yeygü" sözünün eyni mənada orta əsrlərə aid türkdilli yazılı abidələrdə işlənməsi qeyd olunmuşdur (108, VI, 4619). Bu sözə XVI əsr Azərbaycan tərcümə abidəsi "Şeyx Səfi təzkirəsi"ndə də rast gəlirik: "Bizim atımız adəmün yeygüsi yeməz" (59, 24-25). Yusif Məddahın "Vərqa və Gülşah" əsərində isə eyni mənada "yeyəsi" sözü işlənmişdir. "Nə yeyəsi yedi, nə xud uyudı" (40, 21).
Yögüş// yögiş- çox, xeyli:
Yolları sə’b,günahları yogiş,
Bilməzəm ki, necə olasıdır iş.
Bu söz istər qədim türk mətnlərində (bax: 76,350), istərsə də orta yüzilliklərə aid türk və Azərbaycan yazılı abidələrində (bax: 76,350, 26, 26) "ögüş" şəklində işlənmişdir. Söz başındakı "y" samiti türk dillərinin daha əski qatlarının göstəricisi kimi qəbul edilə bilər.
Tərcümənin dilindəki türkmənşəli arxaik sözlərin kiçik bir qrupunu da müasir dilimizdə şəkilcə - fonetik tərkibcə müəyyən dəyişikliyə uğramış sözlər təşkil edir:
Gözətmək - gözləmək:
Dəxi mayəhtacı yenə oldı ol,
Pəs, ol saru gözətdi tutdı yol.
"Gözləmək" felinin bu əski fonetik şəklinə də orta əsrlər Azərbaycan yazılı abidələrində rast gəlirik (54, 219; 18, 24). Prof. C. Qəhrəmanov bu felin Nəsimi "Divanı"nda, Ş.Xəlilov isə "Əsrarnamə"də "qorumaq", "saxlamaq" mənalarında işləndiyini göstərirlər (15, 438; 69, 182). "Gözətmək" felinin bu mənaları əski türk mətnlərində (98, 331) və orta əsrlərə aid türkdilli yazılı abidələrdə də (166, III, 1818-1819) qeydə alınmışdır. Felin bu mənası "gözətçi" sözündə özünü qoruyub saxlamışdır.
Qaranlu - qaranlıq:
Dağə çıxdı dört yanə qıldı nəzər,
Bakıban çünkim qaranlu sin görər.
Çağdaş dilimizdə "qaranlıq" şəklində işlənən bu söz əski türk mətnlərində və orta əsrlərin yadigarları olan türk və Azərbaycan yazılı abidələrində, əsasən, "qaranu", "qaranğu" və "qaranqu"şəklində işlənmişdir (98, 424, 425; 166, IV, 2276; 39, 45; 18, 25; 72, 14; 219, 32a; 61, 56; 74, 73). "Qaranlu" sözünə yalnız "Ət-töhfə"də eynilə bizim əlyazmadakı qrafik şəklinə rast gəldik (103, 339). Qeyd edək ki, bu əlyazmada "karanlı" sözü ilə yanaşı, "karanqı" leksemi də işlənmişdir (103, 339). Dilimizin Bakı və Naxçıvan şivəsində "qaraltı" mənasında işlənən "qaratqu" da bu sözlə bağlıdır (3, 116).
Netə - necə, nə cür:
Mustafa qatına bir xatun - kişi,
Gəldi görgil kim, netə oldı işi.
Əski türk mətnlərində bu söz "netəq" şəklində işlənmişdir (98, 358). Prof. Ə. Nəcib XIII əsr şairi Qul Əlinin "Qisseyi-Yusif" əsərində işlənmiş qıpçaq sözləri sırasında "netə" sual əvəzliyini də qeyd edir (171, 71). XVI əsr əlyazması "Şiracül-qulub"da isə bu söz "netək" şəklində işlənmişdir (115, 216). "Ət-töhfə"də o, "nətə" şəklindədir; "Dastani-Əhməd Hərami"də isə "nitə" şəklində transkripsiya edilmişdir (103, 352; 21, 39). XIII-XVI əsrlər türkdilli əlyazmalarda bu söz bol-bol işlənmişdir (166, IV, 2883-2887). Nəsimi və Füzulinin dilində bu sual əvəzliyinə "netə ki" şəklində rast gəlirik (15, 509; 214, 21b).
Nişə - niyə? nə üçün?
Pəs, mələklər dedi kim, ey zülmənən,
Yer yüzündə yaradursan nişə sən.
Prof. Ə. Nəcib bu sual əvəzliyinin də Əlinin "Qisseyi-Yusif" əsərində işləndiyini göstərərək, onu qıpçaq sözləri sırasına daxil edir (115, 71). "Nişə" sözü Nəsimi "Divanı"nda, "Əsrarnamə"də, Füzuli "Divanı"nda və başqa türkdilli yazılı abidələrdə də işlənmişdir (15, 521; 14, 129; 166, VI, 2880-2882).
Sağınmaq - sanmaq, zənn etmək:
Görcək anı səcdə qıldı Cəbrail,
Anı sağındı məgər nuri-cəlil.
Qədim türk fellərindən olan "sağınmaq" əski türk mətnlərində bol-bol işlənsə də (115, 113), ona Azərbaycan yazılı abidələrindən yalnız "Şühədanamə"də və "Şeyx Səfi təzkirəsi"ndə rast gəldik (219, 177b; 61, 28). Qütbün "Xosrov və Şirin" əsərində "sağınmaq" felinin "sakınmaq" şəklində eyni mənada işləndiyini qeyd edən prof. Ə. Nəcib yazır ki, bu söz "oğuz qrupu dillərində saxlanılmamışdır" (115, 113). Felin çağdaş dilimizdəki dəyişmiş şəkli olan "sanmaq" (57, 41-48) bu fikrin yanlış olduğunu sübut edir.
Sığamaq - sığarlamaq:
Övrətin Sayrulıq qolun sığadı dər-zaman,
Yenə əvvəlki kimi oldı rəvan.
Türkdilli yazılı abidələrindən yalnız "Süheyl və Novbahar" əsərində (XIV əsr) bu felin göstərdiyimiz mənada işlənməsi qeydə alınmışdır (166, V, 3404). Maraqlıdır ki, burada da "sığamaq" feli "qol" ismi ilə yanaşı işlənmişdir: "Duruşub qolını sığarsan becid" (166, V, 3404). "Ət-töhfə"də bu söz "sığalamaq" şəklindədir və "əlləmək", "yoxlamaq" mənalarında işlənmişdir (103, 372).
Yudmaq - udmaq.
Əngəkinə dayanur iki cida,
Çeynəyib qoymaz ki, ol quş yuda".
"Udmaq" felinin bu əski şəkli "yutmaq" şəklində bugünkü "udmaq" felinin daşıdığı hər iki mənada (boğazdan ötürmək; oyunda aparmaq) işlənmişdir (15, 560; 54, 218, 72, 21). Beytin birinci misrasında işlənmiş "əngək" sözü də "əmgək" isminin əski fonetik variantıdır. "Əngək" sözü Kaşğaridə və Qütbdə "engək" və "inqək" şəklində işlənmişdir (114, 458). Prof. Ə.Nəcib bu sözün Qazi Bürhanəddinin "Divanı"nda da "ənaq" şəklində işləndiyini qeyd edir (115, 242).
Dostları ilə paylaş: |