Gəl yaşurmə şimdi bizdən halını “Yaşurmaq” sözü eyni mənada “Kitabi – Dədə Qorqud”da (bax: VI, 4385) və Molla Vəli Vidadi şeirlərində (bax: , II, 521) işlənmişdir. Bununla belə, bu leksem müasir ədəbi dilimiz üçün ümumişlək deyil və arxaik səciyyə daşıyır.
Yayax - piyada:
Yügürük atlartək kimisi səgirdə,
Kimisi yayaxlar tək asta gedə. "Yayax" sözünə eyni mənada "yadaq" və "yağaq" şəklində əski türk mətnlərində rast gəlirik (70, 222-223). Orta əsrlərin türkdilli, o sıradan Azərbaycan əlyazmalarında isə bu söz "yayak" və "yayan" şəklində də işlənmişdir (41,17; 108, VI,4437-4442; Şüh, 28a). Dilimizin qərb qrupu şivələrində bu söz "yəyax" şəklində qorunub saxlanmışdır (9, 218).
Yavuz-sərt, qəddar, zalım, amansız, yaman, pis :
Dəxi yavuz quldur ol ki, dünyadə,
Ali qəsrü köşklər bünyad edə. Yavuz sözü Kitabi-Dədə Qorqud da yaman, pis, mənasında işlənmişdir : Yavuz yerlərə yeltəndin, qayıda döngil (86), Ət-töhfə də bu sözün qəddar, zalım mənaları ilə yanaşı, tund anlamında işlənməsi də qeyd olunur (302). Əsirəddin Əbu Həyyan isə bu sözün vəhşi mənasını qeyd etmişdir (57).