Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir. Adamlar öz şəxsiyyəti, fəaliyyəti barədə bu və ya digər məqsədlə başqalarına məlumat verməli, danışmalı olurlar. Nitq fəaliyyətinin bu formasında bəzən təvazökarlıqdan kənar işlənən söz və ifadələrə yol verilir. Radio verilişində bir aktyor öz səhnə fəaliyyəti haqqında belə ifadələr işlədirdi: “Məndə dramatizm güclüdür. Mənim səsim əladır. Mən həmişə baş rollarda çıxış etmişəm. Bütün görüşlərdə tamaşaçılar məni alqışlayıb. Mən professional səhnə ustasıyam”. Nitq üzərində apardığımız müşa-
hidələr zamanı təvazökarlıqdan kənar işlədilən xeyli fakt qeyd etmişik. Məsələn, “Həmin mahnını mən daha yaxşı çalıram”; “Dissertant mənim əsərlərimə istinad etməmişdir”; “Bu barədə ilk dəfə mən bəhs açmışam”; “Dilçiliyin bu sahəsi ilə bağlı mənim xeyli kəşflərim var”; “Mən bu sahənin professoruyam” və s. Belələri başqalarının fikirlərini daima inkar edir, tənqidi mülahizələrlə razılaşmırlar, onlar üçün yalnız bir həqiqət – özlərinin fikirləri mövcuddur. Kim onlarla razılaşmırsa, belələrini yabançı, düşmən kimi qəbul edirlər. İndi el qarşısında özünü tərifləmək, demək olar ki, bir dəbə çevrilmişdir. Axı insan özünü ölkə qarşısında nə qədər tərifləyər? Bu nə müğənniyə, nə müəllimə, nə həkimə, nə də digər ixtisas, peşə sahiblərinə yaraşar.
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu yaxından tanıyan ingilis yazıçısı O.Nilin öz əsərlərinin birində yazırdı ki, Azərbaycan tarixində tanınmış simalardan olan H.Z.Tağıyev təbiətən az danışan olub. Özü haqqında isə ümumiyyətlə az danışarmış. Bu onun təbiətindən, təvazökarlığından irəli gəlirdi.
Dahilər, həqiqi mənada elm adamları, savadlı və mədəni şəxsiyyətlər özləri barədə, fəaliyyətləri haqda həmişə mümkün dərəcədə az danışmağa çalışmış, başqalarının onları tərifləməsinə razı olmamışlar. Ali məktəbdə dərs deyən, mühazirə oxuyan müəllimlərdən iki nəfəri – prof.Ə.Dəmirçizadəni və akademik F.Qasımzadəni yetirmələri həmişə hörmətlə xatırlayırlar. Onlar bir çox dərsliklərin, monoqrafiyaların müəllifi, sözün əsl mənasında alim, pedaqoq, lap adi insanlar idilər. Onların dilindən mən, mənim əsərlərim, mənim təsirim, mənim fəaliyyətim, yetirməm, mənim tədqiqat üslubum və s. kimi ifadələri bir dəfə də olsun eşidilməmişdi. Bu insanlar danışığında, rəftarında təvazökar, sözü-söhbəti bütöv, hər şeyi müdrikliklə ölçüb-biçən adamlar idilər. Biz onları öyrəndikcə, əsərlərini oxuduqca həmin insanların böyük alim, dilimizin, ədəbiyyatımızın görkəmli tədqiqatçıları olduqlarını dərk etdik, başa düşdük. Böyük təvazökarlıq onları bizim gözümüzdə daha da ucaltdı.
Ta qədimdən yazıb-yaradan ədiblər, filosoflar sadəlik və təvazökarlıqla bağlı çox dəyərli, hikmətli sözlər söyləmişlər. Ə.Xaqani sadəlik və təvazökarlığı
insana xas olan nəcib sifət kimi tərənnüm etmiş, lovğalığı və xudpəsəndliyi pisləmişdir:
“Mənəm, mənəm” deyib öymə özünü,
Həmişə müxtəsər söylə sözünü.
Cahildir özünü tərif edənlər,
“Çox bilirəm” demə bilsən də əgər.
Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”; “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışmışıq” və s. Çoxları öz fəaliyyətləri barədə danışarkən təvazö-karlıq xatirinə belə ifadələr işlədir: “Özünü tərif olmasın”, “Özündən demək olmasın”, “Təvazökarlıqdan kənar olmasın”, “Bu mənim şəxsi fikrimdir” və s. Belə adamlar lovğalığın nə olduğunu bilməz, hər hansı işinə görə təriflənməsini də xoşlamazlar. İmperator Sezar Avqust (b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaq-ların qənimi idi. O, “cənab” sözünü işlətməyi və onu tərifləməyi qadağan etmişdi. Bir dəfə ailəsi ilə teatra gedərkən səhnədən aktyorun “Ey mərhəmətli hökmdar, Allah səni Roma xalqı üçün çox görməsin” deməsinə, tamaşaçıların onu alqış-lamasına görə hiddətlənir və bir daha teatra gəlmir.
Deyilənlərdən aydın olur ki, təvazökarlıq mədəni nitqin başlıca keyfiy-yətlərindəndir. Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır.
Məşhur Amerika pedaqoqu və natiqi Deyil Karneqi nitqin səmimiliyi məsələsindən bəhs edərkən olduqca həyati, hətta ibərətamiz nümunələr gətirir. Məsələn, “Ceneral Elektrik” kompaniyasına adamlar mövsümi şəkildə işə qəbul olunar, müddət başa çatanda baş mühasib onları bir-bir qəbul edər, xüsusi takt və hörmətlə sözə başlayardı. “Mister Smit, siz yaxşı işçi olmuşsunuz. Sizi biz Hyu-Yorka göndərdiyimiz zaman çox ağır bir tapşırıq vermişdik. Siz bu işi yüksək səviyyədə yerinə yetirdiniz. Mən istərdim biləsiniz ki, bizim firma sizinlə fəxr edir. Sizin xarakteriniz elədir ki, hər hansı yerdə işləsəniz, hamının hörmətini
qazana bilərsiniz. Bizim firma Sizə inanır. Amma çox təəssüf edir ki, sizdən ayrılmalı olacağıq və istərdik ki, Siz bunu biləsiniz”.
Belə bir insani münasibət işdən azad edilənin məyusluğunu aradan qaldırır, onu işləməyə, fəaliyyət göstərməyə, yaşamağa ruhlandırırdı.
Dünyanın böyük adamları bir də ona görə böyükdürlər ki, onlar öz uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna toxunmurlar.
Uzunəsrlik düşmənçilikdən sonra 1922-ci ildə türklər yunanları türk ərazisindən çıxarmaq qərarına gəlirlər. Mustafa Kamal öz əsgərlərini Aralıq dənizi uğrunda vuruşmağa çağırır. Bu böyük vuruşda türklər qələbə qazanır. Yunan generallarından Trikupie və Dianis təslim aktına qol çəkmək üçün Mustafa Kamalın qərargahına yollanırlar. Yol boyu türk əsgərləri onlara cürbəcür söyüşlər yağdırırlar. Lakin Mustafa Kamalın onlarla söhbətində qələbə təntənəsi o qədər də hiss olunmurdu. Mustafa Kamal onlara yer göstərir və deyir ki, siz, yəqin ki, yorulmuşsunuz. Bundan sonra Mustafa Kamal hərbi əməliyyatın gedişini müza-kirə edib, nəhayətdə məğlub yunan generallarının dərdlərini yumşaltmaq məqsə-dilə deyir: “Müharibə bir oyundur, hərdən ən yaxşı adamlar belə məğlubiyyətə düçar olurlar” (59).
İnsan öz üstünlükləri ilə öyünməməli, qürrələnməməlidir. İngiltərənin maliyyə naziri Lorq Cesterfild oğluna deyirdi: “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma” Ağıllı adamlar “mən” şəxs əvəzliyinin çox az hallarda işlətmişlər. Onlar öz uğurlarından, necə deyərlər, xəsisliklə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Mərifətli insanlar tarixən təvazökar adamları özlərinə dost seçmişlər.
Dostları ilə paylaş: |