Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Bu ilk növbədə həmin şəxsin öz mənafeyini hər şeydən üstün tutmasından irəli gəlir. Belə olan halda həmin şəxs müvafiq normalara müsbət münasibət bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, fərdiyyətçilik, məsuliyyətsizlik, həyasızlıq, vicdansızlıq, namussuzluq və s. bu cür hisslərdir. Bəzən də elə olur ki, insan öz hərəkətinin, rəftarının cəmiyyətdəki müvafiq normalara uyğun olmadığını, düzgün hərəkət etmədiyini sonradan başa düşür. Bu zaman əmələ gələn izdirab, xəcalət, təəssüf, peşmançılıq, rüsvayçılıq da əxlaqi hisslər hesab olunur. Deməli, əxlaqi hisslər qavrayış obyektinə bəslənən müsbət və ya mənfi mümasibətlərin əks etdirilməsidir. İnsanın münasibəti onun şüuru ilə tənzim olunur. Odur ki, gənc nəslin tərbiyəsi işində əxlaqi şüurun inkişaf etdirilməsi ön plana çəkilməlidir. Çünki, özünüdərketmənin kökləri şüurla, əxlaqi hisslərlə bilavasitə bağlıdır. Digər tərəfdən mənlik şüuru da bir qayda olaraq əxlaqi şüura söykənir və onunla qarşılıqlı əlaqədə daha səmərəli inkişaf edir.