Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi
Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Maddə 1231. İddia verilməsi müddəti
1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.
69 – cu fəsil.
Vəsiyyətnamənin icrası
Maddə 1232. Vəsiyyətnamənin icrası subyektləri
Vəsiyyətnamədə göstərişin olmadığı halda onun icrası vəsiyyət üzrə vərəsələrin öhdəsinə qoyulur. Vərəsələr vəsiyyətnamənin icrasını qarşılıqlı razılaşmaya əsasən özlərindən birinə və ya başqa şəxsə etibar edə bilərlər.
Maddə 1233. Vəsiyyətnamənin icraçısının təyin edilməsi
Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.
Maddə 1234. Vəsiyyətnamənin icrasından imtina
Vəsiyyətnamənin icraçısı vəsiyyət edənin onun öhdəsinə qoyduğu vəzifədən istənilən vaxt imtina edə bilər. Bu barədə o, vəsiyyət üzrə vərəsələri qabaqcadan xəbərdar etməlidir.
Maddə 1235. Vəsiyyətnamənin icraçısının üçüncü şəxs tərəfindən təyin edilməsi
Vəsiyyət edən vəsiyyətnamənin icraçısını təyin etməyi üçüncü şəxsə tapşıra bilər. Həmin şəxs miras açıldıqdan sonra dərhal vəsiyyətnamənin icraçısını təyin etməli və bu barədə vərəsələrə məlumat verməlidir. O, həmin tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə də o, vərəsələrə ləngimədən məlumat verməlidir.
Maddə 1236. Vəsiyyətnamənin tamamilə və ya qismən icrası
Vəsiyyətnamənin icraçısına vəsiyyətnaməni tamamilə və ya onun ayrı-ayrı sərəncamlarını icra etmək tapşırıla bilər.
Maddə 1237. Mirasın mühafizə və idarə edilməsi
Mirasın açıldığı andan vəsiyyətnamənin icraçısı mirası mühafizə və idarə etməyə başlamalıdır; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət daxilində vərəsələr mirası idarə etmək hüququnu itirirlər.
Maddə 1238. Mirasın bir neçə icraçı tərəfindən mühafizə və idarə edilməsi
Əgər vəsiyyətnamənin bir neçə icraçısı vardırsa, təkbaşına hərəkətlərə yalnız mirasın mühafizəsi məqsədilə yol verilir, qalan hallarda onlar arasında razılıq zəruridir.
Maddə 1239. Vəsiyyətnamənin icrası xərclərinin əvəzinin ödənilməsi
1239.1. Vəsiyyətnamənin icraçısı öz vəzifələrini əvəzsiz yerinə yetirir, hərçənd, vəsiyyətnamədə nəzərdə tutulmuşdursa, muzd da ala bilər.
1239.2. Vəsiyyətnamənin icraçısı əmlakın mühafizəsinə və idarə edilməsinə çəkdiyi zəruri xərclərin əvəzinin mirasdan ödənilməsi hüququna malikdir.
1239.3. Vərəsə olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin 1249-cu maddəsində nəzərdə tutulan hallardan başqa, digər xərcləri mirasdan ödəyə bilməz.
Maddə 1240. İcraçının hesabatı
Vəsiyyətnaməni icra etdikdən sonra vəsiyyətnamənin icraçısı vərəsələrin tələbi ilə onlara öz fəaliyyəti barəsində hesabat verməyə borcludur. Vəsiyyətnamənin icraçısı öz funksiyalarını bütün vərəsələr mirası qəbul edənədək yerinə yetirir.
Maddə 1241. Vəsiyyətnamə icraçısının kənar edilməsi
Vəsiyyətnamənin icraçısı öz vəzifələrini yerinə yetirmədikdə, maraqlı şəxs icraçının kənar edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Maddə 1242. Vəsiyyətnamə icraçısının məsuliyyəti
Əgər vəsiyyətnamənin icraçısı vəsiyyətnamə ilə onun öhdəsinə qoyulmuş vəzifələrin icrasından qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kənara çıxarsa və bununla da vərəsələrə zərər vurarsa, bu zərər üçün məsuliyyət daşımalıdır.
70 – ci fəsil.
Mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması
Maddə 1243. Mirasın qəbul edilməsi
1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
1243.4. Çıxarılmışdır. [413]
Maddə 1244. Mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi
Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
Maddə 1245. Mirasın nümayəndə vasitəsilə qəbul edilməsi
Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
Maddə 1246. Mirasın qəbul edildiyi müddət
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. [414]
Maddə 1247. Mirasın qəbul edilməsinin xüsusi müddəti
Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. [415]
Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması
1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi
Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.
Maddə 1250. İddia qaldırılanadək alınmış gəlirə hüquq
Əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər.
Maddə 1251 . Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncam verməsinin nəticələri[416]
Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur.
Maddə 1252. İrsi transmissiya
Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri
1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.
Maddə 1254. Mirasın siyahısı
Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.
Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi
Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Maddə 1256. Mirasın qəbulundan imtina müddəti
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi
1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
Maddə 1258. Vərəsənin kənd təsərrüfatı təyinatlı torpağı qəbul etməkdən imtina etməsi
Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır.
Maddə 1259. Mirasdan bir neçə payın qəbul edilməsi
Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər.
Maddə 1260. Mirasın bir hissəsindən imtina
Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər.
Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina
Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi
Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Maddə 1263. Yeganə vərəsənin mirasdan imtina etməsi
Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
Maddə 1264. Bir neçə vərəsənin xeyrinə imtina
Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
Maddə 1265. Mirasdan nəvələrin xeyrinə imtina
Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun.
Maddə 1266. Dövlətin mirası qəbul etməkdən imtinasının yolverilməzliyi
Dövlət ona keçmiş mirası qəbul etməkdən imtina edə bilməz.
Maddə 1267. Notariat orqanına ərizə verildikdən sonra imtinanın yolverilməzliyi
Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.
Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi
1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
Maddə 1269. Mirasa faktik sahiblik zamanı imtina
Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
Maddə 1270. İmtina hüququnun vərəsəlik üzrə keçməsi
1270.1. Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir.
1270.2. Əgər vərəsə mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddət bitənədək ölmüşdürsə, bu müddət vərəsənin ölümündən sonra qalmış vaxt bitənədək qurtarmır.
1270.3. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər.
Maddə 1271. Mirası qəbul etməkdən nümayəndə vasitəsilə imtina
Mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür.
Maddə 1272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti
Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı
Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
Maddə 1273-1 . Vərəsənin susması[417]
Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
71 – ci fəsil.
Mirasın bölüşdürülməsi
Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı
Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
Maddə 1275. Miras qoyan tərəfindən mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi
Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır.
Maddə 1276. Mirasdan payın naturada ayrılması
Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.
Maddə 1277. Hədiyyənin vərəsənin payına daxil edilməsi – çıxarılmışdır. [418]
Maddə 1278. Miras şəriklərinin razılaşması üzrə mirasın satılması
Miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir.
Maddə 1279. Mirasın bir miras şərikinə keçməsi
Miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur.
Maddə 1280. Mirasın bölüşdürülməsinin dayandırılması
Miras şərikləri razılığa gələ bilərlər ki, mirasın bölüşdürülməsi müəyyən müddətə dayandırılsın.
Maddə 1281. Bölünməz əmlaka paylı mülkiyyət
Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur.
Maddə 1282. Kənd təsərrüfatı təyinatlı torpağın vərəsələr arasında bölüşdürülməsi
1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin.
1282.2. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər.
Maddə 1283. Kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsinin yolverilməzliyi
Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.
Maddə 1284. Payın kompensasiyası
Torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır.
Maddə 1285. Kəndli təsərrüfatının vərəsəlik üzrə keçməsi
1285.1 Əgər kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa və həyətin sonuncu üzvü vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi əmlakı qanun üzrə vərəsələrə həyət təsərrüfatının dağılmaması şərti ilə keçir.
1285.2. Həyətin sonuncu üzvünün vəsiyyətnamə ilə bir neçə vərəsə təyin etdiyi halda, ümumiyyətlə, torpaq təsərrüfatına aid olan qayda tətbiq edilməlidir.
Maddə 1286. Kəndli təsərrüfatına ümumi mülkiyyət
Miras şəriklərinin razılaşması üzrə torpaq və orada yerləşən kəndli təsərrüfatı onların ümumi mülkiyyətində qala bilər.
Maddə 1287. Mayası bağlanmış vərəsənin miras bölgüsündə payı
1287.1. Əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür.
1287.2. Əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər.
Maddə 1288. Borc tələblərinin vərəsələrdən birinin öhdəsinə qoyulması
Miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir.
Maddə 1289. Pay almağın təmin edilməsi öhdəliyi
Hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.
Maddə 1290. Payın mütənasib azaldılması
Əgər vəsiyyətnamə ilə müəyyənləşdirilmiş payların cəminin bütün mirasdan çox olduğu aşkara çıxarsa, hər bir vərəsənin payı mütənasib surətdə azaldılır.
Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması
Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
Maddə 1292. Paya dair sərəncam vermək hüququ
1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.
1292.2. Miras şəriki öz payından olan ayrı-ayrı predmetlərə dair sərəncam verə bilməz.
1292.3. Miras şəriki öz payına dair sərəncam verərkən digər miras şəriklərinin satın almaqda üstünlük hüququ vardır. Satın almaqda üstünlük hüququ iki ay ərzində həyata keçirilməlidir. Bu hüquq vərəsəlik üzrə keçir.
Maddə 1293. Satın almaqda üstünlük hüququna xitam verilməsi
Pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük hüququna xitam verilir.
Maddə 1294. Pay özgəninkiləşdirilərkən kreditorların təmin edilməsi
Payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir.
Maddə 1295. Payın bərabərləşdirilməsi – çıxarılmışdır. [419]
Maddə 1296. Övladın sıradan çıxmasının nəticələri – çıxarılmışdır. [420]
Maddə 1297. Miras payı bərabərləşdirilərkən xüsusi töhfənin nəzərə alınması
Ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər.
Maddə 1298. Miras payını bərabərləşdirməyi tələb etməyin yolverilməzliyi
Əgər qohum xidmətləri üçün muzd almışdırsa və ya muzd qabaqcadan müəyyənləşdirilmişdirsə və ya qohum göstərdiyi xidmətlər əsasında digər hüquqi əsaslar üzrə hər hansı tələb irəli sürə bilərsə, miras payının bərabərləşdirilməsi tələb edilə bilməz.
Dostları ilə paylaş: |