1.ASƏF ZEYNALLI (1909-1932).
Azərbaycan musiqi tarixində ilk dəfə professional musiqi təhsili alan istedadlı bəstəkar Asəf Zeynallının yaradıcılığı Azərbaycan ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Asəf Zeynallı Azərbaycan simfonik janrının, romans və instrumental əsərlərin ilk müəllifi kimi tanınmışdır.
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə yoxsul bağban Zeynalabdının ailəsində anadan olmuşdur. Bir yaşı olarkən atası ölmüş, anası Esbənd onu tərbiyə etmişdir. Onun istedadı çox kiçik yaşlarından aşkara çıxmışdır. O, anasının qarmonda çaldığı xalq mahnılarnı dinləyir, bu melodiyaları yadında saxlayırdı. Maddi çətinliyə baxmayaraq Esbənd Asəfi Dərbənd real məktəbinə qoyur. O, məktəbdə təşkil olunmuş uşaq nəfəsli orkestrində iştirak edir.
1923-cü ildə dahi bəstəkar Üzeyir bəyin rəhbərliyi altında Azərbaycan musiqi texnikumu yaradılır. Həmin il Asəf truba sinfi üzrə ora daxil olur. Musiqi texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra Asəf Zeynallı 1926-cı ildə Bakıda yeni açılmlş Azərbaycan Dövlət Konservatoriyasının əvvəl orkestr, sonra isə bəstəkarlıq şöbəsinə daxil olur. Burada o, Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları, B.Karagicev, L.Yablonkodan isə bəstəkarlıq nəzəriyyəsindən dərs alır.
Azərbaycan işçi teatrında işlədiyi dövrdə Asəf Zeynallı dramaturqların bir sıra əsərlərinə musiqi bəstələmişdir. Bunlardan C.Cabbarlının "Sevil", "Dönüş", A.Həmidinin "Hind qızı", C.Xəndanın "Gizli el", Yanovskinin "Qəzəb", Poqodinin "Balta haqqında poeması", A.Baqdasaryanın "Qanlı səhrada", Kirşonun "Şimal küləyi" və bir sıra digər əsərləri göstərmək olar. Asəf Zeynallının "Dönüş" adlı son dram əsərinə bəstələdiyi musiqi onun dram əsərləri arasında görkəmli yer tutur. Bu əsərlərində 20-30-cu illərdə xalqın həyat tərzini əks etdirir.
Asəf Zeynallının yaradıcılıq simasının təkmilləşməsində Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun böyük rolu olmuşdur. Sevimli müəlliminin təsiri altında Asəf Zeynallı xalq mahnıları intonasiyaları və həqiqi xalq melodiyalarına əsasən özünün bir sıra ilk əsərlərini bəstələmişdir. Bu əsərlər xor və orkestr üçün "Şikəstə", fortepiano üçün "Qoyunlar", skripka və fortepiano üçün "Muğamsayağı" və "Durna" pyeslərindən ibarətdir.
Konservatoriyanı bitirdikdən sonra Asəf Zeynallı publisistika sahəsində də yorulmadan çalışmışdır. 1931-ci ildə Asəf Zeynallı müstəqil yardıcılıq işinə başlyır. Onu nota köçürdüyü "Səndən mənə yar olmaz", "Araz" kimi xalq mahnıları, eyni zamanda "Ölkəm", "Seyran", "Sual", "Çadra", "Sərhədçi" romansları Azərbycan milli vokal musiqisinin görkəmli nümunələrindəndir.
1932-ci ildə Asəf Zeynallı tif xəstəliyindən Bakıda dekabrın 27-si vəfat edir. Azərbaycanda fortepiano, uşaqlar üçün fortepiano musqisi janrının yaranması Asəf Zeynallının adı ilə bağlıdır. Onun f-no əsərləri arasında xalq muğamlarımıza əsaslanan 9 fuqa, "Çahargah", "Durna", "Uşaq suitası" və s. göstərmək olar. "Uşaq suitası" 6 müstəqil pyesdən ibarətdir: 1. Kuklaların yürüşü; 2. "Uşaq və buz"; 3."Rəqs" xalq rəqslərini xatırladır; 4. "Oyun" incə, zarafatcıl musiqidir; 5."Qoyunlar" qoyun sürüsünün yerişini xatırladan ağır bir musiqidir; 6. "Mübahisə" iki nəfərin mübahisəsini xatırladan, oynaq və cəld xarakterli musiqidir.
Bəstəkarın voka yaradıcılığından danışarkən romansları yada düşür. "Ölkəm" romansında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyniadlı şeirindən istifadə edilmişdir. Şur klassik muğamının əsasında yazılmışdır.
"Sual" Azərbaycan xalq sözlərindən istifadə edilmiş, məhəbbət hisslərini tərənnüm edən bu romansda sevgilisini axtaran gənc, qarşısına çıxan hər kəsə sualla müraciət edir: Onu gördünüzmü? Bu sual bütün romans boyu fasiləsiz olaraq təkrar olunur.
Dostları ilə paylaş: |