Bəşəriyyət elə xəlq olunmuşdur ki, hər bir insan başqasının vücudundan istifadə etsin, hamı bir-birinə dayaq olsun, təkamül yolunda yardım göstərsin. Amma, şübhəsiz ki, ağıl ne’mətindən məhrum olmuşların yolu ilə kamala çatmaq olmaz. Belələri ilə yoldaşlığın nəticəsi zərər-ziyan və bədbəxtçilikdir. Amma ağıldan məhrumluğun da müxtəlif formaları vardır. Kimi öz əli ilə özünü ağılsızlığa mübtəla edir, kimi əvvəlcədən bu ilahi ne’mətdən məhrum olur, kimi xəstəlik səbəbindən ağlını itirir, kimi isə ağıl qüvvəsinə malik olduğu halda onu işlətmədiyi üçün bu qüvvə yavaş-yavaş gücdən düşüb əldən çıxır. Ümumiyyətlə istifadə olunmayan istənilən bir qüvvənin gücdən düşməsi təbiidir. Məsələn, insan gözünü bir müddət yumsa, gözü nurdan düşər. Bağlanan qol asta-asta quruyur və gücdən düşür. Ağıl qüvvəsi də belədir. İşlədilməyən ağıl ilkin ilahi iste’dadlarını itirməyə başlayır. Ağılın işlədilməsi dedikdə insanın nəfs istəklərinə, şəhvətə əsir olub, ağılın səsini dinləməməsi nəzərdə tutulur. Beləcə, ağıl yavaş-yavaş öz nurunu itirir, kəsərdən düşür. Buna görə də istənilən bir səbəbdən ağıl ne’mətini itirmiş insanlarla yoldaşlıq və münasibət nəinki faydasızdır, hətta insanın pis rəftarla üzləşməsinə səbəb olub, bədbəxtçiliklə sonuclana bilər. «Cahillə yoldaşlıq bədbəxtlikdir».