Naxçıvan fahişəliyə aparılan qadınlar üçün tranzit nöqtədir Azərbaycan qadın alverçiləri üçün mənbə və tranzit ölkədir. Yerli qurbanlar Rusiya, Türkiyə, İran və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrə göndərilir. Eyni zamanda Azərbaycandan MDB-dən olan qurbanlar üçün daşıma məntəqəsi kimi də istifadə olunur. Amerikanın Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində də Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçün Azərbaycanın tranzit ölkə rolu oynadığı qeyd olunur. Hətta burada Naxçıvan şəhərinin Türkiyəyə aparılan qadınlar üçün keçid nöqtəsi olduğu vurğulanır. Yeri gəlmişkən onu da bildirək ki, Türkiyə DİN-nin Xaricilərlə işlər, sərhəd və miqrasiya məsələləri departamentindən verilən məlumata görə Türkiyədə olan Azərbaycan qadınlarının 43% -i bu alverin qurbanıdır. Həmin qadınlar Naxçıvan şəhərindən qeyri-qanuni keçirilməklə Trabzon, İstanbul, Antaliya, Ankara, Bodrum vilayəti və digər şəhərlərə gətirilərək əxlaqsızlığa vadar edilir.
Qeyd edək ki, yuxarı instansiyalar bu hesabatla razılaşmasalar da, məsələdən agah olanlar yəqin ki, şübhəyə düşməzlər. Əlavə olaraq həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistan kimi ölkələrə göndərilməsi də yeni “dəb”dir. Daha dəhşətli faktlar isə uşaqlarla bağlıdır. Onlar cinsi istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərilirlər. Onu da bildirək ki, qadın alveri həmçinin ölkə ərazisində də geniş yayılıb. Bununla ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Bakı, Gəncə, Əli Bayramlı, Mingəçevir, Xaçmaz və cənub bölgəsidir.
Yalançı iş vədlərinə inanmayın! Başlanğıcda da bildirdiyimiz kimi iqtisadi çətinlik, işsizlik və digər səbəblərdən xüsusilə qadınlar bu ticarətin qurbanına daha tez çevrilirlər. Bəs bu insanlar necə tora düşürlər? Yəqin ki, qəzetlərdə, işə düzəltmə firmalarında, internet vasitəsi ilə iş, təhsil almaq və nikah haqqında elanlarda yüksək əmək haqqı, kariyerada yüksəlmə vədləri dolu olanlarla çox qarşılaşmısınız. Əsasən gözəl görkəmə malik, 18-25 yaş arası xanımlara üstünlük verildiyi xüsusən qeyd edilir. Nə haqqında bəhs edilən şirkətin adı olur, nə ünvanı. Bir tək şəxsi əlaqə nömrəsi, bir də Gülnarə xanım, Şölə xanım, Rafiq bəy kimi müxtəlif şəxs adları. Təbii ki, bu növ elanlar sadəcə tora salmağın yollarından biridir. Bu vasitə ilə ovunu yaxalayan ovçular öz məqsədlərinə asanlıqla nail olurlar. Və qurbanlarını özlərindən asılı vəziyyətə salırlar. İlk öncə passportları əlindən alınır, daha sonra alverçiləri tərəfindən üzərlərinə yıxılan borcları ödəmək üçün xüsusi ev və agentliklərdə əxlaqsızlığa vadar edilir və bunu etmədikdə daha ağır formada zorakılığa məruz qalırlar. Nəticə etibarı ilə bu alverin qurbanına çevrilirlər.