İmanı tərifində onun elmlə olan bağlılığı da aydınlaşdı və elmin imanla birgə olduğu açıqlandı. Elimsiz iman həqiqi iman sayılmır. Tarixdə elmin imandan ayrı düşməsi nəticəsində meydana gələn faciə və ziyanlar haqqında çox danışılmışdır. İman yalnız elm sayəsində mövhumat və xurafatlardan təmizlənə bilər. İman elmdən uzaq düşdükdə, mürtəce bir əqidəyə dönər, yəni ifrat dərəcədə dindar olub, başqa dinlərə qarşı ədavət və kin bəsləməyə çevrilər və ümumbəşəri tərəqqinin qarşısını alar. Elm və mərifət olmayan yerdə nadan möminlərin imanı, zirək münafiqlərin əlində alətə çevrilər. Buna nümunə olaraq, islamın ilk çağlarındakı xəvaric firqəsini və indiyə qədər müxtəlif şəkillərdə zahir olan ayrı-ayrı dəstələri misal gətirmək olar.1
İmansız elmin faydasız olması, eləcə də insanların inkişaf və tərəqqisi qarşısında maneəyə çevrilməsi məlum məsələdir. Elm insana işıqlandırıcı qüdrət verər, amma istiqamətləndirə bilməz.
Deməli, elm və iman bir-birini kamilləşdirən iki müxtəlif şeylərdir. Elm insanın yarısını, iman isə qalan hissəsini qurub düzəldir.
1. Elm, bizə işıqlandırıcı qüdrət, iman isə eşq və ümid bəxş edir;
2. Elm alət, iman isə məqsəd yetişdirər;
3. Elm bizə sürət bəxş edir, iman isə yol göstərər;
4. Elm bacarıq, iman isə gözəl istəkdir;
5. Elm bizə varlıqları tanıtdırır, iman isə «nə etmək lazımdır» məsələsini ilham edər;
6. Elm zahiri, iman isə batini bir inqilabdır;
7. Elm dünyanı insan üçün münasib vəziyyətə gətirib çıxarır, iman isə insanın ruhunu insanlığa yönəldir;
8. Elm insanın vücudunu horizontal, iman isə vertikal şəkildə genişləndirir;
9. Elm təbiəti, iman isə insanları qurub düzəldir;
10. Elm və iman hər ikisi insana qüdrət bəxş edir, amma elm fasiləli, iman isə fasiləsiz olaraq bu işi görür;
11. Elm ağılın, iman isə ruhun gözəlliyidir;
12. Elm insanlar üçün zahirdə, iman isə batində əmniyyət yaradır. Elm insanları müxtəlif xəstəliklərdən, tufanlardan, iman isə iztirablardan, tənhalıq və ümidsizlik hissləri kimi ruhi sıxıntılardan qoruyur;
13. Elm dünyanı insanla, iman isə insanı özü ilə uyğunlaşdırır;
14. Bütün bunlardan ən əhəmiyyətlisi budur ki, elm zülmə qarşı mübarizə aparmağa qadir deyil, amma imanın əsil işi məhz budur. Elm zülmkarların qarşısını almağa, yəni bəşəri ədalətli olmağa vadar etməyə qadir deyil. Çünki elm həm zülümkara, həm də zülmə məruz qalana qüdrət bəxş edir. Nəticədə hər iki tərəf bir-biri ilə yüksək səviyyədə mübarizəyə qalxırlar. Elmin olmadığı zaman, insanlar bir-biri ilə qılıncla, elm gəldikdə isə top-tüfənglə mübarizə edirlər.
Elm heç bir zümlkarın qarşısını ala bilməmişdir, çünki elm insanlara meyl, rəğbət və duyğu deyil, yalnız qüdrət bəxş edir. Elm insanlara fərdi və şəxsi mənfəətlərin fövqündə dayanan heç bir məqsəd və ya məram vermir. Amma iman məhz bu işi görür.
İman zülmlə iki cəbhədə mübarizə edir: biri zülmə məruz qalanın, o birisi isə zülmkarın cəbhəsində. İman birinci cəbhədə, zülmə məruz qalana zülmü heç vaxt qəbul etməməsini və onunla mübarizə aparmasını təkid edərək Allah dərgahında zülmü qəbul etməklə, zülm etmək arasında heç bir fərq olmamasını vurğulayır. İman bu yolla zülmə məruz qalanı özünü müdafiə etməyə dəvət edir.
İkinci cəbhədə isə, təsiredici rol oynayan mənəvi bir amil kimi, insanları daimi zülm etməkdən yayındırır. Bəşər övladının çoxu məhz imanlı olduğuna görə, başqalarına zülm etməkdən boyun qaçırırlar.1
Dostları ilə paylaş: |