İnformasiya resursları
İnformasiya resursları – elektron hesablama maşınlarında (EHM) xüsusi təşkil və emal edilmış, istehsalatda, texnikada, cəmiyyətin idarəçiliyində istifadə olunan informasiyadır. Başqa sözlə, informasiya texnologiyaları vasitəsilə yaradılan və emal edilən informasiyadır.
İnformasiya resursları ictimai istehsalda və onun idarə edilməsində obyektiv amil kimi iştirak edir. Belə ki, informasiya resursları istehsalın həcmi və səmərəliliyinə bilavasitə təsir göstərir.
İnformasiya resursları istehsalın xüsusi amili kimi son dövrlərdə lazımi səviyyədə qiymətləndirilmişdir. Aydın olmuşdur ki, iqtisadi artımın tempi və iqtisadiyyatın səmərəliliyi təkcə maddi resursların mövcudluğu və keyfiyyətindən deyil, əhəmiyyətli dərəcədə həmçinin elmi-texniki potensialıdan, kadrların təhsil və ixtisas səviyyəsindən asılıdır.
İnformasiya resursları məzmununa görə təbiət və ictimai proseslərin inikası olub, elmi tədqiqatların qeyd olunmuş nəticələri, layihə - konstruktur sənədləşmələri və s. şəklində təzahür edir. İnformasiya resursların keyfiyyəti gerçəkliyin əks olunmasının adekvatlığı ilə (Bir sıra hallarda adekvatlığı informasiyanın obyektivliyi və etibarlılığı ilə qarışdırırlar,yəni səhv salırlar. Adekvatlıq informasiyanın xüsusi xassəsi olub, informasiya mübadiləsinin (informasiyanın alınması və verilməsinin) məqsədinə və vəzifələrinə uyğunluğudur.) təcrübi fəaliyyətdə istifadə olunması imkanları ilə müəyyən olunur. Onlar elmi ədəbiyyatda, təsərrüfat və idarəetmə sənədlərində, insanların yaddaşında və avtomatlaşdırılmış informasiya sistemlərində cəmlənir.
İnformasiya resursları təkrar istehsal olunan resurslara aiddir. Onların təkrar istehsalı prosesi digər resuslarla müqayisədə bir sıra mühüm xüsusiyyətlərə malikdir. İnformasiya resurslarının təkrar istehsalı yaranma, yayılma və istifadə fazalarından ibarətdir.
Yaranama fazası təbiət və cəmiyyətin inkişafının dərk olunmasının ictimai prosesidir. Müşahidə və informasiyanın yığılması informasiya resurslarının yaranması prosesinin ilk mərhələsidir. Növbəti mərhələ məlumatların işlənməsidir. Daha sonra isə tətbiqi tədqiqatlar mərhələsi gəlir.
Yaylma fazası bilavasitə informasiya resursları məxsus olan fazadır. Onun zəruriliyi informasiyanın xarakterindən irəli gəlir. Qeyd olunan xüsusiyyət ondan ibarətdir ki, informasiya istifadə zamanı sərf olunmur. Biliyin bir mənbədən digərinə verilməsi o demək deyildir ki, ilkin mənbə həmin bilikdən məhrum olur. Eyni məlumat bir neçə dəfə müxtəlif məsələlərin həlli üçün istifadə oluna bilər. Yeganə məhdudiyyət amili – vaxtdır. Belə ki, vaxt informasiya resurslarının aktuallığı dərəcəsini müəyyən edir.
İnformasiya resurslarının istifadə olunması istehsal və idaretmə sferasında baş verir. Onun nəticəsi qəbul edilən qərarlar və ya istehsal olunan məhsul və xidmətlərdir. İnformasiyanın müxtəlif ünsürləri üçün müxtəlif aktuallıq müddəti və istifadə dövrü ola bilər. Ən böyük istifadə dövrü fundamental elmi məlumatlar, ən kiçik dövr isə operativ informasiya üçün səciyəvidir.
Böyük istifadə müddətinə malik olan informasiya resursları bir çox cəhətdən əsas fondlara oxşayır. Belə ki, bu informasiya resursları istehsal və idarəetmədə dəfələrlə istifadə olunur. Başqa sözlə, bir ildən artıq istifadə müddətinə malik olan informasiya – informasiyanın əsas fondları adlana bilər.
Analoji olaraq qısa istifadə müddətinə malik olan (məsələn, bir ildən az) informasiya resursları dövriyyə fondu adlana bilər. Müxtəlif idarəetmə sistemlərinin layihələndirilməsi və fəaliyyəti zamanı onların əsas və dövriyyə informasiya fondları ilə təminatı məsələsinə material resursları ilə təminat məsələləri səviyyəsində baxılmalıdır.
Dostları ilə paylaş: |