Təll-Təyyara əməliyyatı
Qarşıdakı əməliyyatdan ötrü bir neçə livanlı tərəfindən təlim keçirildi və biz onnəfərlik manqalara bölündük. Mən manqaların birinin komandiri oldum. Livanlı komandirlə əlaqə saxlamaq üçün hər manqaya bir suriyalı rabitəçi və bir ratsiya verildi. Mənim rabitəçim əl-Zəhra qəsəbəsindən olan İsa Mətuq idi. Sursat azlığına görə hərəyə cəmi iki daraq verdilər. Manqaların ikisi də bir pulemyot və bir RPG qumbaraatanı təhvil aldı.
Əməliyyat yerinə getmək üçün manqamla dördqapılı bir Toyota pikapına mindik. Uşaqların çoxunun başında dəbilqə, əynində gülləkeçirməz jilet vardı. Maşın boş avtobanda sürətlə getdiyi yerdə birdən atəş səsi gəldi və arxadakı uşaqların biri maşından yerə düşdü. Sürücü maşını saxladı. Onun yanına getdik. Güllə qəfil gürz zərbəsi kimi dəbilqəsinə dəymiş, xoşbəxtlikdən, başına bir şey olmamışdı. Yenə maşına mindik. Bu dəfə hamı başına dəbilqə qoyub ipini möhkəm bağladı və jiletini geyindi.
Əməliyyat zamanı bizim hücumçu olmağımız nəzərdə tutulmamışdı. Plan belə idi ki, Nübl və əl-Zəhra qüvvələri hücum edib hədəfi alsınlar, Fatimiyyun uşaqları onların arxasınca getsinlər. Ancaq hər şey başqa cür oldu.
Əl-Nüsrə cəbhəsinin əlində olan Təyyara yüksəkliyi avtobanın yaxınlığında yerləşirdi. Bu əməliyyatda məqsəd həmin yüksəkliyi və yamacındakı kəndi geri almaq idi. Nübl və əl-Zəhra qüvvələri ilk saatdaca təpəni ala bildilər. Biz təxminən 2 km geridə bir torpaq istehkamın arxasına yerləşmişdik ki, ehtiyac olsa, əməliyyata qoşulaq. Əl-Nüsrə cəbhəsi axşam əks-hücuma keçib təpəni mühasirəyə aldı. Ancaq təpədəki əlli nəfər təslim olmadı.
Ertəsi gün səhər çağı livanlı komandir Əbu Zeynəb hamımızı istehkamın arxasına toplayıb vəziyyəti izah etdi:
– Uşaqlar təpədə mühasirədədirlər. Şəhid və yaralıların sayı hər an artır, sursatları bitmək üzrədir. Biz ilk mərhələdə təpənin yamacındakı tək evi terrorçulardan almalıyıq ki, mühasirə yarılsın.
Uşaqlar çox həvəsli görünürdülər. Hamı hücum dəstəsindən olmaq üçün israr və mübahisə etdiyi yerdə bir nəfərin kənarda oturub güldüyünü gördüm. Görkəmindən məlum idi ki, ilk dəfə döyüşə gəlməyib. Gülə-gülə uşaqlara deyirdi: “Gedin, gedin! Görüm əməliyyatdan qayıdanda da ön xəttə getmək üçün dava edəcəksiz, yoxsa yox”.
Mən Əfqanıstan ordusunda olduğuma görə nə demək istədiyini anlayırdım. Uşaqlarımızın çoxunun isə heç bir müharibə təcrübəsi yox idi, hələ onun sərt üzünü görməmişdilər.
Əmrə uyğun olaraq, altı manqaya bölündük. Üç hücumçu manqa həmin evə doğru gedib döyüşə girəcəkdi. İki manqa təpənin sağ və solunda dayanacaq, ehtiyac olduqda hücuma keçəcəkdi. Sonuncu manqa isə ehtiyat qüvvə kimi istehkamın yanında qalacaqdı.
Mən manqamla birlikdə evdən təxminən 800 metr aralıda sağ tərəfdə mövqe seçdim. Evin ətrafında döyüş başlandı. Ratsiyadan bildirildi ki, uşaqlar uğurla evə giriblər, amma çox keçmədən dəhşətli bir gurultu qopdu. Uzaqdan uşaqları görürdüm, qaça-qaça, sürünə-sürünə geri qayıdırdılar. Mən də manqamla birlikdə istehkamın arxasına qayıtdım.
Bütün plan pozuldu. Evdən sağ çıxmış uşaqlar istehkamın arxasında oturub ağlayırdılar. Hələ kimin şəhid olduğunu da bilmirdilər. Onlar müharibənin amansızlığı ilə ilk dəfə real şəkildə üzləşib heyrətə düşmüşdülər. Onları sakitləşdirməyə çalışdım. Narahat halda dedilər ki, evə bomba qoyulubmuş, biz girən kimi partladı. Sonradan öyrəndim ki, kustar bombalarla tələ qurmaq əl-Nüsrə cəbhəsinin fəndlərindən biridir. İstədikləri yerdə bomba quraşdırıb geri çəkilir, bizim uşaqlarımızı irəli buraxırdılar. Zamanı gələndə isə pultla bombanı partladırdılar.
Uşaqları sıraya düzüb saydım. On bir nəfər yox idi. Onlar həmin evə girənlər idi. Uşaqların köməyi ilə şəhidlərimizin adlarını qeyd etdim: Nəqəvinin müavini seçilmiş xuzistanlı Seyid Nasir, axşamlar bizə rövzə oxuyan məddahımız Yasir Cəfəri, bir axşam evinə zəng vurub qızının dünyaya gəldiyini öyrənmək üçün həyəcanla telefon axtaran Mehdi Həzara, sonradan iranlı olduğunu və saxta Əfqanıstan pasportu ilə Suriyaya gəldiyini öyrəndiyim Əhməd Dusti, sonuncu gecə üzü çox nurlanmış və hamının onunla şəkil çəkdirməyə can atdığı Seyid Mehdi Salmani, sakit oğlan olan, sonralar adını özümə kod adı seçdiyim Nəcib və digərləri.
Uşaqların bir neçəsi narahat halda əməliyyat komandiri Əbu Zeynəbin yanına gedib dedilər: “O evdə qalmış şəhidlərimiz nə olacaq? Cəsədlərini qaytarmaq üçün bir şey fikirləşməliyik”.
Uşaqlarımızdan on bir nəfəri şəhid olduğuna görə Əbu Zeynəb çox narahat idi, daim özünü qınayırdı. O, Nübl və əl-Zəhra uşaqlarından ikisini həmin evə xəbər gətirməyə göndərdi. Biri bizdən təxminən 300 metr aralıda güllə atəşindən yerindəcə şəhid oldu, digəri də yaralanıb yerə yıxıldı.
Fatimiyyun uşaqlarından Seyid Qulamsəxi Hüseyni uşaqlara hirsləndi.
– Sizin tərsliyinizə görə iki nəfər şəhid oldu. Niyə israr edirsiniz ki, şəhidləri indicə qaytarmalıyıq? Cəsədləri gətirməkdən ötrü bir neçə şəhid vermək yaxşıdır?!
Qarşıdan atəş açılsa da, o, yaralanmış suriyalı döyüşçünü gətirməyə getdi, onu çiyninə atıb qaça-qaça geri qayıtdı, amma təəssüf ki, yerə qoyanda yaralı davam gətirmədi, kəlmeyi-şəhadətini deyib şəhadətə qovuşdu. Qulamsəxi yenə uşaqları danladı ki, bu döyüşçü sizin israrınıza görə gedib şəhid oldu.
Artıq iş-işdən keçmişdi. Hamının qəm-qüssəsi daha da artdı.
Axşam elan etdilər ki, Fatimiyyun uşaqlarının qarovul çəkməsi lazım deyil, bu gecə istirahət etsinlər. Uşaqların çoxu ruhdan düşmüşdü, itirdikləri dostlarına, gördükləri səhnələrə görə kədərli idilər.
Soyuq noyabr axşamlarından idi. Elə orada, istehkamın arxasında yatmalı olduğumuza görə Nübl və əl-Zəhra uşaqları bütün adyallarını gətirib hərəmizə üçünü verdilər. Uzanıb yatmağa çalışdıq. Düşmənlə məsafəmiz təxminən 1 km idi, bəzən atəş səsi gəlirdi. Adyalları üstümə çəkdiyim yerdə əl-Zəhra uşaqlarından biri gəlib bir adyalın ucundan tutdu. Demək istəyirdi ki, götürümmü? Dedim ki, bəli, götür.
Adyalı götürən kimi dostları onu danlamağa başladılar. O da deyirdi ki, mənə də soyuqdur. Söhbətə qoşulub dedim ki, problem yoxdur, mənə iki adyal kifayət edər. Ancaq onlar dayanmır, dostlarını qınayırdılar ki, bu, dünyanın o başından bizimçün vuruşmağa gəlib, gərək soyuqlamasın, sənsə səhərədək soyuqdan əssən də olar.
Dostları ilə paylaş: |