İŞİD-lə üz-üzə


Altıncı fəsil Təmizləmə əməliyyatı



Yüklə 346,24 Kb.
səhifə13/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

Altıncı fəsil

Təmizləmə əməliyyatı


Uşaqlarımızdan on bir nəfəri şəhid olanda məhərrəmliyin yeddinci günü idi. Artıq doqquz gün idi ki, cəsədləri yerdə qalmışdı. Əbu Zeynəb bir neçə dəfə Həzrət Rüqəyyə qərargahı ilə danışmışdı ki, İsa Mətuqla birlikdə gedib şəhidlərin cəsədlərini gətirsinlər, amma icazə verməmişdilər. O bundan ötrü hələ də vicdan əzabı çəkir, özünü qınayırdı. Axşam namazlarından sonra həmişə deyirdi ki, Şəhid Yasir Cəfərinin rövzə filmini qoy, baxım. Onda Hələbin hava limanının zirzəmisində bir neçə beyt şeir oxumuşdu. Rövzəni dinləyib bərkdən ağlayırdı. Ağlaya-ağlaya Allaha nə dediyini bilmirəm, amma necə oldusa, axırda hacətini aldı: Bir ildən sonra şəhid oldu və cəsədi doqquz gün yerdə qaldı.

Nübl və əl-Zəhra qüvvələri hələ də təpənin başında mühasirədə idilər və müqavimət göstərirdilər. Ərzağı helikopterlə hündürdən onlara atırdılar. Əl-Nüsrə cəbhəsi Nübl və əl-Zəhra döyüşçülərindən ikisinin başlarının kəsilmə videosunu internetə yükləmişdi. Dostları buna görə çox hirsli idilər. Suriya ordusu mühasirəni yarmaq üçün əməliyyat planı hazırlayırdı. Digər tərəfdən, son bir neçə gündə buldozerlə istehkam qura-qura irəliləmiş, partlayışın baş verdiyi evin 200 metrliyinə çatmışdılar. Fatimiyyun qüvvələrindən altı və suriyalılardan altı nəfər olmaqla istehkamın arxasına yerləşdik. Düşmənə yaxın olduğumuza görə vəziyyət təhlükəli idi, daim atəş açılırdı. Hətta bir gecə əl-Nüsrə cəbhəsindən bir nəfər irəliləyib yaxından qumbaraatanla atəş açdı və uşaqlarımızın biri şəhid oldu.

Bir gün səhər çağı istehkamın arxasında oturub telefonla bir-birimizin şəklini çəkirdik. Birdən fitə bənzər bir səs gəldi, yerə mərmi düşdü və güclü toz-torpaq qalxdı. Ondan sonra bir-bir mərmilər gəlib qulaqbatıran səslə partlayırdı. Hər kəs olduğu yerdə uzanıb özünə bir çala qazdı. Mən də özümə kiçik bir sığınacaq düzəltdim. Mərmilər havada fırlana-fırlana gəlib yerə düşürdü. Bəzisi partlamırdı. Nübl və əl-Zəhra uşaqları deyirdilər ki, silahlıların minaatanı olmadığına görə mərmiləri mancanaqla atırlar, buna görə fırlana-fırlana gəlir.

Partlayışlar o qədər sürətli və ardıcıl idi ki, heç kəs başını bir an da sığınacaqdan qaldıra bilmirdi. Məndən 3 metr aralıya bir su butulkası düşmüşdü. Çox susuz idim, amma hər dəfə onu götürməyə qalxanda bir mərmi fiti gəlirdi. Bu vəziyyət günortadan sonraya qədər davam etdi və suriyalı uşaqlardan bir neçəsi yaralandı.

Bu müddətdə uşaqlar hələ də şəhidlərimizin cəsədlərini qaytarmaq barədə düşünürdülər. Fikirləşirdilər ki, bir kanal qazıb o evə gedək. Ancaq mən planlarına etiraz edib deyirdim: “Nübl və əl-Zəhra uşaqlarının təpənin başında mühasirədə qaldığı bir şəraitdə cəsədlərdən ötrü bu qədər fikir çəkmək düzgün deyil. Bir qədər səbir edin, şəhidlər üçün 10 günün 15 günlə fərqi yoxdur”.

Suriya ordusu təpəni dövrə vurmağı bacardı və əl-Nüsrə cəbhəsi geri çəkilməyə məcbur oldu. Bizə dedilər ki, əməliyyata hazırlaşaq. Təpənin yamacındakı kəndə hücum edəcəkdik. Halbuki silahlıların hələ kənddə qalıb müqavimət göstərmə ehtimalı vardı.

Əbu Zeynəb iki gün idi Livana məzuniyyətə getmişdi. Bizim uşaqlarımızın şəhid olmasında özünü günahkar hesab etdiyinə görə əməliyyat günü qayıtdı.

Əməliyyat başlayanda kəndə doğru yola düşdük. Yolda boş düşmən səngərləri ilə rastlaşırdıq. Kənddə də sakitlik idi, deyəsən, təzəlikcə boşaldıb qaçmışdılar. İşin qaydası belə idi ki, bomba və pusqu ehtimalına görə hər evi beş döyüşçü və bir minaçı təmizləməli, zərərsizləşdirməli idi. Ancaq canlı qüvvə azlığına görə orada uşaqların hər biri bir küçəni təmizləməyə başladı. Ağır və həyəcanlı iş idi.

Kənd qorxunc sükuta qərq olmuşdu. İlk dəfə idi elə varlı kənd görürdüm. Evlərin çoxu üçmərtəbəli idi, damlarında böyük hovuzlar vardı. Evlərin içindəki vəziyyətdən bəlli idi ki, ev sahibləri təzəlikcə qaçıblar. Qapıları təpiklə açıb otaqlara girir, bütün şkaf, siyirmə və sandıqları açıb baxırdıq. Təhlükə ehtimalı olan bir yerə girmək istəyəndə əvvəlcə əl qumbarası atırdıq. Xoşbəxtlikdən, heç bir hadisə baş vermədi, kustar bombalarla dolu bir evdən başqa bir şeylə rastlaşmadıq. Yəqin ki, bizim uşaqlarımızı tək evdə həmin bombalarla partladıb şəhadətə yetirmişdilər.

Nəhayət, mühasirə yarıldı, təpə azad edildi. Əlli suriyalı döyüşçüdən yalnız yeddi nəfər sağ qalmışdı. Kənd təmizlənəndən və bölgədə təhlükəsizlik yaranandan sonra Əbu Zeynəbin razılığı ilə dostlarımla birgə tək evə şəhidlərimizin cəsədlərini gətirməyə getdik.

Partlayış cəsədləri təxminən sıradan çıxarmışdı. Qismən sağlam qalmış cəsədlər də günəş və yağış altında qaldığına görə şişib qaralmışdı. Suriyalı uşaqların bir neçəsi video çəkmək istəyirdi, amma şəhidlərə hörmətsizlik olar deyə icazə vermədim.

Mən Əfqanıstan ordusunda oxşar səhnələr görmüşdüm, amma uşaqlar ilk dəfə idi belə cansız bədənlərlə rastlaşırdılar. Mat-məəttəl dayanıb yalnız baxırdılar. Bir cəsəddən yapışıb uşaqları köməyə çağırdım, amma yerlərindən tərpənmədilər. Sanki qurumuşdular. Başlarına qışqırdım: “O qədər israr edirdiniz ki, şəhidlərimizi qaytaraq! İndi gəlin, kömək edin, niyə yerinizdə qurumusuz?!”

Yavaş-yavaş yaxınlaşdılar. Ancaq bir şey etmək də olmurdu. Cəsədlər o qədər parçalanmışdı ki, qaldırmaq mümkün deyildi. Yerə çadır sərib bir şəhidin cəsədini yavaşca onun üzərinə qoyduq, büküb hər iki tərəfdən iplə bağladıq.

Cəsədlərin heç birini tanıya bilmədik. Partlayış dalğasına görə hətta kimlik nişanları da sıradan çıxmışdı. Onları əşyalarından tanımağa çalışdıq. Cəsədlərin birinin yanına bir kalaşnikov avtomatı düşmüşdü. Bildik ki, o, Nasirdir. Silah verilən gündən aldığı rus kalaşnikovu ilə öyünürdü. Qrupumuzun rövzəxanı olan Yasir Cəfərini çəkmələrindən tanıdıq. Ayağını vurduğuna görə bir hissəsini qayçı ilə kəsmişdi. Bir nəfəri də siqaret qutusundan tanıdım.

Şəhidləri İrana apardılar. İlk şəhidlərdən olduqlarına görə razılaşdırmalarda problemlər yaranırdı. Şəhidlərin birinin cəsədini qrupumuzun sağ uşaqlarından Seyid Mehdi ilə səhv salmış, Qumda ona yas saxlamışdılar. Bir müddətdən sonra Seyid Mehdi evlərinə zəng vuranda onların sərt reaksiyası ilə üzləşdi. Onlara deyirdi ki, Seyid Mehdiyəm, sağam, şəhid olmamışam... Ancaq yaxınları deyirdilər ki, şəhid ailəsi ilə belə zarafat edərlər?! Axırda telefonda həyat yoldaşına bəzi xatirələri söyləyəndən sonra inanmışdılar. Məzarı açandan sonra məlum olmuşdu ki, cəsəd özünü əfqanıstanlı kimi göstərib Suriyaya getmiş iranlı Əhməd Dustiyə məxsusdur.



Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin