Sirac düşərgəsi
Dəməşq hava limanının yaxınlığında Sirac düşərgəsi adlı bir bina vardı, oraya təxminən 300 Fatimiyyun döyüşçüsü yerləşmişdi. İrana uçuş növbəmiz çatana qədər bir neçə gün orada qalmalıydıq. Bir gün həyətdə gəzişdiyim yerdə bir maşın gəldi. Sərnişinləri Fatimiyyundan idilər, ratsiyaları da vardı. Maşından endilər, yerə bir minaatan bərkidib atəş açdılar. Əbu Hamidin sözləri yadıma düşdü, Fatimiyyunun müxtəlif sahələrdə ixtisaslaşmasını və öz ayağı üstə dayanmasını istəyirdi. Bu baxımdan çox sevinib ümidvar oldum.
Bu müddətdə Zeynəbiyyəyə ziyarətə və alış-verişə getdik. Bizi bir avtobus apardı. Sürücü avtobusu saxlayıb yerə endi. Uşaqlardan bir neçəsi də avtobusdan düşdü, uzaqdan kiçik və qərib bir günbəz görüb ikiəlli başlarına vuraraq qışqırdılar:
- Uşaqlar, gəlin, görün bibinin hərəmi necə qəribdir!
Suriyalı uşaqların biri dedi:
- Siz nə edirsiz?! Hələ hərəmə çatmamışıq. Bu, bir məscidin günbəzidir.
Düşmən yaxınlaşmış olsa da, həzrət Zeynəbin hərəminin ətrafında təhlükəsizlik təmin olunmuşdu. Düşmən mərmiləri ora asanlıqla çatırdı, amma çox nadir hallarda atəş açılırdı. İki tərəf arasında yazılmamış bir anlaşma var idi; bilirdilər ki, vursalar, vurulacaqlar.
Hərəmdə özümü çox yaxşı hiss edirdim. Bütün həyatım mənə günəşli bir gün kimi aydınlaşmışdı. Bütün suallarıma cavab tapmışdım, özü də yaxşı cavablar. Mən Türkiyədə, Yunanıstanda, Əfqanıstanda və ya hər hansı bir yerdə yaşamaq yerinə xanım Zeynəbin hərəmini müdafiə etməyə seçilmişdim. Allaha çox şükür edirdim.
On beş günlük məzuniyyətdən sonra Dəməşqə qayıtdım. Biz əsas qərargahda olanda Fateh gəldi. Onu birinci dəfə idi görürdüm. Əsil adı Rza Bəxşi idi, amma hamı onu kod adıyla çağırırdı. Özünü Kadrlar bölməsinin rəhbəri kimi təqdim etdi. Sonralar bildim ki, Əbu Hamidin bölgədəki müavinidir və altı aydır məzuniyyətə getməyib. Mənə maraqlı idi ki, həm möhkəm və ciddi danışırdı, həm də dodaqlarındakı təbəssümü qoruya bilirdi. O danışanda Əbu Hamidin Fatimiyyun üçün nəzərdə tutduğu planlar yadıma düşürdü. Sanki danışan o deyildi, Əbu Hamidin ruhu onun bədəninə üfürülmüşdü. O, Həzrət Zeynəb qərargahının müxtəlif sahələrini təqdim etdi: zirehli birləşmə, artilleriya, nəqliyyat, mühəndis-istehkam, nişançı, maddi təminat, rabitə və s. Bütün bu ixtisaslaşmış hərbi birləşmələrin bir iranlı komandiri vardı. O, ehtiyacına uyğun olaraq, suriyalı və əfqanıstanlılardan kadrlar götürürdü.
Fateh müxtəlif sahələrə bölmək üçün bütün uşaqların təhsil, təcrübə və maraqlarını öyrəndi. Mən Əfqanıstan ordusunda üç il əşya və ərzaq xidmətində təcrübə keçmişdim. Bunu adımın önündən qeyd etdi.
Bir gün hərbi hissənin həyətində idim. Birdən əşya və ərzaq xidmətinin önündə uşaqlardan bir neçəsinin mübahisə etdiyini gördüm. Dava bunun üstündə idi ki, şəxsi heyətə su və yemək ya vaxtında çatmır, ya da az verilir. Bir saatdan sonra Əbu Hamid məni çağırdı.
– Sən blankında yazmısan ki, bir neçə il əşya xidmətində təcrübə keçmisən. Doğrudur?
– Bəli.
– Əşya və ərzaq xidmətini sənə vermək istəyirəm. Bir müddətdir şəxsi heyətdə narazılıq yaranıb, istəmirəm bir də yeməyin və ya həftəlik ərzağın az verildiyindən ötrü səs-küy yaransın. Görüm nə edirsən.
– Baş üstə! Əlimdən gələni edəcəyəm.
Həmin gündən əşya və ərzaq xidmətində işləməyə başladım. Ancaq bu iş çox da ürəyimcə deyildi, Hələbə qayıtmaq istəyirdim. Daim Nübl və əl-Zəhra uşaqları ilə birgə istehkamın arxasındakı günlərimizi xatırlayırdım. Həzrət Rüqəyyə qərargahının komandirinin verdiyi nömrə ilə əlaqə saxlayıb dedim: “Mən Hələbə gəlmək istəyirəm. Lütfən kömək edin”.
Bir neçə gündən sonra Əbu Hamid bir iclasda dedi: “Bilmirəm kim tez-tez Hələblə əlaqə saxlayır. Əgər onu tapsam, vay halına!”
Əbu Hamiddən qorxub tez telefonumu söndürdüm.
Zaman ötdükcə Əbu Hamidi daha yaxşı tanıdım və barəsində yanlış düşündüyümü bildim. Əvvəllər fikirləşirdim ki, biz cihada gəlmişik, Əbu Hamid isə başçılıq etmək, güclənmək həvəsindədir, Fatimiyyunu Hələbə getməyə qoymur, hamını Dəməşqdə öz nəzarəti altında saxlayır. Amma yavaş-yavaş bu insanın necə ixlaslı olduğunu gördüm. Bildim ki, məqsədi daha böyükdür və müqəddəs arzuları var. Onun həyatının uzun illəri İran-İraq müharibəsində, Sovetlərə və Talibana qarşı döyüşlərdə keçmişdi. Buna görə də, uşaqların təlimindən ötrü ən kiçik imkanlardan da istifadə edirdi.
Bir gün hərbi hissəyə bir DŞK pulemyotu gətirdilər. Uşaqlardan on beş nəfərlə birgə həyətdə idik. Əbu Hamid bizi çağırıb dedi: “Nə işiniz varsa, yerə qoyub gəlin, bunu öyrənin, hardasa işinizə yarayacaq!”
Özü pulemyotu açıb-bağladı, sonra bizə dedi ki, növbə ilə bir-bir açıb-bağlayaq. Səhvlərimizi də söyləyirdi.
Dəməşqin Şərqi Qutə bölgəsində Məleyhə əməliyyatı başlayanda Əbu Hamid də oraya getdi və biz onu az-az görməyə başladıq. 2014-cü ilin yazında Seyid Həsən Nəsrullahın Fatimiyyuna təbrik məktubu yayıldı. Əbu Hamid Fatimiyyundan yüz nəfərlə birlikdə Laziqiyyə bölgəsindəki Kəsəb adlı mühüm bir yeri ələ keçirə bilmişdi. Bu böyük qələbə uşaqların ruh yüksəkliyini bir neçə dəfə artırdı.
Mənim əşya və ərzaq xidmətində işlədiyim müddətdə Şərqi Qutə əməliyyatları davam edirdi. Canlı qüvvə azlığına görə nişançı uşaqları da əməliyyata aparmağa məcbur olurdular.
Bir gün Fatimiyyun nişançılarının komandirini gördüm. Adı Süleyman idi. Onunla dost idik. Ah çəkib ağlayır, deyirdi: “Bütün bölüyüm əldən getdi. Təlim görmüş peşəkar döyüşçülərimin hamısı ya şəhid oldu, ya da yaralandı”.
Ağır günlər idi. Şəhidlərin sayı çox idi. O zaman əşya və ərzaq xidmətinin işləri dəqiq müəyyən olunmamışdı. Canlı qüvvə azlığına görə yemək, su və sursatı başqa bir nəfərlə özüm aparırdım.
Biri su və yeməklə, digəri də silah və sursatla dolu iki maşını mümkün yerə qədər sürüb saxlayırdıq. Hələ maşın yolu vardı, ancaq minaatanla vurduqlarına görə qalanını piyada getməli olurduq. Hərəmiz bir içməli su və bir sursat qutusunu qoltuqlarımızın altında tutub düşmənin gözü önündə təxminən 1 km yolu qaçırdıq. Qayıdanda da yaralıları geri gətirirdik. Yolda bir adam görəndə də deyirdik ki, əliboş getmə, qutulardan birini götür. Qida maddələri və sursat aparmaq üçün həmin yolu dəfələrlə gedib-gəlirdik.
Fateh son zamanlarda əşya və ərzaq xidmətinə beş nəfər vermişdi. Özümlə altı olurduq. Onların biri Seyid İsa Musəvi adlı enerjili qoca idi, yaşlı olduğuna görə onu vuruşmağa qoymurdular. Onu və başqa bir nəfəri qərargahda qoyurdum. Seyid İsa yorulmaz olduğuna, köhnə və yeni döyüşçülərə lazımi əşyaların çatdırılmasında fəallığına görə arxayın olurdum. Biz dörd nəfər isə növbə ilə döyüş yerinə gedirdik, qida məhsulları və silah-sursat aparmaqdan əlavə, yaralıları da yerbəyer edir, ratsiyalara batareya aparır və hələ bir şəxsə tapşırılmamış digər işləri görürdük.
Şərqi Qutədə döyüş çox zəif, addım-addım irəliləyirdi. Biz düşmənə ev-ev, hətta mərtəbə-mərtəbə yaxınlaşır, çox əziyyətdən sonra dörd-beş evi tutmağa müvəffəq olurduq. Halbuki onları qorumaq ələ keçirməkdən çətin olurdu. Bəzən elə olurdu ki, bir evin birinci mərtəbəsi Fatimiyyunda olurdu, ikinci mərtəbəsi düşməndə. Nişançı uşaqlar böyük işlər görürdülər. Çünki şəhərdaxili bir müharibədə yaxşı bir nişançı bir diviziyanı uzun müddət çökdürə bilir.
Şərqi Qutədə bir yağ zavodunu ələ keçirməkdən ötrü Fatimiyyundan, Hizbullahdan, iraqlılardan və Suriya ordusundan ibarət hərbi qüvvələr iki ay döyüşdülər, ancaq onu ələ keçirə bilmirdilər. Axırda ehtimal verdilər ki, düşmən tunel qazıb, bu yolla zavoda canlı qüvvə aparır. Hətta tank və minaatan mərmiləri də zavodu yerlə-yeksan edə bilmirdi, hələ də oradan avtomat və pulemyotlarla atəş açılırdı.
Suriyada binalar olduqca möhkəm idi, daş, beton və armatur ucuz olduğuna görə bütün binaları bu materiallarla tikmişdilər. Mərmi və raket dəyəndə divarlar deşilirdi, amma bina uçmurdu.
Zavodu ələ keçirəndən sonra gördük ki, orada düşmən qüvvələrindən cəmi iki nəfər var. Onlar həm güclü iradələrinə və peşəkar olduqlarına görə, həm də zavodun binası möhkəm olduğuna görə iki ay müqavimət göstərə bilmişdilər.
Şərqi Qutənin əsas yolunda gedib-gəlmək təhlükəli idi. Buna görə bağların və əkin sahələrinin ortasından bir yol çəkmişdilər. Bu yolun torpağı çox yumşaq və yüngül idi, iki maşının eyni zamanda hərəkəti mümkün deyildi; öndəki maşın o qədər toz-torpaq qaldırırdı ki, arxadakı sürücü heç nə görə bilmirdi. Yolun əvvəlinə və sonuna bir hava nasosu qoymuşdular. Maşınlar çatan kimi kapotu qaldırıb havasını alırdılar. Buna baxmayaraq, Fatimiyyunun on iki avtomobilindən yalnız ikisi salamat qalmışdı, digərlərinin motoru yanmışdı.
Dostları ilə paylaş: |