İSLAM sülh DİNİDİR
Terrorun ən başlıca mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə zor istifadə etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız olan dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə “qarşı tərəf, bizdən olmayan tərəf” olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur.
Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi bir kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xoşniyyətlilik, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən, insanlara rahatlıq və sülh dolu bir həyat bəxş etmək üçün Yer üzünə endirilmiş bir dindir. Quran ayələrində insanlar Yer üzündə mərhəmətin, şəfqətin, xoş münasibətin və sülhün yarana və yaşaya biləcəyi model olaraq məhz İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:
قال الله تعالى:
يأيها الذين ءامنوا ادخلوا في السلم كافة و لا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين
Allah taala buyurmuşdur:
«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!»
Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir.
Quran əxlaqına görə, bir müsəlman onların müsəlman olub-olmamasından asılı olmayaraq bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəifləri və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa borclu və məsuldur. Fitnə-fəsad yer üzündə insanların əmin-amanlığını və rahatlığını, sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə də buyurulur ki, “Allah fitnə-fəsadı sevməz!”13.
Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsad nümunələrindən biridir. Allah Quranda bu vəziyyəti belə açıqlayır:
قال الله تعالى:
أنه من قتل نفسا بغير نفس أو فساد في الأرض فكأنما قتل الناس جميعا و من أحياها فكأنما أحيا الناس جميعا
Allah taala buyurmuşdur:
“...Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”14.
Göründüyü kimi, tək bir insanı belə, “bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş” bir insanı belə öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir günah qazanır. Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımının və indi gündəmdə olan ifadə ilə desək, “intihar hücumları”nın nə qədər böyük bir günah olması aydın görünür. Allah terrorçuluğun bu əzazilliyinin axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:
قال الله تعالى:
إنما السبيل على الذين يظلمون الناس و يبغون في الأرض بغير الحق أولئك لهم عذاب أليم
Allah taala buyurmuşdur:
«Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!»15.
Bütün bunlar göstərir ki, günahsız insanlara qarşı terror əməlləri hazırlamaq və onları həyata keçirmək İslama tamamilə zidd bir işdir və heç bir müsəlman belə bir günah edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almaqla Yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. Müsəlmançılıq terrorla bir yerdə ola, hətta birgə təsəvvür edilə bilməz, əksinə, İslam terrorun qarşısındakı ən böyük maneə və terror probleminin çözülməsi yoludur.
İSLAM SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN MƏNBƏYİDİR
Bir dinin adı altında ortaya çıxdığını bildirən insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu səbəblə də həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlış olar. Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, ədalət, təvazökarlıq, fədakarlıq, xeyirxahlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan bir müsəlman son dərəcə kübar, gözütox, dərin düşüncəli, incə ruhlu, təvazökar, ədalətli, xoşniyyət, səmimi, etibarlı və hərtərəfli şəkildə kamil bir insan olur, ətrafındakılara da sevgi, sayğı, rahatlıq və həyat sevinci bəxş edir.
Müasir dövrdə gənclərimizin Allahın yoluna qayıtması hər kəsi sevindirmişdi. Bununla İslam Universitetləri, mədrəsələri, elm məclisləri çoxaldı, gənclərimiz İslam dininə yiyələnməyə başladılar. Amma təəssüflər olsun ki, bu sevincin ömrü qısa oldu. Çünki bəzi radikal qruplar İslam gənclərinin birliyini pozaraq onları terrora, çirkin əməllərə yönəltdilər. İslam dininin ən çox önəm verdiyi əmin-amanlığı, sabitliyi pozdular. Bu çirkin əməllərin başında duran Ben Laden kimi nadanlar Allahın Qurani-Kərimdə buyurduğu «Siratil-Mustəqim»-dən (düz, doğru yoldan) uzaqlaşaraq öz nəfslərinə uydular. Öz çirkin əməllərinin əslində İslam olduğunu gənclərə təlqin etmək istədilər. Amma şübhə yoxdur ki, İslam dini onların bu çirkin əməllərindən uzaqdır. Onlar öz nəfslərinə uyaraq, öz istək və arzularına uyğun dinə yeniliklər edərək haqq yolundan uzaqlaşdılar.
يقول الله عز و جل في محكم تنزيله :
فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ وَمَنْ أَضَلُّ مِمَّنَ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللَّهِ إِنَّ اللَّهَ لا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
Allah taala buyurmuşdur:
«Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!»16;
يقول الله عز وجل:
إن يتبعون إلا الظن و ما تهى الأنفس و لقد جاء من ربهم الهدى
Allah taala buyurmuşdur:
«Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir»17.
Çünki yuxarıda qeyd edilən radikal qruplar və onların nadan başçıları İslam gənclərini dində həddini aşmağa və İslam dini ilə əlaqəsi olmayan çirkin əməllərə sövq etdilər.
قال الله سبحانه و تعالى:
قُلْ يَا أَهْلَ الْكِتَابِ لا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيل
Allah taala buyurmuşdur:
«De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!"»18.
Dində həddini aşmağı (ifrata varmagı) bütün növləri ilə Allah və onun elçisi Məhəmməd (s.ə.v.) qadağan etmişdir. Həddini aşmaq Allah və onun elçisinin önünə keçmək və Allah və onun elçisinin kəlamlarını heçə saymaqdır.
وقوله صلى الله عليه و سلام:
( إياكم و الغلو في الدين)
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Dində ifrata varmaqdan (həddini aşmaqdan) çəkinin” 19.
و قال أيضا:
( هلك المتنطعون , هلك المتنطعون , لك المتنطعون)
Digər hədisi şərifdə (s.ə.v.) buyurmuşdur: “Həddini aşanlar həlak oldu, həddini aşanlar həlak oldu, həddini aşanlar həlak oldu” 20.
Əlbəttə ki, dində həddini aşaraq İslam gənclərini radikallığa və İslam dini tərəfindən lənətlənmiş terror hadisələrinə cəlb edənləri şeytan aldatmış, onları doğru yoldan uzaqlaşdıraraq onların çirkin əməllərini gözəl göstərmişdir. Uca Allah Qurani-Kərimdə belə insanlar haqqında buyurmuşdur:
قال الله تعالى:
أفمن زين له سؤء عمله فرءاه حسنا فإن الله يضل من يشاء و يهدي من يشاء
Allah taala buyurmuşdur:
«Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların nə etdiklərini biləndir!»21.
قال الله تعالى:
أفمن كان على بينة من ربه, كمن زين له سؤء عمله واتبعوا أهوآءهم
Allah taala buyurmuşdur:
«Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar»22.
قال الله تعالى:
أفمن يمشي مكبا على وجهه , أهدى أمن يمشي سويا على صراط مستقيم
Allah taala buyurmuşdur:
«Elə isə (küfrü ucbatından) üzüstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən?!»23.
Məlum olduğu kimi İslam dini həmişə həddini aşmağın əleyhinə olmuş və onunla mübarizə aparmışdır. Çünki İslam dini rəhmət və mərhəmət dinidir: Uca Allah Qurani-Kərimdə sonuncu elşisi Məhəmmədi (s.ə.v.) insanlara rəhmət olaraq göndərdiyini bildirmişdir.
قال الله تعالى:
يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلا يُرِيدُ بِكُمُ الْعُسْرَ
Allah taala buyurmuşdur:
«Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz»24.
قال الله تعالى :
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ وَخُلِقَ الإنْسَانُ ضَعِيفًا
Allah taala buyurmuşdur:
«Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır»25.
İnsanlara hər şeyi çətinləşdirmək Allahın sevmədiyi ən çirkin əməllərdən biridir.
قال النبي صلى الله عليه و سلام :
( إن هذا الدين يسر, و لن يشاد الدين أحد إلا غلبه )
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Bu din rahatlıq dinidir, kim bu dində çətinliyə (həddini aşmağa) baş vursa, o, məğlub olmuşdur”26.
وقال أيضا:
( إن الله رفيق يحب الرفق, يعطي على الرفق ما لا يعطي على العنف)
Digər bir hədisdə deyilir: “Allah mülayimdir və mülayim olmağınızı sevər. Allah mülayimliyə görə verdiyini sərtliyə görə verməz”27.
قال النبي صلى الله عليه و سلام :
( من حرم من الرفق ,حرم من الخير كله)
Hədislərin birində həmçinin deyilir:
“Kim mülayim olmaqdan məhrum olarsa, artıq xeyirdən məhrum olmuşdur”28.
و قال أيضا:
(إذا أراد الله بأهل بيت خيراو أدخل عليهم الرفق)
Başqa bir hədisdə deyilir:
“Əgər Allah bir ailəyə xeyir istəyərsə, onlara mülayimlik bəxş edər”29.
Həmçinin İslam dini insanlara həmişə orta yolu seçməyi bildirmiş, şiddətli olmağı və həddini aşmağı qadağan etmişdir.
قال الله تعالى :
وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلا عَلَى الَّذِينَ هَدَى اللَّهُ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ
Allah taala buyurmuşdur:
«(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun…»30.
İslam ümmətinin əsas xüsusiyyəti də budur. Hətta Uca Allah hər şeydə, hətta yemək-içməkdə belə həddini aşmağı qadağan etmişdir.
قال اله سبحانه و تعالى:
يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلا تُسْرِفُوا إِنَّهُ لا يُحِبُّ الْمُسْرِفِينَ
Allah taala buyurmuşdur:
«...gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!»31.
قال الله تعالى :
وَلا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَحْسُورًا
Allah taala buyurmuşdur:
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!»32.
Çox təəssüf ki, bugünkü dövrümüzdə radikal qruplaşmalar (Xəvariclər33) dini məsələlərdə hədlərini aşaraq batilcəsinə, səfirlikləri, ticarət mərkəzlərini, avtobusları və sairə yerləri partladaraq günahsız insanların qanlarını axıdırlar. Neçə-neçə körpənin həyatına son qoyurlar, nə qədər anaları gözü yaşlı qoyurlar. Bunu edən nadanlar bu çirkin əməllərinə görə axirətdə Allah qarşısında özlərinə necə bəraət qazandıracaqlar. Məgər şadlıq sarayını, avtobusu, ticarət obyektini və s. ictimai yerləri partladaraq insanları qətlə yetirmək cihaddırmı?
Hansı ki, nadanların kafirlərə qarşı mübarizə apardığını iddia edərək qeyd edilən terror hadisələrinin baş verdiyi ölkələrin çoxu müsəlmanlardır. İordaniyadakı son terror hadisəsində 3 yaşlı körpə uşaq da qətl edildi. Budurmu cihad?
Əlbəttə ki, qəlbində İslam sevgisi daşıyan hər kəs belə çirkin əməllərin Allah qatında nə qədər günah olduğunu yaxşı dərk edir. Məgər onlar bilmirlər ki, buna görə Allah qarşısında cavab verəcəklər!? Bəlkə belə nadanlar İraqdakı şəxsi mübarizəsi ilə İslam ümmətinə qarşı çıxırlar? Nəyə görə? Bu nadanlar Qərbə qarşı mübarizə apardıqlarını iddia etsələr də, amma daha çox müsəlmanları öldürürlər. Bu nadanlardan soruşulur: indi hansı müsəlmanları öldürməyə hazırlaşırsınız?
VICDAN ANLAYIŞI
Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.
Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.
Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:
قال الله تعالى:
و نفس و ما سواها , فألهمها فجورها و تقواها , قد أفلح من زكاها و قد خاب من دسها
Allah taala buyurmuşdur:
«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!»34.
Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır.
Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.
Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısələrə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıyacaqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, “qapıları bağlanmış“ sonsuz bir əzab alovu ilə qarşılanacaqdır.
Vicdansızlıqları ilə tarixə düşmüş insanlar: Firon
Firon, Musa (ə.s)-ın Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi dövrdə yaşamış və Qur’anda haqqında ən çox söz açılan inkarçıdır. Fironun istər Musa (ə.s)-a və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı olan münasibəti təfsilatı ilə tədqiq edildikdə, vicdanına qulaq verməyən, öz nəfsinin əsiri olmuş və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri meydana çıxacaqdır. İnkarçıların qabaqcıllarından olan və öz xalqı arasında zülmü ilə məşhur olmuş Fironun mənəvi aləmini, məntiq tərzini, həvəslərini, istək və arzularını, qorxularını, gözlənilməz hadisələrə reaksiyasını Quran ayələrinə baxaraq analiz etmək və beləcə vicdansız bir insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Burada Fironla əlaqəli bəzi Quran ayələri tədqiq ediləcək və vicdansızlığın ən ifrat nöqtələri nümayiş etdiriləcəkdir.
Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən yadda saxlanılmalı mühüm bir cəhət budur ki, onun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə kifayət qədər yayılmışdır. Səmimi düşüncəyə malik hər bir insan bu əxlaq tərzinin müasir cəmiyyətdə öz əksini necə tapdığını asanlıqla görə biləcəkdir. Ən səmimi hərəkət isə hər bir insanın bu xüsusiyyətləri digər insanlardan əvvəl özündə – az vəya çox dərəcədə – axtarması və vicdanına zidd cəhətləri islah etməsi olacaqdır.
Fironun zalımlığı
Fironun Quranda göstərilən əsas xüsusiyyətlərindən biri onun zalımlığıdır. Quranın bildirdiyinə görə Firon hakim olduğu insanların böyük bir qisminə (xüsusilə İsrailoğullarına) təzyiqlər göstərir, hətta uşaqları belə öldürtdürürdü:
قال الله تعالى:
إن فرعون علا في الأرض و جعل أهلها شيعا يستضعف طائفة منهم يذبح أبناءهم و يستحي نساءهم إنه كان من المفسدين
Uca Allah buyurmuşdur:
«Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad töədənlərdən idi!»35
İndi isə bir anlığa Fironun əməlləri ilə xəvariclərin törətdiyi terror hadisələrini müqayisə edin. Aralarında fərq vardırmı?
Firon uşaqları diri–diri boğazlarından kəsdirərək qətl etdirirdi, xəvariclər isə terror hadisələri törədərək körpə uşaqları qanına qəltan edirlər.
Firon bu çirkin əməlini edərkən özünün haqq yolunda olduğunu deyirdi və Allahlıq iddiasına düşmüşdü. Xəvariclər və onların ideya rəhbəri olan Ben Ladenlər də özlərinin haqq yolunda olduğunu qeyd edərək cihad adı altında terror hadisələri törədərək, dinc insanları qətl edir və bu partlayışlarda neçə-neçə körpələr və müsəlman bacılarımız və analarımız qətl edilirlər.
Mahiyyət etibarı ilə Fironun törətdiyi çirkin əməllərlə xəvaricləri törətdiyi çirkin əməllər arasında elə böyük bir fərq yoxdur.
Əslində Fironun zalımlıq üzərində qurduğu nizam, müasir dövrdə də bənzərinə rast gəlinməsi mümkün olan düşüncə tərzinin tarixdəki nümunəsindən başqa bir şey deyildir. İnkara və intəhasız haqsızlığa əsaslanan bütün düşüncə tərzləri özlərini qorumaq üçün qadınları, uşaqları qətlə yetirə bilir, təcavüzkar müharibələr başladır, yüz minlərlə insanı bir anda məhv edən bombaları yağdıra bilirlər. Əsas məqsədləri nə yolla olursa olsun öz mənfəətlərini və hegemonluqlarını qorumaqdır. İnsan elədiyi hərəkətin Allahın nəzərindəki qiymətini nəzərə almadan yaşayarsa, mütləq zülm etməyə başlayacaq, insanların haqlarına təcavüz edəcək və aldığı qərarlar minlərlə insanın həyatına son qoyacaqdır.
ŞEYTANIN HEÇ DAYANMAYAN FƏALİYYƏTİ
Allah Adəm (ə.s)-ı yaratdığı və bütün mələklərə “Adəmə səcdə edin” deyə əmr etdiyi vaxt şeytan buna etiraz etmiş və bu üsyanı səbəbi ilə əbədən lənətlənmişdi. Bunadan sonra o, qiyamət gününə qədər insanları doğru yoldan azdırmaq üçün Allahdan izn istəmişdi. Allah bu izni ona verdikdən sonra şeytan belə vəd etdi:
قال الله تعالى:
قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم, ثم لآتينهم من بين أيديهم و من خلفهم و عن أيمانهم و عن شمائلهم و لا تجد أكثرهم شاكرين, قال اخرج منها مذءوما مدحورا لمن تبعك منهم لأملأن جهنم منكم أجمعين
Uca Allah buyurmuşdur:
«(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, saçlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!". (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!»36
Başqa bir ayədə şeytanın doğru yodan azdırma vədi belə açıqlanır:
قال الله تعالى:
ولأضلنهم و لأمنينهم ولآمرنهم فليبتكن ءاذان الأنعم و لآمرنهم فليغيرن خلق الله و من يتخذ الشيطان وليا من دون الله فقد خسر خسرانا مبينا
«Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır».37
Əgər insan şeytanın bu xüsusiyyətindən bixəbər olsa özünü ondan qoruya bilməz və asanlıqla onun tələlərinə düşə bilər. Bu səbəblə mömin Quranda xəbər verilən bu həqiqəti daima xatırlamalı, şeytanın zəlalətə dəvət edən çağırışlarına qarşı daima oyaq olmalıdır. Belə ki, bir ayədə belə buyurulur:
قال الله في محكم تنزيله:
إن الشيطان لكم عدو فاتخذوا عدوا إنما يدعو حزبه ليكونوا من أصحاب السعير
«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır»38
Möminlər şeytanın hiylələrinə qarşı hamıdan daha diqqətli olmalıdırlar. Çünki şeytanın əsl məqsədi onları doğru yoldan azdırmaqdır. İnkarçıları azdırmaq üçün cəhd etməsinə ehtiyac yoxdur, çünki onlar onsuz da şeytanın ordusuna dönmüşdürlər. Bu səbəbdən şeytan var gücü ilə möminləri mənəvi cəhətdən zəiflətmək, onları müxtəlif məkrlərlə dini əxlaqı öz həyatlarına tətbiq etməkdən çəkindirməyə çalışır. Bu səbəbdəndir ki, Allah şeytanın fitnələrinə qarşı möminlərə belə xəbərdarlıq edir:
قال الله سبحانه و تعالى:
يأيها الذين آمنوا لا تتبعوا خطوات الشيطان و من يتبع خطوات الشيطان فإنه يأمر بالفحشاء و المنكر ولولا فضل الله عليكم و رحمته ما زكى منكم من أحد أبدا و لكن الله يزكي من يشاء و الله سميع عليم
«Ey iman gətirənlər! şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!».39
Allahın Quranda bildirdiyi kimi şeytan bu fəaliyyəti ilə ixlaslı möminlərə təsir edə bilməyəcəkdir. Amma zəiflik göstərən və qəflətə düçar olanların şeytanın bu mənfi dəvətinin təsiri altında qalmaları mümkündür. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, fasiləsiz, daima davam etdirməkdədir. Mömin də buna qarşı daima Allahı zikr etməli, hər an diqqətli və mənəvi cəhətdən ayıq-sayıq olmalıdır.
ŞEYTANIN VICDANLI INSANLAR ÜZƏRINDƏ
HEÇ BIR TƏSIRI YOXDUR
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, şeytan həqiqətən özündən qorunulması vacib olan bir gücdür. Ancaq bunu da qeyd etmək lazımdır ki, şeytanın gücü son dərəcə zəifdir. Allah bir ayədə şeytanın bu halını bizə belə izah edir:
«İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!».40
Şeytana insanlara təsir edə bilmə imkanı Allaha iman edənlərlə şübhəyə düşənlərin bir-birindən ayırd edilə bilməsi üçün verilmişdir. Hər şeydən əvvəl onu qeyd edək ki, şeytan özünə məxsus müstəqil bir qüvvə sahibi deyildir və Allahın diləməsi xaricində bu gücündən istifadə edə biləcək bir varlıq deyildir. Şeytan Allahın insanı sınağa çəkməsi üçün istifadə etdiyi mənfi bir gücdür. Allah qullarını sınağa çəkmək və kimlərin vicdanlarına uyğun hərəkət etdiyini göstərmək üçün şeytanı və ona meyil edən nəfsi yaratmışdır. Şeytanın da fərqinə vardığı bir həqiqət vardır ki, səmimi və vicdanlı insanlara qarşı o çox zəifdir. Onları heç vaxt öz təsir dairəsinə sala bilməz. Onlara qarşı heç bir hiyləsi baş tutmur. Bu hal bir çox Quran ayəsində xəbər verilmişdir:
قال الله تعالى:
إنه ليس له سلطان على الذين آمنوا و على ربهم يتوكلون , إنما سلطانه على الذين يتولونه و الذين هم به مشركون
«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların şeytana itaət etmələri, şeytanı özlərinə dost, havadar seçmələridir!)».41
Buradan belə nəticəyə gəlmək olar ki, xəvariclər Uca Allahın qadağan etdiyi çirkin terror hadisələrini törətdikləri üçün artıq şeytanın əsiri olmuş və vicdanlarını itirmişdirlər. Açıqca ifadə etmək olar ki, cihad adı altında intihar edərək özünü və yaşayış massivlərini, ticarət mərkəzlərini və sairə ictmai yerləri partladaraq dinc insanları öldürənlər vicdansızlardır. Şübhəsiz ki, Allah rəsulu Məhəmmədin (s.ə.v.) “cəhənnəm köpəyi” adlandırdığı xəvariclərdə vicdan qalmamışdır.
"İSLAM TERRORU" ANLAYIŞI YANLIŞDIR
Dünyada baş verən son terror hadisələri nəticəsində bəzli qüvvələr tərəfindən tez-tez “İslam terroru” sözlərinə rast gəlmək olurdu. İslam əxlaqından uzaq olan Ben Ladenlərin törətdiyi çirkin əməllərə görə “İslam terroru” anlayşı olduqca yanlış bir fikirdir . Əgər Allahın lənətlədiyi bu çirkin hadisəni özünü müsəlman kimi qələmə verən kimsə törədirsə, bu İslamın günahı deyildir. Çünki hər kəs hansısa din adı altında bu terror hadisələrini törədə bilər. Hər kəs bilməlidir ki, terroristin dini, vətəni və milli mənsubiyyəti yoxdur.Terrorçu Allah tərəfindən lənətlənmiş insandır.
Eyni zamanda bütün İslam aləmi terrora qarşı olduğunu bəyan etdi və İslamın bu çirkin əməli lənətlədiyini medya vasitələri ilə açıqladılar. Bununla terrorçuların İslam dinindən istifadə etmə kimi məkirli niyyətləri ifşa olundu.
Hətta Qərbdə İslam dinini araşdıran institutlar və sairə araşdırma mərkəzləri açıqlamalarında İslam dininin bu çirkin əməllərdən uzaq olduğunu bəyan etdilər.
Terrorun qaynağı İslam dini deyildir
İslam dininin əsas qaynağı olan Qurani Kərim və peyğəmbərimizin ( s.ə.v.) sünnəsi və İslam tarixinə nəzər saldığımızda görürük ki, müsəlmanlarda ta qədimdən ümumiyyətlə, terror anlayış olmamışdır. Bu çirkin fikirlər son zamanlarda peyğəmbərimizin “cəhənnəm köpəkləri” adlandırdıqları xəvariclər tərəfindən ortaya atılmış və çirkin əməllərini din pərdəsi altında həyata keçirərək özlərinə haqq qazandırmağa çalışmışlardır.
Yunanıstanda 17 noyabr, Almaniyada Raf və neo-Nazilər, İtalyada Qırmızı Tuqaylar, Orta-Şərqdə “Əl-Qaidə” və sairə terror təşkilatları şiddətə baş vuraraq, günahsız insanları, uşaqları, qocaları vəhşicəsinə qətl etməklə dünyada səslərini duyurmağa çalışmışdırlar.
Dünyanın hər tərəfində bu kimi terror təşkilatları , terror hadisələri törədərək, dinc insanları qətl edir, yaşayış massivlərini və ticarət mərkəzlərini partladırlar.
İslam mərhəmət və sülhü əmr edir
Belə çirkin hadisələri törədənlər özlərinin İslama mənsub olduqlarını iddia etsələr də, bunu ancaq İslama zərbə vurmaq üçün edirlər. Onların məqsədləri (misal üçün Ben Ladenlər) İslamı insanların gözündə pis qələmə vermək, insanları İslamdan uzaqlaşdırmaq və dindarlara qarşı nifrət və təzyiqi artırmaqdır. Belə ki, günahsız insanlara, xüsusən də körpə uşaqlara “cihad“ adı altında təcavüz edənlər, əslində İslama qarşı təcavüz etmişlər. Çünki İslam dini sevgini, mərhəməti və sülhü əmr etmişdir. Terror isə İslamın gəliş qayəsinə ziddir. Terror zülüm və qəddarlıqdır. Buna görə də, bir terror hadisəsinin səbəbini dində axtarmaq əvəzinə dinsizlikdə axtarmaq daha məqsədə uyğundur. Ona görə ki, terrorun arxasında faşizm, komunist və materialist düşüncəsinə sahib olan insanlar durur. Terrorçunun hansı adı daşıdığı mühim deyildir. Bir insan digər günahsız insanları bir göz qırpımında öldürürsə, dindar deyil, dinsizdir. Allahdan qorxmayan, sadəcə məqsədi qan tökərək, insanlara zülm edən cinayətkardır. Bu səbəblə” islam terroru” anlayışı son dərəcə səhv bir anlayışdır. Çünki İslam dinində heç bir şəkildə terrorun yeri yoxdur və Uca Allah terroru və terror hadisələrini törədənləri lənətləmişdir.
TEROOR SÖZÜNÜN LÜĞƏVİ VƏ ISTILAHI MƏNASI
“Terror” kəlməsinə ərəb dilində “irhab” deyilir. “İrhab” kəlməsinin mənası isə qorxu deməkdir. Ərəb dilində “rahabtu şeyə ruhban” yəni, qorxutdum deməkdir.42
Keçmis islam alimlərinin kitablarında terror kəlməsinin istilahi mənası açıqlanmayıb. Çünki “terror” sözü ilk dəfə Fransa inqilabından (1789-1794) sonra işlənmişdir.43
Bu o deməkdir ki, “terror” kəlməsi Qərbdən çıxmışdır. Bu həm də İslamın terror dini olması kimi ortaya atılan çirkin fikirlərə ən gözəl rəddiyədir. Dünya mütəfəkkirləri tərəfindən “terror “ kəlməsinin mənası haqqında bir çox müxtəlif rəylər irəli sürülmüş və ixtilaf edilmişdir.
Əzhar Universitetinin “İslami araşdırmalar” məcmuəsi 11 sentyabr hadisəsindən sonra “terror“ kəlməsini belə açıqlamışdır: “Terror dinc insanları qorxutmaq, onların yaşayışını məhv etmək, mallarına, namuslarına, azadlıqlarına təcavüz etmək və yer üzərində fitnə-fəsad törətməkdir.
Terrorun baş verdiyi ölkənin haqqıdır ki, terroru törədən caniləri həbs edərək mühakimə etsin və beləliklə ədalət öz yerini tapmış olsun.
“İslam Fiqhi” məcmuəsinin açıqlaması: “Terror- fərdlərin, camaatların və dövlətlərin insana (dini, qanı, malı və namusuna) qarşı yönəltdiyi düşmənçiliyə deyilir. Bura insanları qorxutmaq və onlara əziyyət verməyin bütün formaları, haqsız yerə başqasını qorxutmaq və öldürmək, yaşayış yerlərini və yolları xarabalığa çevirmək, yol kəsmək, şiddətə aparan bütün əməllər şamil edilir. İnsanları qorxu içərsində yaşamağa vadar etmək və qorxutmaqla onlara əziyyət vermək, onların həyatına, azadlığına və əmin–amanlığına təcavüz etmək, ətraf mühitə, xüsusi və dövlət mülkiyyətinə zərər vermək- bütün bunlar Allahın yer üzərində fəsad adlandıraraq qadağan etdiyi əməllərdir.44
“Terror” kəlməsinin dini nöqteyi nəzərdən ən gözəl tərifi “İslam Fiqhi” məcmuəsinin tərifidir. Çünki İslam dininin təcavüzə, şiddətə və dinc insnaları qorxutmağa qarşı mübarizə aparması bu tərifdə bəyan edilmişdir.
Uca Allah Qurani–Kərimdə buyurmuşdur:
«...Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!"».45
Qeyd olunan tərifdə Uca Allahın yer üzərində fəsad törətməyin deyərək qadağan etdiyi bütün əməllər qeyd edilmişdir. Hətta Uca Allah terror, fitnə-fəsad və düşmənçilik törədənlərə qarşı şiddətli cəza vermiş, onları Allah və rəsuluna qarşı müharibə edənlər adlandırmış və axirətdə isə şiddətli cəhənnəm əzabına düçar edəcəyini bildirmişdir:
إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ
«…yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir».46
Dünyəvi qanunların heç brisində Uca Allahın terrora qarşı qoyduyu şiddətli qanun mövcud deyildir. Bu İslam dininin terrora qarşı necə mübarizə apardığına bariz faktdır.
Yuxarıda qeyd edilən təriflərə diqqət yetirdiyimizdə aydın olur ki, terrorçunun vətəni və dini yoxdur. Terrorçu törətdiyi çirkin əməllərlə hər kəsə zərər verir, hər kəsi hədəfə alır. Terror üçün müəyyən edilmiş əməllər də yoxdur. Yer üzərində fitnə-fəsad törədən əməllərin hamısı terror kəlməsinin mənasına daxildir. Həmçinin bütün insanları qorxu içərisində yaşamağa məcbur edən bütün əməllər də buna daxildir.
Təyyarələrin qaçırılması, sərnişinlərin girov götürülməsi, öldürülməsi, yaşayış massivlərinin partladılması, insanları qətl etmək üçün zəhərli maddələrdən istifadə olunması və ümumiyyətlə isanların malına, canına və namusuna təcavüzün bütün formaları “terror” kəlməsinə şamildir.
Terror beynəlxalq problem olub, ondan müsəlman ve qeyri müsəlman cəmiyyətlər əziyyət çəkmişdir. Neçə neçə cəmiyyətlər vardır ki, rahat, təhlükəsiz yaşamaq arzusundadır. Çünki terroristlər ən çirkin və ən böyük günah olan əmələ əl ataraq günahsız insanları öldürür, onların malına təcavüz edir və evsiz-eşiksiz qoyurlar. Yaşayış massivlərini partlatmaq, günahsız insanları öldürmək, onları qorxu içərisində yaşamağa məcbur etmək yer üzərində Uca Allahın sevmədiyi fəsad törətməkdən başqa bir şey deyildir.
Terror şər, çirkin və vəhşilikdir. Terrorçu isə psixi cəhətdən xəstə, əxlaqsız, şəxsiyyətsiz, vicdansız bir insandır.
Yaşadağımız dövrdə dünyanın hər yerində terror aktlarının şahidi olmuşuq. Terrorçunun nə vətəni, nə də ki milli mənsubiyyəti var.
intihar etmək qadağanDIR
Gündəmə gələn digər bir əhəmiyyətli mövzu isə “intihar” məsələsi ilə əlaqədardır. İslam haqqında səhv məlumatlara sahib olan bəzi adamlar bu sülh dininin intihar hücumlarına izin verməsi kimi son dərəcə xətalı izahlar verdilər. Lakin başqa insanları öldürmək kimi insanın özünü öldürməsi də İslama ziddir. Allah “Özünüz özünüzü öldürməyin”47ayəsi ilə intiharı açıq şəkildə və birmənalı olaraq haram etmişdir. Bir insanın hər hansı səbəbdən olursa-olsun özünü öldürməsi İslam dininə görə yasaqdır.
قال رسول الله صلى الله عليه وسلم :
(من قتل نفسه بشيء في الدنيا عذب به يوم القيامة)
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur:
“Kim bu dünyada özünü necə öldürərsə, axirətdə də o ona eləcə zab ediləcəkdir.”48
İntihar etmək, bilavasitə intiharçı hücumda iştirak etmək və bu hücum nəticəsində minlərlə günahsız insanın həyatına da son qoymaq İslam əxlaqına tamamilə ziddir. Allah Quranda insanın özünü öldürməsini haram buyurmuşdur. Bu səbəblə də Allaha iman gətirdiyini və Quran ayələrinə itaət etdiyini söyləyən bir adamın belə bir cəhdə əl atması qətiyyən mümkün deyildir. İntihar yalnız dini çox səhv tanıyan, həqiqi Quran əxlaqından xəbərsiz olan, ağlından və vicdanından istifadə etməyən, dinsiz ideologiyaların təsiri altına düşən, beyni nifrət və intiqam hissi ilə yuyulmuş kimsələrin əl ata biləcəyi imansız bir yoldur və hər bir insan belə bir hərəkətə qarşı çıxmalıdır.
Görkəmli İslam alimlərindən olan şeyx Salih əl-Fövzandan partlayışları törədənlərin kimliyi soruşulduqda demişdir:
Sual: Partlayışı törədənlər xəvaricdirlərmi?
Cavab: Onları xəvaric adlandırmaq ən az hökmdür. Onlar bu əməli halal bilərək edirlərsə, nəinki xəvaricdirlər, hətta kafirdirlər. Yox, əgər bunu halal saymırlarsa, savab və ya cihad adı altında edirlərsə, onlar xəvariclərdir49.
Eyni suala başqa cavabı da olmuşdur.
Cavab: Bu, Yer üzündə fitnə-fəsad törətmək, mal-dövləti tələf etmək və günahsız insanların qanını tökməkdir. Müsəlmanları qorxu içərisində yaşamağa vadar etmək xəvariclərin ən pis əməlləridir. Əvvəlki xəvariclər belə etməyiblər. Onlar açıq savaş edib və qətllər törədiblər. Amma müasir xəvariclər bunu gizli şəkildə və insanların yaşadığı binalarda törədərək qan tökürlər50.
Sual: Təyyarələri qaçırmaq, yaşayış massivlərini partlatmaq doğrudurmu?
Cavab: İslam dini partlayışlar törətməyi, yaşayış massivlərini xarabalığa çevirməyi və təyyarələri qaçırmağı qadağan etmişdir. Çünki bu əməllər müsəlmanlara şərdən başqa bir şey gətirməz. Bu hadisələrin, əlbəttə ki, zərərdən başqa bir faydası yoxdur51.
XƏVARİCLƏR KİMLƏRDİR
Bəşəriyyət tarixinin bir çox mərhələsində olduğu kimi insan qanı tökməyə düşkün şəxs və qruplar bu gün də mövcuddurlar. Xəvaric bu qrupların ən təhlükəlisi, ən dəhşətlisi və ən qəddarıdır. Hər gün onlarla insan qadın, uşaq, cavan, yaşlı fərqinə varmadan bu qaniçən yarasaların qurbanına çevrilir. Dəhşətlisi də budur ki, onlar bu işi din naminə, İslam dini adına törətdiklərini elan edirlər. İslam dini qan tökməyi, insan həyatına son qoymağı ən ağır cinayət, ən böyük günah hesab etdiyi halda, bu canilər insanları kütləvi şəkildə qətlə yetirir və bunu İslam dini adından törətdiklərini iddia edir və öz cinayətlərinə “cihad” adı verirlər. Hər gün media əməkdaşları bu qana susamış canavarların qurbanına çevrilmiş insanların təsvirlərini nümayiş etdirir. Onlar qurbanlarını cəmiyyətin ən müdafiəsiz təbəqəsi arasından seçirlər. Valideynləri övladsız, körpələri yetim, qadınları dul qoyurlar. Körpə uşaqların öldürülməsini heç kim, heç nə ilə izah edə bilməz. Bunun bir tək adı var: vampirlik. Sadəcə vampirlər qan içərək öz nəfslərini təmin edir, həyatlarını bunun hesabına davam etdirirlər. Psixoloqlar bu tip insanların psixoloji vəziyyətini araşdırarkən adətən xəstə ruhlu, ciddi psixoloji problemləri olan insanlarla üz-üzə olduqları nəticəsini çıxarırlar. Onların əldə etmək, çatmaq istədikləri konkret heç bir hədəf və məqsəd yoxdur. Çünki insanları kütləvi şəkildə qətlə yetirməklə məqsədinə çatan heç kim olmayıb. Yaxın tarixdə İosif Stalin, Adolf Hitler, Pol Pot kimi insanlar öz qaniçən xislətlərini kommunizm, faşizm kimi ideologiyalarla pərdələdikləri kimi, xəvariclər də özlərinin insan qanı tökməyə düşkün olan xislətlərini İslam dini ilə pərdələməyə cəhd edirlər. Halbuki bu insanların qadınları, qocaları, uşaqları, bir sözlə dinc və müdafiəsiz insanları öldürməkdən başqa heç bir hədəf və məqsədləri yoxdur. Onlar qurbanlarını məhz özlərini qorumaq iqtidarında olmayan, müdafiəsiz və zəif insanlar arasından seçirlər. Dinc əhalinin yaşadığı yerlərdə bomba partladaraq onların ölümünə səbəb olan, sonra da buna uzaqdan tamaşa edənləri başqa cür adlandırmaq mümkün deyil. Hər bir insanın sevdiyi yaxınları, qohum-əqrəbaları var. Sadəcə təsəvvür etməyə çalışın ki, öz yaxınlarınızdan biri və ya bir neçəsi mənhus bir partlayışın qurbanı olur. Təsəvvür etmək belə çətindir. Amma belə məlum olur ki, normal bir insanın təsəvvür etməyə belə çətinlik çəkdiyi bir şeyi planlayıb həyata keçirməyi bacaranlar və bundan ləzzət ala bilənlər var.
Dostları ilə paylaş: |