DUA AMİLLƏRİ
Dua iradi bir işdir və səbəbə ehtiyaclıdır. Dua edənlərin məqsədləri çox fərqlidir. Onların dualarının dəyəri məqsədlərinin dəyərindən asılıdır.
1. Bə`zən insanın duada məqsədi maddi ehtiyacların tə`minidir. Məsələn, Allahdan pul, ev, övlad, sağlamlıq və sair şeylər istəyir. Beləliklə, bu şəxsi duaya təhrik edən amil həmin şeylərə çatmaq marağıdır. Bu növ istək insanın kiçik və rəzil məqsədinin nişanəsi olsa da, öz həddində yaxşıdır. Çünki dua edən şəxs Allahın səbəbkar olmasını bildirir. Beləliklə, belə bir şəxs istəklərini Allahdan tələb etməyən başqa bir şəxslə bərabər deyildir.
Birinci şəxs Allahı tanıdığından və Onu aləmdə səbəbkar bildiyindən ehtiyaclarının ödənməsi üçün Ona doğru əl açır və dua edir. Lakin ikinci şəxs bu həqiqətə inanmır. Buna görə də o birinci şəxsin əksinə olaraq, kamillik yolundan çıxmışdır və yalnız maddi vasitələr yolu ilə öz istəklərinə çatmaq arzusundadır. Bu iki şəxsi müqayisə etdikdə görürük ki, birinci şəxs Allaha diqqət, Onun qarşısında bəndəlik və kiçiklik göstərdiyi üçün bə`zi kamilliklərə çatmışdır, lakin məqsədi kiçik və yalnız dünyəvi çərçivədə məhdudlaşmışdır. İkinci şəxs isə ümumiyyətlə hər şeydə uzaqlaşmışdır və heç bir məqama çatmayacaqdır. Buna görə də, qeyd etdiyimiz hal duanın mərtəbələrindən biridir və öz həddində dəyərli və məqsədlidir.
2. Daha üstün mərhələ isə insanın uca və ali məqsəddə olması, Allahdan mə`nəviyyat və bəndəlik tövfiqi istəməsidir. Belə bir insan üçün mə`nəvi və axirət işləri dünyəvi və maddi işlərdən dəyərlidir. Beləliklə, onlar üçün maddiyyat dəyərsiz sayılır. İnsan həqiqətən axirəti tanıyarsa və Allahdan istədiyi şeyi ona əta edəcəyini bilərsə, dünyəvi bir şey istəməz. Bir şərtlə ki, bu istəklər axirət işləri yönümündə olsun, ya da sonradan izah edəcəyimiz başqa məqsədlər üçün!
Buna görə də ilahi övliyalardan nəql olunmuş dualar çox dəyərlidir. Onların duaları heç vəchlə bizim dualarla müqayisə olunası deyil. Amma bizim dualarımız da ibadətdir. Çünki imandan qaynaqlanmışdır. Bu dualar kamillik səbəbi olsa belə, kamillik üçün az tə`sirlidir. Lakin insan maddi işlər əvəzinə mə`nəvi işlər üçün dua edərək bəndəlik tövfiqi istəyərsə, Allah onun iman və mə`rifətini artırar və ona layiqli əməllər üçün tövfiq verər. Beləliklə, insan kamillik yolunda sür`ətlə hərəkətə başlayar! Bu sayaq dualar maddi ehtiyacların tə`mini üçün olan dualardan daha dəyərlidir. Çünki belə dualar insanın axirətə və Allaha yüksək imanının nişanəsidir. Belə insanın nəzərində axirət daha gözəl və daha möhkəmdir. “Axirət daha üstün və daha davamlıdır.”1
3. Bə`zən duada məqsəd yuxarıda sadaladıqlarımızdan da üstün olur. Bu mərhələdə dua edənin məqsədi yalnız Allahla danışıq və Ona itaət etməkdir. Onun istəyi duanın zatıdır; istək duası dost qapısına getmək üçün bəhanədir. O, Allah, “dua edin” buyurduğu üçün dua edir. Bu mərhələdə nə istənilməsi mühüm deyil. İstər mə`nəvi şeylər istənilsin, istərsə də maddi; heç bir fərqi yoxdur! Mə`nəvi işlər üçün dua daha yaxşı olsa da, uyğun məqsədlə istənilən bir dua arzu olunasıdır. Belə bir insan özünü ilahi rəhmətin sonsuz okeanının kənarında görür. Buna görə də cüz`i işlər üçün də dua edir.
İnsan belə bir məqsəddə olarsa, onun duası çox üstün, dəyərli olacaqdır. Hətta onun duası kiçik işlər üçün olsa belə! Belə bir dua maddi, ya mə`nəvi olduğu üçün dəyərli sayılmır. Bu duanın dəyəri ondadır ki, insan Allahı əsas səbəbkar bilir və Onu hər bir şeyə qalib hesab edir. Belə bir dua o zaman dəyərli olur ki, insanın diqqəti duanın nəticəsində olmur. O yalnız Allah duanı sevdiyi üçün Ona dua edir.
Əgər Allah duanı əmr etməzdisə (“Çağırın Məni, sizi qəbul edim.” “Mu`min” surəsi, ayə 6; “Allahın fəzlindən istəyin.” “Nisa”surəsi, ayə 32) o heç zaman özünə icazə verməzdi ki, bu şeyləri Allahdan istəsin. Amma Allah bəndəsinin Ona doğru ehtiyac əlini uzatmasını sevdiyini buyurur. Buna görə də o dua edir. Belə bir dua başqa dualarla müqayisə olunası deyil və yalnız Allahdan qeyrisinə bağlı olmayan kəslər tərəfindən oxunur.
İnsan nə qədər ki, dünya və axirət işlərinə maraqlıdır, istər-istəməz onların tə`min olunması üçün çalışacaqdır. Əlbəttə, əgər insan Allaha imanlı olsa və öz hacətlərini Ondan istəsə, bunun heç bir eybi yoxdur. Şübhəsiz ki, hər kəs öz mə`rifət və imanı səviyyəsinə uyğun istəyir. Lakin iman və mə`rifətin üstün mərhələsinə çatmış şəxslər üçün Allahdan kiçik dünyəvi şeylər istəmək eyb sayılmır. Çünki onlar yalnız Allah istədiyi üçün dua edirlər.
Demək, bə`zən duanı uzatmaq və kiçik şeylər istəmək bəyənilir. Çünki dua bəndəlik ruhiyyəsinin yüksəlməsinə, Allah qarşısında yalvarışa və müt`iliyə səbəb olur. Belə bir dua mö`min insanın Allaha e`tiqadının dərinliyini göstərir. Çünki o hətta ən kiçik işlərdə belə Allahdan başqasına güvənmir.
Burada iki nöqtəni xatırlatmaq yerinə düşər:
1. İnsan həmişə öz ehtiyaclarına diqqətli olmalı və onların tə`mini üçün yalnız Allah-təaladan kömək istəməlidir. Lakin yadda saxlamalıdır ki, insanın ehtiyacları maddi və dünyəvi ehtiyaclarla sona çatmır. Əslində bəşərin ehtiyaclarının böyük bir hissəsi mə`nəvi və ruhi ehtiyaclardır. O cümlədən, bizim ən mühüm və ən böyük ehtiyacımız İslam, vilayət və hidayət ne`mətləridir. Allahdan bu ne`mətləri istəyək.
Rəvayətlərdə göstərilir ki, ilahi övliyalar Allahdan şəhadət istəyirdilər: “İlahi, bizə öz yolunda şəhadət qismət et.” (ramazan ayının gecələri üçün bəyan olan duadan bir hissə).
Bu növ istəklər onların Allahla yaxınlığa olan məhəbbətlərinin yüksəklik nişanəsidir. Biz də onlardan öyrənməliyik. Allahdan istəməliyik ki, bizə onunla arifanə, xalisanə və sadiqanə söhbət üçün xalis niyyət əta etsin.
2. İslam ideologiyasında insanların rəğbətləndirildiyi digər bir nöqtə başqaları üçün dua etməkdir. İstər maddi, istərsə də mə`nəvi işlər üçün olsun! Başqaları üçün edilən dua Allahı yada salmaqla yanaşı, mö`minlərin bir-birinə olan məhəbbət və əlaqəsini artırır. Hətta dua zamanı fədakarlıq ruhiyyəsi, başqalarına diqqət və mö`min üçün zəruri olan ətrafa mərhəmət hissi yaranır.
Həzrət imam Həsən (ə) Müctəbadan belə bir məşhur rəvayət var: “Bir gecə oyaq idim, gördüm ki, anam həzrət Zəhra (ə) dua edir. Nə qədər qulaq asdımsa, gecənin sonuna qədər başqaları üçün dua etdi. Ondan soruşdum: “Anacan, niyə özünüz üçün dua etmirsiniz?” Buyurdu: “Əvvəl qonşu, sonra ev əhli.”1
Demək, başqaları üçün dua özün üçün duadan dəyərlidir. Xüsusi ilə mö`minlərin mə`nəviyyatı üçün olarsa, daha dəyərli sayılır.
Dostları ilə paylaş: |