ALLAHLA ÜNSİYYƏT ÖLÜMDƏN SONRA ÜÇÜN ƏN ÜSTÜN AZUQƏDİR
İnsan bu dünyanı əliboş tərk etməmək üçün elə bu dünyada ölümdən qabaq axirət gününü fikirləşməli və münasib azuqə yığmalıdır. İnsan bütün sə`yini dünya və dünya ləzzətlərinə sərf etməməlidir. Öncədən bilməlidir ki, kiminlə ünsiyyət saxlasa qəriblik günü onu tənha qoymaz. Onun əsas ehtiyacını ödəyən şəxsiyyətlərlə ünsiyyət saxlamalıdır. Həmin şəxslər ki, bu dünyada bə`zi vasitələr yaratmaqla onun mə`nəvi və maddi ehtiyaclarını tə`min etmişlər. İmam Zeynəl-abidin (ə) “Əbu-Həmzə” duasının bir hissəsində yuxarıdakı həqiqətə nəzər salaraq Allaha ərz edir:
“Pərvərdigara, ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et. Qüsül üçün uzadıldığım vaxt saleh qonşularım məni sağa-sola çevirərkən mənə fəzl mərhəmət et. Aparılarkən qonşularım cənazəmin ətrafını tutduğu vaxt mənə mehribanlıq göstər. Aparılıb qəbrimdə hüzuruna tək-tənha daxil olan zaman mənə kərəm göstər. Həmin təzə evdə qəribliyimə rəhm et, Səndən başqası ilə üzləşməyim”.
Duanın bu hissəsinin ən mühüm nöqtəsində Allaha ərz edir: “İlahi, həmin yeni evdə tənhalığıma rəhm et ki, Səndən başqası ilə əlaqə saxlamayım”. Məgər bu dünyada Allah ilə ünsiyyətin tamını dadmış şəxsin qəbrə daxil olarkən Ondan başqası ilə ünsiyyət saxlaması mümkündürmü? Ya da dünyada Allahdan başqası ilə ünsiyyət yaratmış şəxsin qəbrə daxil olarkən yalnız Allahla ünsiyyətdə olması mümkündürmü?
Allah Davuda buyurdu:
“Ey Davud, yer əhlinə de: Mən Məni sevən kəsin dostuyam. Mənim məclisimdə iştirak edənin yoldaşıyam. Mənim zikrimlə ünsiyyət saxlayanın munisiyəm və Mənimlə olan şəxsin müsahibiyəm.”1
İnsan dünyada kiminlə ünsiyyət yaradırsa, qəlbi də onunladır; qiyamət günü də onunla səhnəyə gətiriləcəkdir:
“Sevdiyin kəslə olacaqsan və əldə etdiklərin Sənin üçündür.”2
Dünya həyatında yalnız var-dövlət, dostlar, qadın və övlad haqqında düşünən şəxs qəbrə qoyulub tərk olunan zaman bir yığın həsrət və qəmlə qarşılaşacaqdır. Yalnız bu dünyada Allah ilə ünsiyyət yaratmış, Onu tanımış və Ona ürək bağlamış şəxslər axirət aləmində Allah ilə ünsiyyət saxlaya bilərlər. Qadın, övlad və ya dostlar bir neçə saat bizim yanımızda olmadıqda, evdə tək qalıb baş qatışdırmağa bir iş tapmadıqda tənhalıq hiss edir, qorxuya düşürük. Allah ilə ünsiyyətin mə`nasını bilmir, onun ləzzətini dərk etmirik. Dostlar və yaxınlardan birini bir müddət görmədikdə onun üçün darıxırıq. Amma indiyə qədər heç olubmu ki, namaz üçün darıxaq? İndiyədək dua və münacat üçün, Allah ilə raz-niyaz üçün fürsət yaranmasının intizarında olmuşuqmu?
Adətən, hansısa sakit bir yerdə olduqda qorxu hissi keçirir, söhbət etməyə bir şəxs axtarırıq. Bu şəxsi tapmadıqda xəyallar aləmində özümüzlə danışıb, hər nə yolla olur-olsun başımızı qatışdırırıq. Belə bir durumda təbii olaraq, qəbrə daxil olduqdan sonra tezliklə hər şeyi unudub Allah ilə ünsiyyət yarada bilmərik.
Əgər axirət aləmində qəriblik və narahatlığa düçar olmaq istəmiriksə, bu dünyada Allah ilə ünsiyyətin müqəddiməsini hazırlayaq ki, axirət aləmində bizimlə olsun və bizi tərk etməsin. Ən azı ünsiyyət saxladıqlarımızdan biri də Allah olmalıdır. Özümüz üçün proqram tərtib etməli, sakit bir vaxt ayırıb həmin vaxtda yalnız Allahı düşünməliyik. Dünya və onda olanları, iş, qadın, övlad, dostlar və tanışları unudub yalnız Onu düşünüb zikr etməliyik. Əgər bu işi görməsək bərzəx aləmində böyük bir həsrət çəkəcəyik. Qürbət, tənhalıq, əzab və kədər bizi dövrəsinə alacaq. Heç kəs və heç bir şey onu bizdən uzaqlaşdıra bilməyəcək.
Həzrət Fatimeyi-Zəhra (ə) həzrət Əliyə (ə) vəsiyyətində buyurur:
“Əlican, öldüyüm zaman mənə özün qüsl ver və kəfənə bük. Məni dəfn edəndə isə başım üstə üzbəüz otur və çox Qur`an oxu.”1 Həzrətin qəlbi Allahla ünsiyyətdə olduğu üçün həmişə Allah kəlamı eşitmək istəyir.
Bir neçə anlıq da olsa, imkan tapıb Qur`an oxumaq intizarında olan şəxslər var. Onlar Qur`anı oxuduqda, ona qulaq asdıqda ləzzət alırlar. Onlar namaz və ibadəti aşiqcəsinə yerinə yetirirlər: Məgər indiyədək hansısa bir aşiq öz mə`şuqu ilə söhbət etməkdən bezmişdirmi? Lakin bizim fikrimiz namaz zamanı ayrı yerdə olur. Qəfəsin açılması intizarında olan əsir bir quş kimi! Biz namazın və ya ramazan ayının nə vaxt tamam olacağının intizarını çəkirik. Namaz qılan zaman da daim o tərəf bu tərəfimizdən kimin ötüb-keçdiyini düşünürük. Bütün bunlar Allah və Onun zikri ilə ünsiyyətdə olmadığımızı göstərir.
Dostları ilə paylaş: |