«Atalar sözü «Quran»a girməz, amma «Quran» yanında gedər»,
«Atalar sözləri olmadan yaşamaq mümkün deyil»,
«Atalar sözləri mühakimə olunmur»,
«Atalar sözləri canlıdır və ibrətamizdir»,
«Atalar sözləri hamıya doğru deyir»,
«Atalar sözləri adamın qarnını doyuzdurmur, amma onda bütün nemətlər var»,
«Atalar sözləri bütün işlərdə köməkçidir»...
Atalar sözlərinin məğzində insanın həyatda davranışına verilən qiymət durur. Atalar sözləri cəmiyyətin bütün dövrləri üçün, həyatın bütün sahələri üçün doğru olan xalq təcrübəsinin, xalq ağlının cilalanmış ifadələridir. Onlar xalq əxlaqının nüvəsini özündə daşıyan məhək daşıdır. Atalar sözlərinin bu möhtəşəm pedaqoji mahiyyəti kiçikliyindən və böyüklüyündən asılı olmayaraq bütün xalqlarda vardır. Uşağın dünyaya gəlməsi hamı üçün bayramdır. Uşaqları böyütmək çox çətindir, amma onlarsız həyat lap çətin olur. «Övladın qız, ya oğlan olması əhəmiyyətli deyil, şüurlu olması əhəmiyyətlidir», «Uşaqsız ev susuz dəyirman kimidir», «Uşaq evin bəzəyidir».....
Uşaq doğmağı hər ana bacarır, tərbiyə etmək isə hamının işi deyil. «Uşaq doğan ana deyil, tərbiyə edən anadır».
Xalq atalar sözlərində uşağın tərbiyəsinə ilk günlərdən başlamağın əhəmiyyətini xüsusi qeyd edir. «Tülkünü dəlməkdə, uşağı bələkdə»... Həm də tərbiyə uşağın özündən daha əhəmiyyətli sayılır: «Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir». Çünki düzgün tərbiyə olunmamış, tərbiyəsi başlı-başına buraxılmış uşaq ailəsi üçün də, mənsub olduğu cəmiyyət üçün də sonradan problemə çevrilir.
Xalqın oğlanların tərbiyəsində ataya, qızların tərbiyəsində anaya üstünlük verməsinə aid çoxlu atalar sözləri göstərmək olar: «Oğul atadan görməyincə süfrə çəkməz», «Qız anadan görməyincə öyüd almaz», «Qırağına bax, bezini al, anasına bax qızını al». Amma uşaqların böyüməsində və tərbiyəsində ananın rolu daha ülvi, daha doğma, əziz, daha üstündür. Bəlkə uşaqların hər an ana qayğısı ilə əhatə olunmasındandır ki, atalar deyiblər: «Uşaq atadan deyil, anadan yetim qalar».
Atalar sözləri xalq müdrikliyinin ifadəsi olduğundan, uşaqlar onları təkcə valideynlərinin deyil, onlardan əvvəl yaşamış nəsillərin, bütün xalqın öyüd-nəsihəti, inkaredilməz qanunu kimi başa düşürlər. «Yaxşı atanın yaxşı da övladları olar» (rus), «Yaxşı zəmidən yaxşı dərzlər, yaxşı ailədən – yaxşı uşaqlar meydana gəlir» (çuvaş), «Ot kökü üstündə bitər» (Azərbaycan). Ancaq həyat göstərir ki, uşaqların öz davranışlarına, hərəkətlərinə şəxsi məsuliyyəti də mühüm amildir. «Şüurlu oğul neylər ata malını, şüursuz oğul neylər ata malını», «Ağıllı oğul atasını vəzir eylər, ağılsız oğul atasını rəzil eylər», «Dədənlə dədəmi deyincə, özümlə özünü de!».
Atalar sözləri müəyyən nəticəni ifadə edir, lakin bu nəticə yeni fikirlərin bir növ, başlanğıcıdır, rüşeymidir. Yəni hansı məqsədlə deyildiyindən asılı olaraq atalar sözü müəyyən şərait üçün nəticə, müəyyən şərait üçün yeni problemlər ortaya qoyan fərziyyə rolunu oynaya bilər. Atalar sözlərinin dəyərini müəyyən etmək üçün, onun ifadə etdiyi mənanı açmaq, mahiyyətini incələmək lazımdır. Xalq müəyyən pedaqoji vəziyyətdə işlətdiyi atalar sözünün izahını vermiş, bu vəziyyətin dəfələrlə sınaqdan çıxaraq aforizmləşdiyini şərh etmişdir. İlk baxışda heç bir pedaqoji mahiyyəti hiss olunmayan istənilən atalar sözünün şərhi, mahiyyətinin izahı dərhal onu pedaqojiləşdirir. Çünki bütün atalar sözləri keçmiş nəsillərin həyat həqiqətləri barədə təcrübəsinin yığcam, lakonik, mənalı ifadəsidir; həsr olunduğu problemin dəfələrlə sınaqdan keçərək özünü doğrultmuş ən düzgün həllidir.
Məsələn, «Hər iş zamana baxır, zaman heç nəyə baxmır» atalar sözü:
a) insan həyatının müddətli, həm də qısa olduğu;
b) hər işi zamanında, öz vaxtında gördükdə daha səmərəli olduğu;
c) insan ömrünün hər dəqiqəsinin qiymətli olduğu;
ç) vaxtında yerinə yetirilməmiş işin zaman keçdikdən sonra mümkün olmayacağı və s. kimi izah oluna bilər. Yəni bir cümlədə xalqın çoxəsrlik təcrübəsi cilalanaraq toplandığından, onun izahı da mahiyyətinə nüfuz edildikcə çoxşaxəli olur, genişlənir, daha çox əhatə dairəsi kəsb edir. Bu mənada atalar sözləri bitib tükənməyən «Zəmzəm» çeşməsidir, həyat cövhəridir.
Buna görə də hər bir xalqın atalar sözləri onun pedaqoji görüşlərini öyrənmək baxımından çox qiymətlidir. Atalar sözləri xalqın əxlaqi-pedaqoji kodeksidir.
Dostları ilə paylaş: |