xəlqi əsasları
Pedaqoji mədəniyyəti təhlil edərkən, ilk növbədə onun yaradıcısı, onu meydana çıxaran, inkişaf etdirib zənginləşdirən xalq nəzərdə tutulmalıdır. Hər bir mədəniyyət xadiminin fərdi yaradıcılığı mənsub olduğu xalqın və ümumən bəşəriyyətin əldə etdiyi nailiyyətlərə əsaslanır. Hər bir yaradıcı adam öz xalqının mədəniyyətini müəyyən qədər inkişaf etdirmək üçün, hər şeydən əvvəl həmin mədəniyyəti, xalqın mübarizələrlə dolu tarixi keçmişini, mədəni irsini, bəşəriyyətin ona qədər yaranmış olan mədəni irsini öyrənməlidir. Yalnız müəyyən xalqın və bəşəriyyətin birgə mədəni xəzinəsi konkret yaradıcı insan üçün real fundament ola bilər.
Dahi filosof, şair, pedaqoq, xalq maarifçisi olan Göte yazırdı: «Mən özüm nə etmişəm? Nəyi mən etmişəm? Mən bütün gördüklərimi, eşitdiklərimi, müşahidə etdiklərimi toplayıb, onlardan istifadə etmişəm. Mənim əsərlərim minlərlə insandan, cahildən və müdrikdən, ağıllı və səfehdən qidalanmışdır; uşaqlığım, yetkinlik dovrüm, qocalığım – hərəsi öz sözünü, öz fikrini deyib, öz qabiliyyətlərini, arzularını yaşam tərzini ortaya qoyublar; mən tez-tez başqalarının əkdiklərini biçmişəm, mənim əməyim – kollektiv varlığın əməyidir və o, Göte adını daşıyır». Eyni fikirləri, Komenski, Uşinski, Makarenko, Axundov, Sidqi, Qoqebaşvili də özü haqda deyə bilərdi. Hər bir pedaqoqun dahiliyi və möhtəşəmliyi onun xalqa nə dərəcədə yaxın olması ilə, onun mənəvi xəzinəsinə daha dərindən baş vurub, ondan qidalanma səviyyəsi ilə ölçülür.
Yazı meydana çıxanadək pedaqoji ideyalar şifahi xalq yaradıcılığı nümunələri ilə nəsildən nəslə keçirdi. Nağıllar, atalar sözləri, məsəllər, tapmacalar, rəvayətlər və nəğmələr xalq pedaqogikasının gözəl abidələri, pedaqoji müdriklik dəryasıdır. Puşkinin, Lermontovun, Turgenyevin, Axundovun, Nizaminin, Füzulinin, Tusinin, Üzeyir Hacıbəyovun və b. yaradıcılığını öyrənən tədqiqatçılar xalq yaradıcılığının onlara qüdrətli təsirini dönə-dönə qeyd etmişlər. Möhtəşəm incəsənət əsərlərinin əsasında həmişə xəlqilik durur.
Pedaqoji mədəniyyət həmişə xalqdan qidalandığından möhkəm köklərə malik olur. Təbiətəmüvafiqlik, təbii nəticələr prinsipləri bəsit halda olsa da, şifahi xalq yaradıcılığında elmi pedaqogikadan çox-çox əvvəl tərbiyənin qarşısında qoyulan tələblər şəklində mövcüd olmuşdur. Təəssüf ki, bu günə qədər əməkçi kütlələrin tərbiyəvi irsinin öyrənilməsinə lazımi qədər fikir verilmir. Afina, Sparta, Roma tərbiyə sistemlərindən, dünyəvi feodalların, müxtəlif təriqət və ordenlərin uşaqlarının tərbiyəsindən çox danışılır. Qulların və təhkimili kəndlilərin uşaqlarının tərbiyəsi haqda məlumatlar isə, demək olar ki, yox dərəcəsindədir. Qul uşaqları heç bir məktəbə yaxın buraxılmırdılar, təhkimçi kəndlilərin övladları da dünyəvi məktəblərdən, hətta rəqəm məktəblərindən belə məhrum idilər. Amma bu, o, demək deyildir ki, qullar və ya təhkimli kəndlilər öz uşaqlarını tərbiyə etmirdilər.
Dostları ilə paylaş: |