Xalq oyunları həmçinin, uşaqların bədii, fiziki, beynəlmiləl tərbiyəsinin ayrılmaz tərkib hissəsi kimi də çıxış edir. Coşqun fəaliyyətdən doğan sevinc hissi uşaqların mənəvi zənginliyini təmin edir. Onlarda doğma Vətənin, xalqın mədəniyyətinə rəğbət, maraq, hörmət hissi formalaşır, vətənpərvərlik hisslərinin inkişafı üçün müsbət emosional əsas yaranır.
Məzmununa görə bütün xalq oyunları lakonik, ifadəli, uşaq üçün anlaşıqlıdır. Onlar fikri fəallığı artırır, dünyagörüşünü genişləndirir, ətraf aləm haqda təsəvvürləri dəqiqləşdirir, bütün psixi prosesləri təkmilləşdirir, uşaq orqanizminin inkişafına şərait yaradır. Məhz bu xüsusiyyətlərə görə oyunu uşağın əsas fəaliyyəti kimi qəbul edirlər.
Uşaqlar öz həyati təsəvvür və həyəcanlarını obrazlar şəklində oyunlarda əks etdirirlər. Oyun zamanı yaranan şərait uşağı cəlb edir, onu tərbiyələndirir. Bir sıra oyunlar da vardır ki, oyunun əsas hissəsinə başlamazdan qabaq onun personajları xarakterizə olunmalıdır. Əsasən dialoq şəklində aparılan bu hissə uşaqlardan gərgin əqli fəaliyyət tələb edir.
Süjetli olmayan, müəyyən oyun təmrinləri (elementləri) əsasında qurulan oyunların özündə də çoxlu düşündürücü material ola bilir. Belə oyunlarda da uşağın sensor qabiliyyətləri, təfəkkürü, müstəqilliyi inkişaf edir. Məsələn, aparıcının hərəkətlərindən, oyun şəraitinin dəyişməsindən asılı olaraq uşaq dərhal reaksiya göstərməli, ani, həm də daha düzgün qərarlar qəbul etməlidir. Məsələn, «Topu ver», «Top aldı – qaç» və s. oyunlardakı kimi.
Dostları ilə paylaş: |