Beləliklə, xalq oyunları mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən fəal şəxsiyyət formalaşdırılmasının ilkin mərhələsinin əsas vasitələrindəndir.
Məlumdur ki, məktəbəqədər yaşlı uşaqlarda sosial təsirlərə qarşı həssaslıq yüksək olur. Uşaq sosial mühitə daxil olan andan öz müşahidələri və empirik əqli nəticələrinə, böyükləri təqlid etmələrinə əsaslanaraq müxtəlif sosial keyfiyyətlərə yiyələnməyə çalışır. Müxtəlif vəziyyətlərə düşə-düşə, çoxsaylı cəhdlər və səhvlərin müşayəti ilə cəmiyyət həyatının elementar normalarını mənimsəyir. Əxlaqi keyfiyyətlər qazanılmasında xalq oyunları böyük imkanlara və təsir gücünə malikdir.
Xalq oyunları zamanı müəyyən qaydalara əməl olunması hər bir iştirakçıya öz hərəkətlərini digər oyunçuların hərəkətləri ilə onların aldıqları nəticələrlə tutuşdurmaq, müqayisə etmək imkanı verir. Burada bir əhəmiyyətli cəhət də ondadır ki, uşaq özünün və digər oyunçuların hərəkətlərini müstəqil şəkildə qiymətləndirməyə çalışır. Beləliklə, uşaq müəyyən oyun şəraitində öz səhvlərini dərk edir, başqaları ilə müqayisə edir və bunun nəticəsində də daha yaxşı olmaga, təkmilləşməyə çalışır.
Dostları ilə paylaş: |