Mövzu 1. İstehlakçı təmayüllü marketinq Plan
İstehlakçının davranışı məfhumu və onun iqtisadi məzmunu
Kursun predmeti və vəzifələri
Kommunikasiyaların istehlakçıların davranışına təsiri
İstehlakçının davranışına təsir edən psixoloji amillər: təlim, mənimsəmə, yaddaş və motivasiya
1. İstehlakçının davranışı məfhumu və onun iqtisadi məzmunu Marketinq və istehlakçı İnsanın həyatda hansı sosial rolu – uşaq, valideyn, şagird, qulluqçu, rəhbər və yaxud idmançı rolunu oynamasından asılı olmayaraq o, bu və ya başqa şəkildə hər gün istehlakçı rolunda çıxış edir. İnsan daim öz yaşayışını təmin etmək üçün müxətlif mallar alır və xidmətlərdən istifadə edir. Ona görə də istehlak aktı istənilən şəxsin gündəlik həyatının üzvi və ayrılmaz hissəsidir.
İstehlak bizim həyatımızın o qədər dərinliyinə nüfuz edib ki, çox vaxt onun bizim həyatımızın formalaşmasına nə qədər təsit etdiyini belə hiss etmirik.
Yüksək inkişaf etmiş marketinq mühitinin günü-gündən artan təzyiqi rəqabət üstünlüyü əldə etmək istəyən firmaları istehlakçının psixologiyasını nəzərə almağa, istehlakçının bu və ya digər qərarı nə səbəbə qəbul etdiyini anlamağa məcbur edir. Rəqabət gedən iqtisadi sistemdə firmanın meydanda qalması və inkişaf etməsi üçün onun rəhbərliyi istehlakçının davranışını dəqiq təsvir etməlidir: necə alır, niyə alır, harada alır və, əlbəttə ki, nə alır.
Müasir menecerlər aşağıdakıları mütləq bilməlidir:
İstehlakçı mal haqqında məlumatı hansı yolla əldə edir7
İstehlakçı alternativ malları necə qiymətləndirir?
Niyə müxtəlif adamlar müxtəlif malları seçir və istifadə edir?
Alıcı malın onun üçün istənən pula dəyib-dəymədiyini necə müəyyən edir?
İnsanın bu və ya digər ticarət markasına bağlılığı necə formalaşır və dəyişir?
Hansı malın alınması risklidir və bu risk nə qədər böyükdür?
Bir şeyi satın almaq barədə qərar qəbul olunmasına nə təsir edir? Və bir çox başqa amillər.
Təşkilatların müasir marketinq fəaliyyətinin mərkəzində istehlakçı, onun satın alma barədə verdiyi qərar və bu qərara təsir edən daxili və xarici amillər durur.