Psixoloji məsləhət müəllim, şagird və valideynlərlə aparılan məsləhətlər əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir.
Psixoloji-pedaqoji konsilium zamanı sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini birlikdə, kollektiv şəkildə müzakirə edir, çətinliyin və geridə qalmanın səbəblərini aşkara çıxarır, eyni zamanda bu və ya digər çətinliyin qarşısını almaq və onu aradan qaldırmaq üçün səmərəli yollar düşünürlər. Psixoloji-pedaqoji konsilium eyni zamanda ümumi orta təhsil şəraitində xüsusi aktuallıq kəsb edən və mürəkkəb xarakterə malik olan şagirdlərdə meyl, qabiliyyət və istedadın inkişaf etdirilməsi problemini dərindən həll etməyə imkan verir. Psixoloji-pedaqoji konsiliumun keçirilməsi zamanı psixoloqun başlıca vəzifəsi-şagirdin əqli inkişafını, şəxsiyyətinin əsas keyfiyyətlərini, qiymətləndirərkən, müəllimlərin ona müxtəlif cəhətdən yanaşmalarına köməklik göstərmək, onun davranış və münasibətinin təzahürünün mürəkkəb və çoxcəhətli xarakter daşıdığını, əsas diqqəti şagirdin özünüqiymətləndirməsinə, motivasiyasına, idrak maraqlarının xüsusiyyətlərinə, emosional istiqamətinə yönəltməyin zəruriliyini göstərmək, ən başlıcası isə şagirdin sonrakı inkişafına nikbin yanaşmalarını, onunla işləməyin real proqramını müəyyənləşdirmələrini təmin etməkdən ibarətdir.