İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə36/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Məsələ 2497: Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar.
Məsələ 2498: Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə, məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, 6 ay onun xərcini verməsə, ya uzun müddət həbsə məhkum edilsə, təlağın ixtiyarı onunla olsun, bu şərt batildir, amma şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə təlaq vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu halda (vəkil olduğu halda qadın) özünə təlaq versə təlaq səhihdir.
Məsələ 2499: Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin yanına getsin və «Minhacus-sadiqin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində müctəhid ona təlaq verə bilər.
Məsələ 2500: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə olsa, təlaq verə bilərlər.
Məsələ 2501: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini bağışlaya bilər. Amma onun daimi arvadına təlaq verə bilməz.
Məsələ 2502: Əgər şər`i höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların qarşısında təlaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər ehtimal versə ki, onların ədaləti təlaq verənin yanında sabitdir, o qadını iddə tamam olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.
Məsələ 2503: Kişinin ric`i təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şər`i həyat yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala bilməz.

QƏSBİN HÖKMLƏRİ
Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Qur`an və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə o yeri onun 7 mərtəbəsindən zəncir kimi onun boynuna atacaqlar.
Məsələ 2504: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, günah etmişdir.
Məsələ 2505: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov qoyulmuşdur, girov götürənin, ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal qaytarsın.
Məsələ 2506: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə də girovdadır.
Məsələ 2507: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan getsə və qiyməti olsa, gərək onun əvəzini 2515 və 2516-cı məsələlərdə deyilən şərhlə ona versin.
Məsələ 2508: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da, gərək onun icarəsini versin.
Məsələ 2509: Əgər uşaqdan, ya dəlidən onların malı olan bir şeyi qəsb etsələr, gərək onu onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir.
Məsələ 2510: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan hər biri, o şeyə bütünlüklə zamindirlər.
Məsələ 2511: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın.
Məsələ 2512: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını məsələn, qəsb etdiyi sırğanı əritsə, gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki, qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz.
Məsələ 2513: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi «malı bu halda mənə ver» desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması mə`lum deyil.
Məsələ 2514: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, əgər bu istəkdə onun müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salınsın. Belə ki, onun qiyməti, dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. Belə ki, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az olsa, gərək onun fərqini ödəsin.
Məsələ 2515: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki, torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarablıqları düzəltsin, məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın.
Məsələ 2516: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı qəsb edən şəxs lazım deyil ki, ağacı, ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin.
Məsələ 2517: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun kimi «qiyməti» olsa, gərək («qiyməti» o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin və əgər onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan qiyməti versin.
Məsələ 2518: Əgər qəsb edilmiş şey aradan getsə və məsələn, arpa və buğda kimi «misli» olsa, qəsb olunmuş şey ödənilməlidir. («Misli» o şeyə deilir ki, tələbatın cəlb olunmasında tə`sirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın cəlb olunmasında tə`sirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi şeyin mislində olsun. Məsələn, əgər ə`la növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü qaytara bilməz.
Məsələ 2519: Əgər «qiyməti» olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa, məsələn, kökəlsə, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma əgər yaxşı bəsləməsinə görə kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil.
Məsələ 2520: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən ala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi birincidən tələb edə bilməz.
Məsələ 2521: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn, o şey ki, gərək çəki ilə alış-veriş edilsin, çəkisiz müamilə etsələr, müamilə batildir və belə ki, satıcı və alıcı müamiləni nəzərə almadan razı olsalar ki, bir-birinin malında istifadə etsinlər, eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldıqları şey qəsbi mal kimidir və gərək hər biri onu digərinə qaytarsın. Bu halda əgər hər birinin malı o birisinin əlində tələf olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin.
Məsələ 2522: Əgər satıcıdan görməsi və ya bir müddət onun yanında qalıb bəyənərsə, alması üçün bir mal alarsa və o mal tələf olarsa, məşhura əsasən, gərək onun əvəzini sahibinə versin.

İNSANIN TAPDIĞI MALIN HÖKMLƏRİ
Məsələ 2523: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi mə`lum olmaq üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onu sahibi tərəfindən fəqirə sədəqə versin. Əlaməti olmayan pul da bu hökümdədir. Amma əgər məkan və ya zaman xüsusiyyətləri və miqdarı pul üçün bir əlamət olarsa, gərək onu 2524-cü məsələdəki əsasda e`lan etsin.
Məsələ 2524: Əgər tapdığı şeydə onunla sahibini tapa biləcək, bir nişanı olsa, hərçənd bilsə ki, onun sahibi malı möhtərəm olan kafirdir, o halda o şeyin qiyməti bir dirhəmə çatsa, gərək tapdığı gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə e`lan etsin. Əgər qiyməti bir dirhəmdən az olsa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin.
Məsələ 2525: Əgər insan özü e`lan vermək istəməsə, əmin olduğu bir kəsə deyə bilər ki, onun tərəfindən e`lan etsin.
Məsələ 2526: Əgər bir ilə qədər e`lan etsə və mal sahibi tapılmasa, belə ki, o malı Məkkə hərəmindən qeyri bir yerdə tapıbsa, onu sahibi peyda olan zaman ona vermək üçün saxlaya bilər. Bu müddət ərzində malın özünü saxlayıb ondan özü üçün istifadə edə bilər. Həm də onu, sahibi tərəfindən sədəqə olaraq fəqirlərə də verə bilər. Vacib ehtiyat odur ki, onu özü üçün götürməsin. Əgər malı hərəmdə tapıbsa, vacib ehtiyat odur ki, onu fəqirlərə sədəqə versin.
Məsələ 2527: Əgər bir il e`lan edəndən sonra mal sahibi tapılmasa, malı sahibi üçün saxlasa və aradan getsə, belə ki, onu saxlamaqda israfçılıq və səhlənkarlıq etməsə, zamin deyil. Amma əgər sahibi tərəfindən sədəqə versə, sahibin ixtiyarı var ki, ya sədəqəyə razı olsun, ya malının əvəzini tələb etsin. Sədəqənin savabı sədəqə verənin olar.
Məsələ 2528: Malı tapan kəs əgər bilərəkdən deyilmiş göstərişlərə əsasən e`lan etməsə, günah etməsindən əlavə, əgər faydası olduğunu ehtimal etsə, e`lan etməsi vacibdir.
Məsələ 2529: Əgər dəli, ya həddi-büluğa çatmayan uşaq, üzərində nişanəsi olan və qiyməti bir dirhəmə çatan bir şey taparsa, onun vəlisi e`lan edə bilər. Hətta o şeyi uşaqdan və ya dəlidən almışdırsa, e`lan etməsi vacibdir. Əgər bir il e`lan edilsə, malın sahibi peyda olmasa, gərək 2526-cı məsələdə deyilənə əməl etsin.
Məsələ 2530: Əgər insan e`lan etdiyi ilin içərisində sahibinin tapılacağından ümidsiz olsa, gərək şəriət hakiminin izni ilə vacib ehtiyata əsasən, onu sədəqə versin.
Məsələ 2531: Əgər e`lan etdiyi ilin içərisində mal aradan getsə, belə ki, onun saxlanmasında səhlənkarlıq və ya ondan istifadə etmişdirsə, onun əvəzini sahibinə zamindir. E`lanı isə davam etdirməlidir. Əgər səhlənkarlıq və istifadə də etməyibsə, ona heç bir şey vacib deyil.
Məsələ 2532: Əgər nişanəsi olan və qiyməti bir dirhəmə çatan malı, e`lan verməklə onun sahibinin tapılmayacağı mə`lum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir.
Məsələ 2533: Əgər bir şey tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa düşsə, keçmiş məsələlərdə verilmiş hökmlərə görə əməl etməlidir.
Məsələ 2534: Tapılan şeyi sahibinin e`lanı eşitdiyi təqdirdə, o şeyi öz malı olduğuna ehtimal verəcək şəkildə e`lan etməlidir. Belə ki, bu onu məsələ halın müxtəlifliyi ilə dəyişir. Bə`zi hallarda, məsələn; «bir şey tapmışam» – deməsi, kifayət edir. Amma bə`zi hallarda isə onun cinsini də müəyyən etməlidir. Məsələn; «bir qızıl parçası tapmışam» – deməlidir. Bə`zi yerlərdə də onun müəyyən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn; «bir qızıl sırğa tapmışam» – deməlidir. Amma hər bir halda, o şeyin müəyyən olana qədər bütün xüsusiyyətlərini deməməlidir. Elə bir yerdə e`lan etməlidir ki, sahibinə xəbər çatmasına ehtimal versin.
Məsələ 2535: Əgər bir kəs, bir şey tapsa və başqası «mənim malımdır» – deyərək, onun nişanələrini müəyyən edərsə, malı olduğuna xatircəm olduğu halda o malı, ona verməlidir. Mal sahibinin çox vaxt bilmədiyi nişanələri demək lazım deyildir.
Məsələ 2536: Əgər tapdığı şeyin qiyməti bir dirhəm qədər olsa, belə ki, e`lan etməsə, məsciddə və ya camaatın toplaşdığı başqa yerdə qoysa və o şey aradan getsə və ya onu başqası götürsə, onu tapan adam zamindir.
Məsələ 2537: Əgər bir ilə qədər qalmayacaq bir şey taparsa, gərək qala biləcək axır müddətə kimi, əlbəttə qiymətinə tə`sir edən bütün xüsusiyyətləri ilə bir yerdə saxlasın. Vacib ehtiyat odur ki, bütün bu müddət boyu e`lan etsin. Əgər sahibi tapılmasa, onun qiymətini müəyyən edib özünə götürə bilər, ya onu satıb pulunu saxlamalı, hər iki halda e`lanını davam etdirməlidir. Əgər sahibi tapılsa pulunu ona verər. Əgər bir ilə qədər sahibi tapılmasa, gərək 2526-cı məsələdə deyilənlərə əməl etsin.
Məsələ 2538: Əgər tapdığı şey dəstəmaz aldığı və namaz qıldığı vaxt onunla olsa, hətta sahibi tapılan halda o şeyi qaytarmaq istəməsə, dəstəmazı və namazı batil olmur.
Məsələ 2539: Əgər bir kəsin ayaqqabısını aparsalar və onun yerində başqa ayaqqabı qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan kəsin olduğunu və ayaqqabını aparan həmin adamın apardığı ayaqqabının əvəzində öz ayaqqabısını götürməyə razı olduğunu bilsə, o ayaqqabını özünkünün yerinə götürə bilər. Onun ayaqqabısını haqqsız yerə, zülm olaraq götürüldüyünü bildiyi təqdirdə də hökm eynidir. Amma bu halda o ayaqqabının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. Əgər belə olmasa, artıq qiymət üçün məchulul-malikin hökmü caridir. Bu iki haldan başqa halda, məchulul-malikin hökmü o ayaqqabıya cari olacaqdır.
Məsələ 2540: Əgər insanın əlində olan mal məchulul-malik olsa, yə`ni sahibi namə`lum olsa və o mala itirilmiş deməsələr, onun sahibinin həmin insanın o maldan istifadə etməsinə razı olduğuna əmin olandan sonra, hansı tərzdə onun istifadəsinə razı olsa, o maldan o cür istifadə edə bilər. Əgər belə olmasa onun sahibini tapmağa ehtimal verdiyi vaxta qədər axtarmaq lazımdır, sahibinin tapılmasından mə`yus olduqdan sonra gərək o malı fəqirə sədəqə versin. Vacib ehtiyata əsasən, sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir. Həmçinin, onun icazəsi ilə malın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa, belə ki, sədəqə verildiyinə razı olmasa, vacib ehtiyata əsasən malın əvəzini ona verməlidir.

HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ OVLAMAĞIN HÖKMLƏRİ
Məsələ 2541: Əti halal olan heyvanlar, istər vəhşi olsun, istər ev heyvanı əgər onların başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni pakdır. Amma dəvənin, balığın və çəyirtkənin halal olması üçün başqa yol var ki, sonrakı məsələlərdə qeyd olunacaq.
Məsələ 2542: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş və tutulması mümkün olmayan əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz.
Məsələ 2543: Əti halal olan vəhşi heyvan o halda ovlamaqla pak olar ki, qaça bilsin, ya uça bilsin. Buna görə də, qaça bilməyən ceyran balası və uça bilməyən kəklik balası ovlamaqla pak və halal olmaz. Əgər ceyran və onun qaça bilməyən balasını bir güllə ilə ovlasalar, ceyran halal, balası isə haramdır.
Məsələ 2544: Balıq kimi, sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan özü-özünə ölərsə, pakdır. Amma onun ətini yemək olmaz.
Məsələ 2545: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn, ilan və kərtənkələ ölüsü pakdır. Deməli, onu şikar etməyin və ya başını kəsməyin tə`siri yoxdur.
Məsələ 2546: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək də haramdır. Həmçinin yerdə yuva quran, sıçrayan qanı olan siçan kimi heyvanı baş kəsmək və ya ovlamaqla əti və ya dərisi pak olmur.
Məsələ 2547: Əvvəlki məsələdə deyilmişlərdən başqa əti haram olan heyvanları silah ilə ovlamaq, ya başını kəsməklə ətləri və dəriləri pak olur, istər yırtıcı olsunlar, istər qeyrisi. Hətta əgər (fiqhi nəzərdə ixtilaflı olan) fil, ayı və meymun olsa belə. Amma əgər əti haram olan heyvanı silah, itlə şikar etsələr, pak olması məhəlli işkaldır.
Məsələ 2548: Əgər diri heyvanın qarnından ölü bala çıxsa, ya onu çıxarsalar, onun ətini yemək haramdır.

HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDALARI
Məsələ 2549: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3-4- hülqum və udlağın yan tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz.
Məsələ 2550: Əgər dörd damardan bə`zisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır.
Məsələ 2551: Əgər canavar qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olar və həmçinin əgər hulqumundan da bir şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa, ya bədəninə birləşik qalsa, o qoyun vacib ehtiyata əsasən haram olar, amma əgər bədəninin başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və pak olar. Bu hökm təkcə canavar ilə qoyuna aid deyil.

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ
Məsələ 2552: Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yə`ni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir, ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, vacib ehtiyata əsasən o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Vacib ehtiyata əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə e`tiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, ya məst, ya bihuş, ya uşaq, ya dəli olsa, ya da başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.
Məsələ 2553: Vacib ehtiyata əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin vacib ehtiyata görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək caiz deyildir.

DƏVƏ KƏSMƏYİN QAYDASI
Məsələ 2554: Dəvənin, can verdikdən sonra pak və halal olması üçün heyvanları kəsmək üçün söylənilən şərtlərlə birlikdə bıçağı, yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Dəvənin ayaq üstə olması daha yaxşıdır.
Məsələ 2555: Əgər bıçağı dəvənin boynunun çökəkliyinə batırmaq əvəzinə onun başını kəssələr, ya qoyun, inək və bu kimi heyvanları kəsmək əvəzinə dəvə kimi boyunlarının çökəkliyinə bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma əgər dəvəni zibh etsələr və ölməmişdən əvvəl bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çökəkliyinə bıçaq batırıb diri ikən başını kəssələr, halal və pakdır.
Məsələ 2556: Əgər dəvə özbaşınalıq etsə ipə-sapa yatmasa və onu şəriətdə deyilən qayda ilə kəsə bilməsələr və ya məsələn; quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə və onu şər`i qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub və o yaranın tə`sirindən can verərsə, halal olar, bu halda onun üzünü qibləyə çevirmək də lazım deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması gərəkdir.

heyvanın kəsilməsində müstəhəbb olan şeylər
Məsələ 2557: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəbb bilmişlər:
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbbdir.
Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin