Məsələ 507: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir. İbadətlərini istibra olmadan tərk etməsi caiz deyil. İstibranın qaydası 496-cı məsələdə qeyd olunub. Məsələ 508: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Əgər öz adətini unutmuş olsa, adətin ehtimal verdiyi ən yüksək ədədi fərz etməlidir. Müstəhəbb ehtiyat odur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən e`tibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin. Məsələ 509: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha artıq dalbadal qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq dalbadal qan görərsə, ayın on yeddisinə qədər nifas və on yeddinci gündən e`tibarən on gün, hətta öz adət günləri olan ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa, gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün olduğu təqdirdə, heyzini onun nişanələri ilə tə`yin etməlidir (bunun qaydası 479-cu məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər ay öz qohumlarından bə`zisinin heyz adətini (479-cu məsələdə deyilən əsasda) özünə heyz qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur. Məsələ 510: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya daha çox dalbadal qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir. Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola bilər. Heyzi tə`yin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.
Məssi meyyit qüslü Məsələ 511: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə, yə`ni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir. Məsələ 512: Bədəni tam soyumamış olan bir meyyitin soyumuş olan bir yerinə toxunularsa, qüsl vacib olmaz. Məsələ 513: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir. Məsələ 514: Uşaq ölü şəkildə dünyaya gəlsə vacib ehtiyata görə onun anası gərək məssi-meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra vacib ehtiyata görə məssi-meyyit qüslü etməlidir. Məsələ 515: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin. Məsələ 516: Əgər dəli və ya yetkin (baliğ) olmayan uşaq meyyitə toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq yetkin olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər müməyyiz olsa, qüslü səhihdir. Məsələ 517: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə olsa, bir adam onların hamısı-a, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir. Məsələ 518: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun, istərsə də canlı insandan, qüsl vacib olmaz. Ölü və ya diri insandan ayrılan dişə toxunmaq da eyni hökmü daşıyır. Məsələ 519: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz əvəzindən kifayət edir. (Yə`ni bu qüslü etdikdən sonra namaz qılmaq istəyən şəxsin dəstəmaz almaya bilər). Məsələ 520: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir. Məsələ 521: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu kimi əməllər üçün qüsl etməlidir.
CAN VERƏNİN HÖKMLƏRİ Məsələ 522: Mühtəziri, yə`ni can verməkdə olan bir mö`mini, istər kişi olsun, istərsə qadın olsun, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, ayaqlarının altı qibləyə tuşlanacaq şəkildə arxası üstə uzatmalıdırlar. Məsələ 523: Meyyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü qibləyə uzandırmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, ona namaz qılınan zaman uzandırıldığı şəkildə uzandırmaq daha yaxşıdır. Məsələ 524: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən lazımdır. Məsələ 525: Can verən halda olan şəxsə, şəhadət kəlmələrini, on iki imam əleyhimus-səlamın təsdiqi və sair haqq əqidələri başa düşəcək bir qayda ilə təlqin etmək müstəhəbbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək təkrar olunması müstəhəbbdir. Məsələ 526: Mühtəzirə bu duanı başa düşəcəyi qaydada təlqin etmək müstəhəbbdir: Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsir, və yə`fu ənil-kəsir, iqbəl minnil-yəsir və`fu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. Əllahummərhəmni fəinnəkə rəhim. Məsələ 527: Müstəhəbbdir ki, çətin can verən şəxsi, əgər ona narahatçılıq olmasa, namaz qıldığı yerə aparsınlar. Məsələ 528: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək «Yasin», «Saffat», «Əhzab», surələri, «Ayətəl-kürsi», «Ə`raf» surəsinin 54-cü ayəsi və «Bəqərə» surəsinin son üç ayəsini, eləcə də Qur`andan mümkün olan digər ayələri oxusunlar. Məsələ 529: Can verəni tək qoymaq, qarnının üstünə ağır şey qoymaq, yanında cünub və haizin olması, həmçinin çox danışmaq, ağlamaq və qadınları onun yanında tək qoymaq məkruhdur.
ÖLÜMDƏN SONRAKI HÖKMLƏR Məsələ 530: Ölümdən sonra meyyitin gözlərini, dodaqlarını və çənəsini bağlamaq, əllərini və ayaqların uzatmaq, üzərinə bir parça örtmək, əgər gecə ölmüşdürsə, öldüyü yerdə çıraq yandırmaq, onun dəfn edilməsi üçün mö`minlərə xəbər vermək və onun dəfninə tələsmək müstəhəbbdir. Amma əgər öldüyünə əmin deyillərsə, ölməsi mə`lum olana qədər gözləməlidirlər. Həmçinin əgər meyyit hamilədirsə və bətnindəki uşaq diridirsə, onun bir yanını yarıb, uşağı çıxararaq yenidən onu tikincəyə qədər dəfn işini tə`xirə salmalıdırlar.
MEYYİTİN QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİNİN VACİBATI Məsələ 531: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli, ya da bir başqasını ona mə`mur etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə kifai vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bə`ziləri yerinə yetirsələr, başqalarının boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi imtina edən surətdə onun icazəsi şərt deyil. Məsələ 532: Əgər bir şəxs meyyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər. Məsələ 533: Əgər insan, başqa birisinin meyyitin işləri ilə məşğul olduğuna əmindirsə, meyyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya zənn edərsə, məşğul olmalıdır. Məsələ 534: Bir şəxs meyyitin qüsl, kəfən, namaz və ya dəfninin batil şəkildə yerinə yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu zənn edərsə və ya düzgün olub-olmadığında şəkk edərsə, məşğul olması lazım deyildir. Məsələ 535: Qadının vəlisi onun əridir. Bundan başqa hallarda isə, irsin təbəqələrində deyildiyi kimi, varis meyyitin vəlisidir, irs aparan kişilər, aralarındakı tərtibə əsasən, qadınlardan qabaqdırlar. Meyyitin atasının meyyitin oğlundan, meyyitin babasının onun qardaşından, meyyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan qardaşından, yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və əmisinin meyyitin dayısından irəli olması işkallıdır. Başqa sözlə, belə hallarda ehtiyata əməl olunmalıdır. Əgər vəli bir neçə olsa, birinin icazəsi kifayətdir. Məsələ 536: Həddi-büluğa çatmamış uşaq və dəli, meyyitin işlərini görmək xüsusunda vəli deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyyitin işlərini görməyə tə`yin edə bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur. Məsələ 537: Əgər bir şəxs «mən meyyitin vəlisiyəm» və ya «meyyitin vəlisi mənə, meyyitin qüsl, kəfən və dəfn işlərini yerinə yetirmək üçün izn vermişdir» və yaxud «meyyitin təchizi xüsusunda mən onun vəlisiyəm» deyərsə, bu halda əgər ona xatircəmlik hasil olarsa, yaxud meyyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözün doğruluğuna şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir. Məsələ 538: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini tə`yin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyyitin bu işləri yerinə yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım (vacib) deyildir. Amma əgər qəbul edərsə, gərək ona əməl etsin.
MEYYİT QÜSLÜNÜN QAYDASI Məsələ 539: Meyyitə üç qüsl vermək vacibdir: 1. Sidr ilə qarışmış su ilə; 2. Kafur ilə qarışmış su ilə; 3. Xalis su ilə. Məsələ 540: Sidr və kafur, suyu muzaf hala yetirəcək qədər çox, «sidr və kafur su ilə qarışdırılmamışdır» – deyiləcək qədər də az olmamalıdır. Məsələ 541: Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, əldə olan miqdarın suya qarışdırılması müstəhəbb ehtiyatdır. Məsələ 542: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis su ilə qüsl verilməlidir. Amma onun ehramı həcci-təməttö ehramıdırsa, təvaf, namaz və sə`yi tamamlanmışsa, yaxud da qiran və ya ifrad həcci ehramında olub həlq (başın tükünü qırxmaq) etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır. Məsələ 543: Əgər sidr və kafur, yaxud bunlardan biri tapılmasa və ya onun istifadəsi caiz olmasa, məsələn, qəsbi olarsa, gərək ehtiyata əsasən ona bir təyəmmüm verilsin, mümkün olmayanın yerinə isə xalis su ilə qüsl verilsin. Məsələ 544: Meyyitə qüsl verən aqil, müsəlman və ehtiyata əsasən on iki imam şiəsi olmalı, həmçinin qüsl hökmlərini də bilməlidir. Əgər müməyyiz uşaq qüslü səhih şəkildə yerinə yetirsə, kifayət edər. Belə ki, isna-əşəridən (isna-əşəri – yə`ni 12 imamçı olan şiə məzhəbi) başqa məzhəbdə olan müsəlman meyyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl versə, isna-əşəri mö`mindən təklif saqitdir. Amma əgər o, meyyitin vəlisi olsa, təklif ondan saqit olmur. Məsələ 545: Meyyitə qüsl verən şəxsin qürbət qəsdi olmalıdır, qüslü Allah-təalanın əmrini yerinə yetirmək məqsədilə verməsi kifayətdir. Məsələ 546: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş olsa belə, vacibdir. Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib deyildir. Kafirin övladı müməyyiz olub İslamı izhar etsə, müsəlmandır. Uşaqlıqdan dəli olub, bu halda baliğ olan şəxsin, ata-anası müsəlmandırsa qüsl edilməsi lazımdır. Məsələ 547: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, ona qüsl verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa, sair hallarda ehtiyata əsasən, bir parçaya bükülərək, qüsl verilmədən dəfn edilməlidir. Məsələ 548: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər. Məsələ 549: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan uşağına qüsl verə bilər. Məsələ 550: Bir-birinə məhrəm olanlar bir-birinə qüsl verə bilər. İstər ana, bacı kimi nəsəbi olsun, istərsə süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olsunlar. Bundan başqa hallarda qüslün libas altından verilməsi, yaxşı olmasına baxmayaraq, lazım deyil, amma vacib ehtiyata əsasən, kişi ona məhrəm olan qadına o halda qüsl verə bilər ki, ona qüsl verəcək bir qadın tapılmasın və əksinə (kişiyə qüsl verə biləcək kişi tapılmasa, məhrəm qadın qüsl verə bilər.) Məsələ 551: Əgər meyyitlə ona qüsl verənin hər ikisi kişi və ya hər ikisi qadın olsa meyyitin övrətindən başqa digər yerlərinin çılpaq olması caizdir. Amma daha yaxşısı odur ki, libasın altından qüsl verilmiş olsun. Məsələ 552: Meyyitin övrətinə baxmaq ər arvaddan başqasına haramdır, əgər ona qüsl verən adam baxsa, günah edib, lakin (bu işlə) qüsl batil olmaz. Məsələ 553: Əgər meyyitin bədəninin bir yerində eyni-nəcis olsa, qüsl verməzdən əvvəl oranı paklamaq lazımdır. Meyyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasatdan pak olması daha yaxşıdır. Məsələ 554: Meyyit qüslü, cənabət qüslü kimidir. Vacib ehtiyata görə tərtibi qüsl vermək mümkün olduğu vaxta qədər, meyyitə irtimasi qüsl verilməməlidir. Tərtibi qüsldə də sağ tərəfi sol tərəfdən əvvəl yumalıdırlar. Məsələ 555: Heyz, yaxud cənabət halında ölən adama, heyz, yaxud cənabət qüslünü vermək lazım deyil, elə həmin meyyit qüslü onun üçün kifayətdir. Məsələ 556: Meyyitə qüsl vermək üçün muzd (əmək haqqı) almaq, ehtiyata əsasən, haramdır. Əgər bir kəs muzd almaq üçün meyyitə qüsl versə, belə ki, bu iş qəsdi-qürbətə zidd olmuş olsa, o qüsl batildir. Amma qüsldən qabaq bə`zi hazırlıq işləri üçün muzd almaq haram deyildir. Məsələ 557: Meyyit qüslündə cəbirə qüslü məşru (şəriət qanunu) deyildir. Əgər su tapılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə meyyitə bir təyəmmüm verməlidirlər. Amma üç təyəmmüm vermələri müstəhəbb-ehtiyatdır. Məsələ 558: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyyitin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, müstəhəb-ehtiyata əsasən, meyyitin öz əli ilə ona təyəmmüm verilməlidir.
MEYYİTİ KƏFƏNƏ BÜKMƏYİN HÖKMLƏRİ Məsələ 559: Müsəlman meyyiti fitə, köynək və sərtasər (başdanayağa) deyilən üç parçaya bükülməlidir. Məsələ 560: Fitə vacib ehtiyata əsasən göbəkdən dizə qədər bədəni örtməlidir. Daha yaxşı olar ki, sinədən ayağın üzünə (topuğa) qədər yetişsin. Köynək gərək vacib ehtiyata əsasən çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşısı odur ki, ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri tərəfinin üstünə gələcək qədər olması vacib ehtiyata əsasəndir. Məsələ 561: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyyitin malının əslindən götürülür. Mə`lum və adi qaydada, eləcə də meyyitin şə`ninə uyğun kəfənin normal olan müstəhəbb miqdarı da meyyitin malının əslindən götürülə bilər. Amma kəfənin vacib miqdarından artığını, baliğ olmayan varislərin payından götürməmək ehtiyat müstəhəbbdir. Məsələ 562: Bir şəxs kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət etmiş olsa, lakin onun haraya sərf ediləcəyini tə`yin etməmiş olsa, yaxud onun sərf ediləcəyi yerin yalnız bir miqdarını tə`yin etmiş olsa, kəfənin müstəhəbb olan miqdarını normadan artıq olsa belə, onun malının üçdə birindən çıxa bilərlər. Məsələ 563: Əgər meyyit, kəfəni malının üçdə birindən çıxılmasını vəsiyyət etməmişdirsə, bu halda kəfəni onun malının əslindən almaq istəsələr, gərək 561-ci məsələdə söyləniləndən artığını, meyyitin şə`ninə layiq olmadığı, xalq arasında adət olmayan müstəhəbb şeyləri onun malının əslindən almasınlar. Əgər normadan daha bahalı bir şeyi kəfən üçün götürsələr, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ olanlar öz hissələrindən alınmasına izn versələr, onların izn verdikləri miqdarda onların hissəsindən ala bilər. Məsələ 564: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (təlaq əhkamında izah olunacağı kimi) ric`i təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının kəfənini onun malından verməlidir. Məsələ 565: Meyyit sağ ikən nəfəqəsini tə`min etmək qohumlarının üzərinə vacib olan şəxslərdən olsa belə, öldükdən sonra kəfənini tə`min etmək onlara vacib deyildir. Məsələ 566: Əgər meyyitin, kəfən hazırlamaq üçün malı olmasa, çılpaq dəfn edilməsi caiz deyil; ehtiyata əsasən müsəlmanlara vacibdir ki, onu kəfənə büksünlər, onun xərcini də zəkatdan hesablamaları caizdir. Məsələ 567: Vacib ehtiyata əsasən, kəfən üçün istifadə olunan hər üç parça, meyyitin bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü birləşdirdikdə, meyyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, kifayətdir. Məsələ 568: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da caiz deyil. Əgər meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, dəfn etmiş olsalar da, gərək onu bədənindən çıxartsınlar. Bə`zi geniş kitablarda izah olunan hallar istisnadır. Məsələ 569: Nəcis şeylə, xalis ipək parça ilə və vacib ehtiyata əsasən qızıl ilə toxunmuş parça ilə meyyiti kəfən etmək caiz deyil, amma çarəsiz halda eybi yoxdur. Məsələ 570: İxtiyar halında murdar olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək caiz deyil. Hətta murdar olmuş heyvanın pak dərisi ilə və həmçinin əti haram olan heyvanın tük, yaxud yunundan hazırlanmış parça ilə vacib ehtiyata əsasən ixtiyar halında caiz deyil. Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. Müstəhəbb ehtiyat odur ki, bu ikisi ilə də kəfən etməsin. Məsələ 571: Əgər meyyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün olduğu təqdirdə dəyişdirilməlidir. Məsələ 572: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən olunsun, başını və üzünü örtməyin eybi yoxdur. Məsələ 573: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir.
HƏNUTUN HÖKMLƏRİ Məsələ 574: Qüsldən sonra meyyitin hənut olunması vacibdir; yə`ni alnına, əllərinin içinə, dizlərinə və ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, sürtməklə olmasa belə, kafur vurulmalıdır. Meyyitin burnunun ucuna da kafur sürtmək müstəhəbbdir. Kafurun təzə, mubah (qəsbi olmayan) və əzilmiş olması gərəkdir. Əgər köhnə olduğuna görə qoxusu aradan getmiş olsa, kifayət deyildir. Məsələ 575: Ehtiyat müstəhəbb odur ki, kafuru əvvəlcə meyyitin alnına sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir. Məsələ 576: Daha yaxşı odur ki, meyyiti kəfənə bükməzdən əvvəl hənut etsinlər. Əgər, kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur. Məsələ 577: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək caiz deyildir. 542-ci məsələdə izah olunan hallar istisnadır. Məsələ 578: Əri ölən və iddəsi (vəfat iddəsi) tamam olmayan qadının özünü ətirləməsi haram olsa da, öldüyü zaman onun hənutu vacibdir. Məsələ 579: Ehtiyat müstəhəbb odur ki, meyyitə müşk, ənbər, ud və sair xoş ətirlər vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar. Məsələ 580: Kafura bir miqdar Həzrəti Seyyidüş-şühəda (ə)-ın türbətindən qarışdırmaq müstəhəbbdir. Amma türbətlə qarışdırılmış bu kafur ehtiramsızlıq olan yerlərə sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda «artıq bu kafur deyildir» deyiləcək qədər çox olmamalıdır. Məsələ 581: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hənut lazım (vacib) deyildir. Belə ki, qüsldən artıq qalsa, amma yeddi üzvün hamısına yetişməsə, ehtiyat müstəhəbbə əsasən, gərək əvvəl alına və əgər artıq qalsa, başqa yerlərə sürtsünlər. Məsələ 582: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə qəbrə qoymaq müstəhəbbdir.
MEYYİT NAMAZININ HÖKMLƏRİ Məsələ 583: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyyitinə, namaz qılmaq vacibdir. Məsələ 584: Altı yaşı tamam olmamış, namazın nə olduğunu bilən uşağa namaz qılmaq, vacib ehtiyata əsasən lazımdır. Əgər bunun nə olduğunu bilmirsə, rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb deyildir. Məsələ 585: Meyyit namazı qüsl, kəfən və hənutdan sonra qılınmalıdır. Əgər bunlardan qabaq və ya sonra qılınarsa və bu, məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir. Məsələ 586: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü olması və bədəninin və ya libasının pak olması vacib deyil. Əgər onun libası qəsbi olsa da, eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha yaxşıdır. Məsələ 587: Meyyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyyitin, onun qarşısında arxası üstə uzandırılması, belə ki, meyyitin başının namaz qılanın sağ tərəfində və ayaqlarının namaz qılanın sol tərəfində olması vacibdir. Məsələ 588: Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya hündür olmamalıdır. Amma azacıq alçaq və yuxarı olmağının eybi yoxdur. Müstəhəb ehtiyat odur ki, namaz qılanın yeri qəsbi olmasın. Məsələ 589: Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma meyyit namazını camaatla qılan şəxs, meyyitdən uzaq olsa belə, sıralar bir-birinə bitişikdirsə, eybi yoxdur. Məsələ 590: Namazı qılan meyyitin müqabilində dayanmalıdır. Amma əgər namaz camaatla qılınsa, meyyitin müqabilində olmayanların namazının eybi yoxdur. Məsələ 591: Namaz qılanla meyyit arasında, gərək pərdə, divar və ya bu kimi şeylər olmasın. Amma əgər meyyit tabutda ya bu kimi şeydə olsa, eybi yoxdur. Məsələ 592: Namaz qılan vaxtda gərək meyyitin övrəti örtülmüş olsun, əgər onu kəfənə bükmək mümkün deyilsə, gərək övrətini taxta, kərpic və bu kimi şeylə də olsa, örtsünlər. Məsələ 593: Meyyit namazı ayaq üstə və qürbət qəsdi ilə qılınmalı və niyyət zamanı meyyit müəyyən edilməlidir, məsələn, «bu meyyitin namazını qılıram qürbətən iləllah» – deyə niyyət edilməlidir. Vacib ehtiyat odur ki, gündəlik namazlarda şərt sayılan bədənin qərarlaşmasına riayət olunsun. Məsələ 594: Əgər ayaq üstə namaz qılmaq üçün bir nəfər tapılmasa, meyyitə oturduğu yerdə namaz qılmaq olar. Məsələ 595: Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmişdirsə, o şəxsin meyyitin vəlisindən icazə almasının yaxşı olmasına baxmayaraq, lazım (vacib) deyil.