Atəşsiz, inan, nur olamaz sabitü qaim,
Atəş, günəş, atəş, bəşəriyyət, bütün atəş.
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.1
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.
Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir ki, İblissiz dünyada İblisin düşmənlərinə də, ədalət carçılarına, çörəyi İblisə qarşı mübarizədən çıxanlara da ehtiyac yoxdur: “Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi ki, məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb olmuşdur və bu köhnəlmiş ədavət səbəbinədir ki, qızıl və gümüşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadların cibinə axmaqda davam edir? Məgər sənin kimi bir üləma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa çıxacaq?”2 Cübranın İblisi özünü Allah kimi əzəli-əbədi göstərmək üçün onunla bağlı olduğunu iddia edir. İblis insan təsəvvüründə necə dərin kök saldığını izah etmək üçün belə bir hekayət danışır: «İnsan ilk dəfə günəşi görəndə əllərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında böyük Allah vardır, xeyrin yaradıcısı!” Sonra isə kürəyini işığa çevirdi və yerdəki kölgəsini görüb dedi: “Torpağın dərinliyində qorxulu iblis yaşayır, şər törədicisi”». İşıq varsa, deməli, kölgə də olmalıdır. Lakin İblisin həm kölgə, həm də atəş ola bilməsi onun ikili təbiətini, riyakarlığını da ifadə edir.
Bunu da qeyd etmək yerinə düşər ki, Cübran daha çox İblisin “kölgə” xislətinə, Cavid isə “atəş” xislətinə istinad edir.
Caviddə də, Cübranda da İblis çevik, dinamik hərəkətverici qüvvə kimi təqdim olunur. O insanı daim fəaliyyətə səsləyir. “Mənim ürəyimin dayanması ilə bəşərdə hər hansı hərəkət də dayanacaq”. Lakin Cübranın İblisi daha səmimidir. O öz məqsədini gizlətmir: “Mən ölümsüz və əbədi İblisəm. Mən yalanın, riyanın, məkrin və alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edəsi olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kollarının tikanları bitəcək”. Lakin Cavidin İblisi daha iblisanədir. O öz fəna işlərini fəzilət kimi, yıxıcılığı quruculuq kimi təqdim edir. Daha doğrusu, sanki o bunların vəhdətini ifadə edirmiş:
Əvət, İblis, o böyük sənətkar
Həm yapar, həm də yıkar, qüdrəti var.1
Cübranın İblisi Allahla qarşılaşdırılır, O-na alternativ kimi verilir. Ona görə də İblis daha çox Allaha qulluq edən insanların, yəni keşişlərin, rahiblərin çevrəsindədir – onlarla sıx surətdə bağlıdır. Cavidin İblisi ümumiyyətlə insanla bağlıdır. Sanki insan qəlbində əbədi lövbər salmışdır. Ona görə də bütün şər hadisələr insanın öz ayağına yazılmalı imiş!
Siz nə qədər məndən uzaqlaşsanız,
Yer deyil, əflakə uçub qaçsanız,
Qarşılaşıb birləşəriz daima,
Ayrı deyil, çünki biriz daima.1
Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bir çox müəlliflər İblisin versiyasına uyaraq Şərin mənbəyini insanın təbiətində görmək mövqeyini tuturlar. Əslində isə insan iblisləşdikcə, öz təbiətindən uzaqlaşır. Daha doğrusu, özünü dərk etdikcə, öz təbiətinə, missiyasına uyğun yaşadıqca, İblis üçün əlçatmaz olur.
Dostları ilə paylaş: |