EQOİZMİN İKİNCİ DƏRƏCƏSİ
Bə᾽zi vaxtlar isə, «öz» məsələsi insanın öz yaşayışı və həyatı fikrində olması deyil, onun bir növ psixoloji xəstəliyə tutulması ilə bağlı olur. Yə᾽ni onun insani məqamı heyvanlığının xidmətində olur. Bir də görürsünüz ki, o, çox həris bir adama çevrilib hər şeyi yalnız özü üçün istəyir, özü də gündəlik ehtiyacı qədərində deyil, külli miqdarda varlanmaq məqsədi daşıyır!
Göyərçin öz yemək ehtiyaclarını tə᾽min etmək üçün dən toplayır və onun bu işi təbii və adi bir işdir. Əgər insan bu həddə olmaq istəsə, onun da bu işi adidir, yə᾽ni adi bir heyvan dərəcəsindədir. Amma insan bə᾽zən hərislik və tamahkarlığa düçar olur. Belə olan surətdə, söhbət artıq onun gündəlik məişət ehtiyaclarını tə᾽min etmək üçün çalışmasından getmir. Bəlkə o, toplamaq və var-dövlət yığmaq üçün fəaliyyət göstərir. Hər nə qədər mal toplayırsa, yenə də daha çox yığmaq istəyir və onun bu işinin son həddi olmur. Bu işin adı «hərislik»dir. Bu xəstəliyə tutulmuş adam bağışlamaq və ehsan etmək istəyəndə xəsisliyə düçar olur ki, bunun özü də başqa bir xəstəlikdir. O, bu vəziyyətdə simicliyə, Peyğəmbərin (s) dili ilə desək, «paxıllıq və xəsisliyə itaət»ə düçar olub. Belə ki, o, xüsusi bir psixoloji vəziyyətdə olur və ona fikir, əql və iradə deyil, həmin psixoloji vəziyyəti hökm edir. Pul onun vücuduna işləyir və o, bu işdə heç bir fikir, əql, məntiq və hesab-kitaba əsaslanmır. Çünki belə olmasaydı, əql və məntiqə əsaslansaydı bu dünyanın xərcləmə yeri olmasını başa düşərdi, yə᾽ni xeyir, mənfəət, səadət, məsləhət və xoşbəxtliyin xərclənməkdə olduğunu dərk edərdi. Amma paxıllıq və hərislik ona bu işi görmək icazəsi vermir. Hərislik və tamahkarlıq əxlaqa zidd haldır, yə᾽ni əxlaqdan aşağı səviyyəli bir xüsusiyyətdir.
Dostları ilə paylaş: |