Ke xoşo zibavo sərməste xodi
Əgər sən özünü tapsaydın, təklikdə özünlə birlikdə olanda heç nəyə möhtac olmazdın. Təklikdən qorxmağının səbəbi budur ki, sən özünlə də deyilsən, özünü də itirmisən və uduzmusan!
Buna görə də həqiqəti Allaha diqqət yetirməkdən ibarət olan ibadət insanın həqiqi mə᾽nada özünü tapmasıdır. İnsan, həqiqi «öz»ünü ibadətdə və diqqətini haqqın zatına cəmləşdirdikdə tapır.
Bəli, ariflər bu məsələni belə dəqiqliklə kəşf və dərk ediblər. Amma biz eyni zamanda görürük ki, onlar, nəfslə cihad məsələsində onun ali məqamının izzət və şərəfinə, ləkələnməməsinə və ümumiyyətlə insanın onun vasitəsilə yüksək məqamlara çatmasına çox az diqqət yetiriblər. Onların bu məsələyə diqqət yetirmələri o qədər azdır ki, biz onu yox dərəcəsində olmasını deməliyik. Əgər biz, onu islami mətnlərdə olan göstərişlərlə müqayisə etsək, görərik ki, ariflər hər şeyi islamın hökmlərindən götürmələrinə baxmayaraq, bu məsələdə ondan az ilham alıblar. Bəlkə də bunun səbəbi onların bu məsələnin incəliyini az dərk etmələridir.
HEYSİYYƏT, QUR᾽AN VƏ HƏDİS BAXIMINDAN
Dediyimiz kimi, islamda nəfsi istəklərə uymağın qadağan edilməsi, nəfsin, pis işlərə əmr edən olmasının bildirilməsi, «Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə ziyana uğrayacaqdır» və «Cismani ölümdən qabaq nəfsinizi öldürün» kimi məsələlərin olması ilə yanaşı, onun qədir-qiyməti və heysiyyət məsələsi üzərində çox tə᾽kid edilib. Qur᾽an buyurur: «... Şərəf-şan da, qüvvət və qələbə də Allaha, Onun peyğəmbərinə və mö᾽minlərə məxsusdur...» (Munafiqun-8). Gördüyünüz kimi, şərəf-şan və heysiyyət, nəfsin izzət və ucalığı özünü bəyənmək və özündən razılıq kimi qiymətləndirilmir. Xeyr, heysiyyət başqa bir şeydir. Peyğəməbr (s) buyurub: «Ehtiyaclarınızı heysiyyətlə istəyin.» İnsanın başqa bir insana möhtac olması təbii bir məsələdir. Peyğəmbər (s) buyurub ki, bir şeyə ehtiyacınız olanda onu rəzalət və zəlilcəsinə istəməyin, heç kəsin qarşısında özünüzü xar etməyin. Ehtiyacınız olan şeyi heysiyyətinizi qorumaqla istəyin, yə᾽ni öz şəxsiyyətinizi və izzətinizi ləkələməyin. Belə fikirləşməyin ki, ehtiyacınız olan şeyi başqalarından dilənçi kimi istəmək nəfslə cihad və mübarizə baxımından daha yaxşıdır. Xeyr, islam buna icazə vermir. Kimdənsə, ehtiyacın olan bir şey istəyirsənsə, onu izzət və heysiyyətini qorumaqla istə və al!
Əli (ə)-ın döyüş meydanında söylədiyi bu cümləyə diqqət edin. Bu cümlədə heysiyyət və şərəfdən söz gedir. O həzrət buyurur: «ölüm alçaq həyatda, həyat isə izzət və şərəfli ölümdədir!»
Dostları ilə paylaş: |