«MƏN» YARADAN AMİLLƏR TƏKCƏ SAHİBKARLIQDA BİTMİR!
Sosializmin cavabında deyirlər ki, məgər insanların bütün istəkləri iqtisadi məsələlər qismindədirmi ki, xüsusiçilik kollektivə çevriləndə «mən»lər «biz» olsunlar? İnsan həyatının yalnız bir hissəsi iqtisadi işlərdir və sahibkarlıq məsələsi barəsində ancaq həmin hissədə danışılır. Vəzifə, məqam, həyat yoldaşı və bu kimi bir sıra şeylər vardır ki, onlar iqtisadi məsələlərdən çox olmasa da, az deyil. Bə᾽zən kimsə bütün var-yoxunu bir qadının yolunda xərcləməyə və ya dünya şöhrətli bə᾽zi yüksək ictimai post və vəzifənin əldə edilməsi üçün verməyə razı olur. Bu barədə nə deyirsiniz? Bütün qadınları üst-üstə tökərək onlardan hamısı eyni səviyyəli olan bir dəstə standart arvad düzəltmək mümkündürmü? Əgər cinsi ortaqlıq məsələsi yoxdursa – əlbəttə bu heç bir kommunist ölkəsində olmayıb – birinin evində gözəl, digərinin evində isə çirkin arvad olur və bunun özü «mən» yaradan məsələlərdəndir.
Vəzifə məsələsində necə! Əgər biz əslində həqiqət olmayan, sosialist ölkəsinin başında duran şəxsin qida, minik və digər cəhətlərdən ölkə əhalisinin hamısı ilə bərabər olmasını, məsələn filan sosialist ölkəsinin baş nazirinin iqtisadi imkanlar baxımından filan zavod, ya tarlada çalışan fəhlə və ya əkinçi ilə bir səviyyədə olmasını və onların hər ikisinin yemək, avtomobil və s. imkanlardan bəhrələnərək istifadələrinin bir cür olmasını fərz etsək də – əlbəttə bunların hamısı yalnız quru təsəvvür və fərziyyədir – bu sual yenə də verilir ki, hər gün qəzetlərdə və yüksək tribunalardan adı çəkilən, dəfələrlə televiziya ekranlarında göstərilən baş nazirlə zavodların küncündə qalaraq unudulmuş fəhlə imkan və ne᾽mətlərdən bir cür və bərabər bəhrələnirlərmi?! Xeyr, belə deyil. Çünki həmin vəzifənin imkanlarından başqası deyil, həmin məqam sahibi istifadə edir. Bunları ortaq vəziyyətə gətirmək və həmin fəhlə ilə baş nazir vəzifəsini üst-üstə tökərək yenidən onların arasında bərabər səviyyədə bölüşdürmək olmaz. Partiyanın liderliyi, sədr müavinliyi və digər postların hər birinin bir nəfərə məxsus olması və axırda müəyyən bir kütlənin bu imkanlardan məhrum qalması labüddür. İdarələrdəki vəziyyət də belədir.
Deməli, «mən»lərin «biz»ə çevrilməsi üçün xüsusi mülkiyyət və sahibkarlıqların aradan götürülməsi kifayət etmir və biz bir sıra yerlərdə xüsusi mülkiyyətin aradan götürülməsinə baxmayaraq, «mən»lərin «biz»ə çevrilmədiyinin şahidi oluruq. Bəli, nəinki «mən»lər «biz»ə çevrilmədi, əksinə onların öz aralarında daxili çəkişmə, müharibə və mübarizələr və hətta onların iki böyük divləri, yə᾽ni Sovet ittifaqı ilə Çin bir-birləri ilə mübarizə apardılar və onların əks nöqtələrində olan imperializmi özlərinə dost etmək üçün yarışa girdilər. Bütün bunlar «mən»liyin «biz»ə çevrilməsini və həmin söhbətlərin quru söz olduğunu göstərir. Əlbəttə biz mülkiyyət bərabərsizliklərinin «mən»lərin yaranmasında çox tə᾽sirli olmasına və «biz» yaratmaqla çoxlu ixtilafların meydana gəlməsini qəbul edirik. Buna görə də İslam, mülkiyyət və sərvətin tarazlaşdırılmasına xüsusi əhəmiyyət verib. Amma məsələ burasındadır ki, «mən»lərin «biz»ə çevrilməsi üçün təkcə bu bərabərsizliklərin aradan götürülməsi kifayət etmir. «Biz» anlayışının onların arasında quru ad və söz olmasını görürük; ortaya ehtiyac çıxan kimi mətləb dəyişir. Bu məktəbdə «mən»lərin «biz»ə çevrilməsinin zəruriliyinin və onun kamil insanın şərtlərindən biri olmasının bildirilməsi düzgündür və biz də bu məsələni qəbul edirik. Amma, insanın təkcə «mən»liyinin «biz»ə çevrilməsi ilə «kamil insan» olmasını fikirləşmək düz deyil. Sosializm məktəbi də təkyönlü məktəblərdəndir. Bütün insani dəyərlərin «mən»in «biz»ə çevrilməsində olmasını bildirən nəzəriyyə səhvdir. «Mən»liyin «biz»ə çevrilməsindən əlavə bir sıra digər dəyərlər də vardır ki, bundan əvvəl barəsində söhbət etdiyimiz məktəblərin hər biri, heç olmasa müəyyən bir dəyərə düzgün diqqət yetirmişlər. Deməli, yalnız bir şeyi insani dəyər hesab etmək düzgün deyildir.
Dostları ilə paylaş: |