Susuz səhralarda sığınacaqsız
Qəmli bir yolçuyam odsuz-ocaqsız.
Aman, bu yerlərə kimsə tutmaz üz.
İsti külək əsər gecə və gündüz.
Həmin dövrün ədiblərindən biri də Yə’qub ibn Yəzid Təmmar olmuşdur. O, hökumətin mülkü olan bir evdə yaşayır və iki ayda yetmiş dirhəm icarə ödəyərmiş. Kasıblıq səbəbindən bu icarəni ödəyə bilməyən şair belə gileylənir:
Dünyada çarəsi tapıla çətin.
Bu zəhərli borcdan haraya qaçım,
Qüssədən, kədərdən ağardı saçım.
Şair öz dözülməz yoxsulluğunu yuxarıdakı misralarla təsvir edir. Bir cəmiyyətdə ki, düşüncə sahibləri fəqirlik girdabında çabalayır, həmin cəmiyyətin sadə adamlarının həyatı haqqında danışmağa ehtiyac qalmır. İslam dünyasının sərvətləri saraylarda xanəndələrə, rəqqasələrə xərclənirdi. Abbasilər öz işrət məclislərinə xalqın alın təri ilə rövnəq verirdilər.
İDEOLOJİ VƏZİYYƏT
İdeoloji durum baxımından həmin dövrdə diqqəti cəlb edən odur ki, Mütəvəkkil dövlətin rəsmi məzhəbi sayılan e’tizal əqidəsindən əhli-hədis əqidəsinə keçdi. O aşkarcasına Mö’təzilə və şiələri əzmək və əksəriyyəti sünnə əhli olan əhli-hədisə yol açmaq siyasəti yeridirdi.
E’tizal əqidəsinin yaranışı haqqında müxtəlif fikirlər var. Bə’zilərinin nəzərincə, bu əqidə hicrətin ilk əsrində, əməvilər dövründə Vasil ibn Ətanın öz ustadı Həsən Bəsridən ayrılması nəticəsində yaranmışdır. Deyilənlərə görə, bu əqidə İraqda formalaşmış və beş əsasa malik olmuşdur.
E’tizal məktəbində ağıla ifrat şəkildə istinad edilir. Onlar bu xüsusiyyətlərinə görə hətta avropada intibah dövründə formalaşmış ağılı əsas götürən bə’zi cərəyanlara oxşadılırlar. Xəlifə Mə’munun dövrünədək e’tizal məzhəbi ölkənin siyasi həyatında heç bir rol oynamırdı. Amma Mə’mun bu əqidəni dövlətin rəsmi məzhəbi seçdi və onun himayəsi ilə e’tizal məktəbi çiçəkləndi. Bə’zi tədqiqatçılar tarixi dəlillər göstərərək bildirirlər ki, Mə’munun əsil məqsədi şiə imamlarını, əsasən də, imam Rizanı (ə) siyasi səhnədən götürmək idi. Mə’mun məcburi şəkildə imam Rizanı (ə) özünə vəliəhd tə’yin etdi. Digər bir tərəfdən yunanların fəlsəfə və məntiq kitablarını tərcümə etdirməklə müəyyən məqsədlər güdürdü. İmamın vəliəhdliyə tə’yin olunmasında məqsəd xalqın imama münasibətini dəyişmək idi. Mə’mun çalışırdı ki, imam Rizanı (ə) vəliəhd tə’yin etməklə onu dünyapərəst bir insan kimi tanıtdırsın. O, yunan mətnlərini tərcümə etdirməklə əhli-beyt maarifini ikinci plana keçirməyə çalışırdı. Amma ilahi elmdən bəhrələnən imam onun bütün istəklərini puça çıxarırdı. Buna görə də Mə’mun imamı öldürməkdən başqa çarə görmürdü.
Əba-Silət deyir: «Mə’mun müxtəlif şəhərlərdən mütəkəllimləri (filosofları) ətrafına yığırdı ki, imamla mübahisədə onu məğlub edə bilsin. Amma yəhudilərdən, məsihilərdən, məcusilərdən və digər əqidə nümayəndələrindən kim imamla mübahisəyə girirdisə, məğlub olurdu. Mə’mun bu yolla öz məqsədinə çata bilmədiyindən imama zəhər içirməklə onu qətlə yetirdi».
Mə’mun özü e’tizal məzhəbini qəbul etdikdən sonra xalqı da bu yola sürükləməyə çalışdı. O xalqa qəbul etdirmək istəyirdi ki, Qur’an yaradılmış bir şeydir. Bu isə mö’təzilə məktəbinin nəzəriyyələrindən biri idi. Mə’mun hicri iki yüz on səkkizinci ildə Bağdad hakiminə məktub yazıb Qur’anın yaranmış olması məsələsinin təsdiqi üçün alimlər arasında mübahisələr təşkil etməsini istədi. Bağdad hakiminə tapşırdı ki, bu əqidəyə qarşı çıxanları sıxıntıya salın. Mə’munun nəzərdə tutduğu əqidədə olmayanların, şəhadətlərinin qəbul edilməməsi tapşırılırdı. Mə’munun əslində əqidə təftişinin bir növü olan bu hərəkəti tarixdə «Mihnətul-Qur’an» adı ilə məşhurdur. Mə’mun öz vəliəhdi Mö’təsimə də vəsiyyət etmişdi ki, xalqa bu əqidəni qəbul etdirsin. Elm və bilikdən xəbərsiz olan Mö’təsim də öz növbəsində uyğun əqidəyə qarşı çıxanları cəzalandırırdı. Hətta bə’zi alimlərə şallaq da vurulurdu.
Mö’təsimdən sonra eyni yolu Vasiq davam etdirdi. Onun təzyiqləri Bağdad xalqında ciddi narazılıq yaratmışdı. Vasiq müsəlman əsirlərlə Rum əsirləri dəyişilərkən müsəlmanlıq ölçüsü kimi Qur’anın məxluq olması inancını əsas götürürdü. Əsirlərdən hər hansı biri bu əqidəyə qarşı çıxdıqda müsəlman sayılmır və dəyişdirilmirdi.
Hər halda abbasi xəlifələrinin zülmü bir həddə çatmışdı ki, müxaliflərə olmazın işgəncələri verilir və zindanlar ağzınadək doldurulurdu. Əhməd ibn Hənbəl uyğun nəzəriyyəyə müxalif olduğu üçün şallaqlandı və bir müddət həbs edildi. Vasiqin hakimiyyəti dövründə Bağdad əhli Əhməd ibn Nəsr Xüzainin başçılığı altında qiyam qaldırdı. Vasiq qiyamı yatırdı və qiyamın rəhbərini qətlə yetirdi. Şafeinin şagirdlərindən olan Yusif ibn Yəhya Buvəyti işgəncələrə mə’ruz qalaraq dünyasını dəyişdi. Xəlifələrin bu sayaq tədbirləri xalqda e’tizal əqidəsinə nifrəti artırırdı.
Nəhayət, Vasiq dünyasını dəyişdi, hakimiyyətə Mütəvəkkil gəldi. Mütəvəkkil mö’təzilə və şiə əqidəsinə qarşı çıxaraq əhle-hədis üsulunu himayə etməyə başladı. O, bu yolla xalqın rəğbətini qazana bildi. Uzun illər xəlifələrin mö’təzilə əqidəsini müdafiə etməsindən cana yığılmış xalq Mütəvəkkilin tədbirini razılıqla qarşıladı. Xalq Mütəvəkkilə münasibətdə ifrata vararaq, ona bid’əti aradan qaldırmış, ilahi sünnəni bərpa etmiş bir şəxs kimi sitayiş edirdi.
Mütəvəkkil bu yolla onun üçün daha böyük təhlükə yaradan ələvilərin qarşısını aldı. O, mö’təzilə və şiə əqidəsini aradan qaldırmaq üçün xüsusi tədbirlər planı hazırlayırdı. O, əvvəlcə Mə’munun əqidə təftişini aradan qaldıraraq, şiələrə zidd şüarlar verməyə başladı. Sonra Vəzir ibn Zəyatı işdən uzaqlaşdırıb, onun yerinə şiə əqidəsinə qarşı barışmaz mövqedə olan Cürcərayi və İbn-Xaqanı tə’yin etdi.
Mütəvəkkilin üçüncü işi yeni ordunun yaradılması oldu. Orduya ələviyə müxalif mövqedə dayanan Suriya, Əlcəzair, Cəbəl, Hicaz, hətta Əbna əhli cəlb edildi. O öz şiə müxaliflərinə qarşı sərt tədbirlər görərək, hətta imam Hüseynin (ə) qəbrini xaraba qoymağa cür’ət etdi.
Onun başqa bir tədbiri sünni əqidəsinə əsaslanaraq rəvayət mənbələrinin tərtibi oldu. İbn Əbu-Şeybənin «müsənnəfi», Buxarinin «Səhihi», Müslümün «Səhihi» bu qəbildəndir.
XÜLASƏ
Kitabın bu fəslində qeyb dövrünün bə’zi səbəblərinin anlaşılması, ikinci Abbasilər dövründə ictimai-siyasi vəziyyət və ideoloji baxışların nəzərdən keçirilməsi üçün, eləcə də, imamın qeybi ərəfəsində Samirradakı vəziyyətlə tanış olmaq üçün zəruri məsələləri sadaladıq:
1.Xilafət mərkəzinin Bağdaddan Samirraya köçürülməsi;
2.Türklərin nüfuz və hakimliyi;
3.Davamlı vəzifə dəyişiklikləri;
4.Qadınların xilafət hakimiyyətində nüfuzu;
5.Vəzirlərin və əmirlərin zülmü;
6.Daxili çaxnaşmalar;
7.Nüfuz altında olan məntəqələrin muxtariyyatı;
8.İslam fəthlərinin mahiyyət və hədəflərinin dəyişdirilməsi.
İctimai vəziyyəti araşdırarkən qeyd etdik ki, cəmiyyət imkanlılardan və məhrumlardan ibarət olmaqla iki qütbə bölünmüşdür. Xəlifələrin, vəzirlərin, əmirlərin harın həyat tərzi ilə fəqirlərin həyat tərzi müqayisə edildi.
İdeoloji vəziyyəti nəzərdən keçirərkən Mütəvəkkilin e’tizal əqidəsindən əhli-hədis əqidəsinə üz tutması haqqında danışdıq, mö’təzilə əqidəsinin siyasi səhnədən çıxarılmasının və əhli-sünnə əqidəsinin dövlətin siyasi üsulu seçilməsi proseslərini nəzərdən keçirdik. Uyğun gedişlərin səbəbləri də müəyyən həddə aydınlaşdırıldı.
Dostları ilə paylaş: |