QEYB TARİXİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Əvvəlcə imam Mehdinin (ə) qeyb dövrünün necə başlaması ilə tanış olaq. İslam alimləri arasında bu başlanğıc haqqında bir neçə baxış mövcuddur:
Bə’ziləri kiçik qeyb dövrünün sərdabədən başlandığını bildirirlər. Onların fikrincə, Mö’təmədin mə’murları həzrətin Samirradakı evinə basqın etdiyi vaxtdan həzrətin kiçik qeyb dövrü başlamışdır. Biz qarşıdakı söhbətlərimizdə sərdabə əhvalatı haqqında danışacağıq. Biz bu baxışı düzgün hesab etmirik. İmam Mehdi (ə) Abbasilərin hücumu zamanı qeybə çəkilməmişdir. Bu qeyb həmin basqın hadisəsindən qabaq baş vermişdir.
Bə’zi alimlər, eləcə də, şeyx Müfid kiçik qeyb dövrünün həzrətin dünyaya gəlişi zamanından başladığını bildirirlər. Amma əksər imamiyyə alimləri bu baxışı qəbul etmirlər.
Üçüncü baxışa əsasən, kiçik qeyb dövrü imam Həsən Əsgərinin (ə) şəhadətindən və birinci səfir Osman ibn Səid Əmri tə’yin olunduqdan sonra başlamışdır. Bu hadisələr hicri 260-cı il rəbiül-əvvəl ayının səkkizinə təsadüf edir. Kiçik qeyb dövrü son səfir Əli ibn Məhəmməd Səməri hicri 329-cu il, şə’banın on beşində dünyasının dəyişdiyi vaxt başa çatmışdır. Beləcə, kiçik qeyb dövrü 69- il davam etmişdir.
Bu baxışı əksər imamiyyə alimləri qəbul edirlər. Kiçik qeyb dövrü həzrətin imamət dövrüdür və bu dövrdə həzrətin dörd səfiri fəaliyyət göstərmişdir.
Həzrətin öz atasının həyatı dövründə məxfi yaşadığı müddət həzrətin imamət dövrüdür. Başqa sözlə, kiçik qeyb dövrünün iki xüsusiyyəti vardır. Onlardan biri həzrət Mehdinin (ə) imamlığı, digəri isə dörd naibin səfirliyidir. Bu iki xüsusiyyətə əsasən, imam yalnız kiçik qeyb dövründə qeybə çəkilmişdir. Hansı ki, imamın xəlvətə çəkildiyi dövrdə bu iki xüsusiyyət olmamışdır.
Dostları ilə paylaş: |