MƏHƏMMƏD İBN ƏLİ ƏL-ŞƏLƏMƏĞANİ (ƏBU-CƏ’FƏR, İBN ƏBİL-ƏZAQİR)
Bu şəxs Vasət məntəqəsindəki Şələmğan kəndindən olduğu üçün «Şələmğani» adlandırılmışdır. O əvvəlcə düzgün e’tiqada malik alim, saleh bir şəxs olmuşdur. «Ət-təklif», «Əl-İsmət», «Əl-Əvsiya» və bir sıra başqa kitablar bu şəxsə məxsusdur. Şələmğani o qədər e’tibarlı sayılmışdır ki, üçüncü səfir Hüseyn ibn Ruh, Müqtədirin dövründə gizlənməyə məcbur olduğu vaxt onu öz yerinə canişin qoymuşdur. Həmin vaxt şiələr öz sualları və istəkləri ilə ona müraciət edər, imam Mehdinin (ə) fərmanları onun vasitəsi ilə çatdırılardı.
Amma onun Hüseyn ibn Ruha qarşı kinli münasibəti, eləcə də əqidəsindəki çaşqınlıqlar haqq məzhəbi tərk edib, batil bir məzhəbə daxil olmasına səbəb olmuşdur. O, zaman ötdükcə daha da azğınlaşmış və nəhayətdə kafir və mürtəd dərəcəsinə enmişdir. Şələmğani öz ardıcıllarını inandırırdı ki, həzrət Peyğəmbərin (s) ruhu Məhəmməd ibn Osman Əmriyə, həzrət Əlinin (ə) ruhu Hüseyn ibn Ruha, həzrət Fatimənin (s) ruhu Ümmü-Gülsümə keçmişdir. O bütün bunları öz ardıcıllarına sirr kimi açıqlayırdı. Bu şəxs öz küframiz fikirlərini Hüseyn ibn Ruha aid etmişdir. Bu xəbər ibn Ruha çatdıqda o Şələmğanini lə’nətləyərək, şiələri ondan uzaqlaşmağa çağırmışdır. Amma Şələmğaninin aldadıcı düşüncələri Bəni-Bistami kimilərini özünə cəlb etmişdir. İbn-Ruh məktubla Bəni-Bistamiyə müraciət etmiş, onun Şələmğanidən uzaqlaşmasını istəmişdir.
Əvvəldə qeyd etdiyimiz kimi, bu şəxsin batil əqidələrindən biri bu idi ki, guya həzrət Zəhranın (s) ruhu Əbu-Cə’fər Əmrinin qızı Ümmü-Gülsümün bədəninə keçmişdir. Bu azğın fikir Bəni-Bəstama o qədər tə’sir etmişdi ki, Hüseyn ibn Ruh şiələr arasında Şələmğaniyə lə’nət xəbərini yaymağa məcbur olmuşdur. Xüsusi ilə Bəni-Növbəxt şiələrinə ondan uzaqlaşmaq əmr edilmişdir. Daha sonra həzrət Höccət tərəfindən Şələmğani ilə bağlı fərman çıxarılmışdır. Bu fərman ibn Ruha Müqtədirin evində məhbus olduğu vaxt çatdı. Fərman Əbu-Əli ibn Həmmam vasitəsi ilə bütün şiə başçılarına bəyan edildi. Hamı yekdil şəkildə Şələmğanidən üz döndərdi.
İbn-Ruhun müxalifliyindən xəbər tutan Şələmğani xəlifə Razinin vəzirinin məclisində, şiə camaat arasında belə dedi: «Bizimlə bir yerdə olun, əlimi onun əlinin üstünə qoyum. Əgər göydən bir atəş enib onu yandırmasa, dedikləri haqdır. O, bu sözləri ilə İbn-Ruhu «mübahiləyə» (Allahdan haqsız kəsə cəza istəməyə) çağırdı. Amma bu söz xəlifəyə çatdıqda o, Şələmğanini həbs edib qətlə yetirdi. Bununla da şiələr onun şərrindən qurtuldular.
Şələmğani Hüseyn ibn Ruhun ona e’timadından, şiə xalqının sadəliyindən öz pis məqsədləri üçün istifadə etdiyindən, İbn-Ruha həsəd apardığından, dünyapərəstlik xəstəliyinə yoluxduğundan çox pis aqibətə düçar oldu və imamət məqamı tərəfindən lə’nətləndi.
Dostları ilə paylaş: |