2. Məhəmməd ibn Salehin qiyamı; künyəsi Əbu-Əbdüllah olmuş bu şəxs öz şücaəti ilə tanınmışdır. O, Əbu-Talib ailəsinin mədhində şe’rlər yazmışdır. Məhəmməd Mədinə yaxınlığındakı bir məntəqədə Mütəvəkkilə qarşı qiyam qaldırmışdır. Mütəvəkkil onun üzərinə qoşun göndərmiş və bu qoşun Məhəmmədi məğlub edərək, məntəqə əhlinə divan tutmuş, Məhəmmədi isə Samirraya gətirmişdir. Mütəvəkkilin göstərişi ilə Məhəmməd Samirrada zindana salınmışdır.
3. Yəhya ibn Ömərin qiyamı; künyəsi Əbül-Hüseyn olan bu şəxs Müstəinin xilafəti dövründə Kufədə qiyam qaldırmışdır. Yəhya zahid, müttəqi, abid, alim, çox şücaətli bir insan olmuşdur. Yəhya öz qiyamından qabaq imam Hüseynin (ə) qəbrini ziyarət etmiş və zəvvarları öz məqsədindən xəbərdar etmişdir. Həmin vaxt Kufəyə daxil olmuş və öz qiyam məqsədini aşkarlamışdır.
Bə’zi tarixçilər Yəhyanın qiyamının əsas səbəbi kimi onun Mütəvəkkil və türklər tərəfindən sıxıntıya salınmasını göstərirlər. Amma Əbül-Fərəc İsfəhani öz «Məqatilut-Talibin» kitabında bildirir ki, Yəhyanın qiyamının məqsədi yalnız Allahın razılığı olmuşdur. O, Kufədə xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət etmiş və ona çoxları qoşulmuşdur. Hətta Bağdad əhalisinin böyük bir hissəsi Yəhyanı rəhbər seçmişlər. Hansı ki, Bağdad əhli heç vaxt Yəhyadan qeyrisini dini rəhbər kimi qəbul etməmişdir. Kufənin bir çox düşüncəli və tədbirli insanları Yəhyaya bey’ət etmişlər.
Hüseyn ibn İsmail onunla vuruşmuş və bu böyük insanı öldürüb başını Samirraya, Müstəinə göndərmişdir. Müstəin də öz növbəsində Yəhyanın başını Bağdada göndərmişdir ki, xalqın ibrət götürməsi üçün onun başını meydanda dirəyə taxsınlar.
Yəhyanı böyük məhəbbətlə sevən xalq onun ölümünə ağlamış, müsibətinə şe’rlər qoşmuşlar. Əbül Fərəc İsfəhani deyir: «Abbasilər xilafəti dövründə qətlə yetirilmiş heç bir ələvi üçün belə əzadarlıq keçirilməmiş, haqqında bu qədər şe’rlər yazılmamışdır».
4. Həsən ibn Zeydin qiyamı; bu şəxs hicri 250-ci ildə Təbəristanda qiyam qaldırdı və həmin məntəqəni özünə tabe etdi. Sonra Amul və Reyə hücum edərək həmin şəhərləri də özünə tabe etdi. Sonra Təbəristandan Qorqana hücum edildi. Qorqan böyük qurbanlar hesabına ələ keçirildi. Həsənin ölümündən sonra qardaşı Məhəmməd onun canişini oldu. Məhəmməd 277-ci ildə Deyləmi tutdu. Bu iki qardaşın hər ikisi xalqı peyğəmbər əhli-beytinin yoluna də’vət etmişlər. Həsən ibn Zeyd fəqih, abid, səxavətli bir insan olmuşdur.
5. Həsən ibn Əli Həsəninin qiyamı; bu şəxs Məhəmməd ibn Zeyddən sonra Təbəristanda hakim olmuş, dünyasını dəyişdikdən sonra oğlu onun yerini tutmuşdur. Sonra isə qiyama Həsən ibn Qasim başçılıq etmişdir. Bu şəxs Təbəristanda qətlə yetirildi. Hər üç şəxs peyğəmbər ailəsinin razılığı üçün qiyam qaldırmışdı.
6. Məhəmməd ibn Cə’fər ibn Həsənin qiyamı; o hicri 250-ci ildə Reydə qiyam qaldırdı və xalqı Təbəristan hakimi Həsən ibn Zeydin tabeçiliyinə də’vət etdi. O, Xorasan əhli ilə savaşda məğlub oldu və əsir düşdü. Onu Nişabura Məhəmməd ibn Əbdüllah ibn Tahirin yanına apardılar. Məhəmməd zindana salındı, zindanda da dünyasını dəyişdi.
7. Əhməd ibn İsanın qiyamı; bu şəxs hicri 250-ci ildə Rey şəhərində Ərəfə günü bayram namazından sonra qiyam qaldırdı, xalqı əhli-beytin yoluna də’vət etdi. Əhməd Məhəmməd ibn Tahirin qoşunu ilə vuruşdu və onu məğlub etdi.
8. Həsən ibn İsmailin qiyamı; bu şəxs hicri 250-ci ildə Qəzvin və Zəncanda qiyam qaldırdı və hökumət nümayəndələrini bu şəhərdən qovdu. Hicri 252-ci ildə Sahib Deyləm və İsa ibn Əhməd ibn Ələvi ilə birlikdə Reyə hücum etdi və şəhəri ələ keçirdi. Şəhər əhli onlara iki milyon dirhəm məbləğ ödəyərək canlarını xilas etdilər. Hicri 253-cü ildə Musa ibn Buğa Qəzvində onunla döyüşdü və onu məğlub etdi.
9. Hüseyn ibn Məhəmmədin qiyamı; bu şəxs 251-ci ildə Kufədə qiyam qaldırdı və xəlifənin hakimini şəhərdən sürgün etdi. Müstəin Hüseynin qiyamını yatırmaq üçün Məzahim ibn Xaqanı onun üstünə göndərdi. Qiyam yatırıldı və şəhər yandırıldı. Məs’udi deyir: «Tərəfdarları onu tənha qoyduğundan Hüseyn gizlənməyə məcbur oldu».
10. Məhəmməd ibn Cə’fərin qiyamı; o əvvəldə adı çəkilmiş Hüseyn ibn Məhəmmədin canişini olmuşdur. Kufədə qiyam qaldırmış Məhəmmədi Məhəmməd ibn Tahir hiylə işlədərək Kufə hakimi tə’yin etmiş, sonra həbs edərək Samirraya göndərmişdir. O ölənədək zindanda qalmışdır.
11. İraqın Neynəva məntəqəsindəki ələvi bir şəxsin qiyamı; Bu şəxs hicri 251-ci ildə qiyam qaldırmışdır. Onun üzərinə göndərilmiş qoşun qiyamı yatırmış və bu şəxsi həbs edərək Kufəyə göndərmişdir.
12. İsmail ibn Yusifin qiyamı; bu şəxs hicri 251-ci ildə Məkkədə qiyam qaldırmış, həmin il də dünyasını dəyişmişdir. Ondan iyirmi yaş böyük qardaşı Məhəmməd ibn Yusif onun canişini olmuşdur. Bu insanlar Məkkə əhlinə olmazın məşəqqətlərini vermişlər. Müəttəz Əbul-Sacı onun üzərinə göndərmiş və qiyam yatırılmışdır. Məhəmməd Məkkədən qaçaraq, Bəhreynə üz tutmuşdur. İsmail ibn Yusiflə Məkkə əhli arasında baş vermiş döyüşdə İsmailin qardaşı Həsən ibn Yusif və Cə’fər ibn İsa öldürülmüşdür.
13. İbn Musa ibn Əbdüllahın qiyamı; bu şəxs İsmail ibn Yusifdən sonra Mədinədə qiyam qaldırmışdır.
14. Əli ibn Əbdüllah Talibin qiyamı; bu şəxs Mər’əşi adı ilə tanınmışdır. O hicri 251-ci ildə Amulda qiyam qaldırmış, Əsəd ibn Cəndan tərəfindən məğlub edilmişdir.
15. Əhməd ibn Məhəmmədin qiyamı; bu şəxs hicri 255-ci ildə Bərqə və İsgəndəriyyə arasındakı məntəqədə qiyam qaldırmış və xilafət iddiasında olmuşdur. Misir əmiri Əhməd ibn Tulun bu qiyamı yatırmaq üçün onun üzərinə qoşun çəkmişdir. Əhməd böyük fədakarlıqlardan sonra öldürülmüşdür. Onun başı Misirə ibn Tuluna göndərilmişdir. O da öz növbəsində qiyamçının başını Mö’təmədə çatdırmışdır.
16. Əli ibn Zeyd və İsa ibn Cə’fər ələvinin qiyamı; bu iki şəxs hicri 255-ci ildə Kufədə qiyam qaldırmışlar. Müəttəz onların üstünə böyük bir qoşun göndərmişdir. Səhabələri dağıldığından hər iki şəxs məğlub edilmişdir.
17. Əli ibn Zeydin qiyamı; bu şəxs ikinci dəfə təklikdə hicri 256-cı ildə Kufədə qiyam qaldırdı. Xəlifənin nümayəndəsini qovub şəhəri ələ aldı. Mö’təmidin onun üzərinə göndərdiyi qoşun məğlub edildi. Xəlifənin göndərdiyi ikinci qoşun böyük çətinliklərdən sonra Əli ibn Zeydi məğlub etdi. Əli və onun tərəfdarlarının bir çoxu qətlə yetirildi.
18. İbrahim ibn Məhəmmədin qiyamı; bu şəxs ibn Sufi adı ilə tanınmışdır. O hicri 256-cı ildə Misirdə qiyam qaldırmış və Əsna şəhərini tutmuşdur. Misir hakimi onun üzərinə qoşun göndərmiş, amma ibn Sufiyə məğlub olmuşdur. Növbəti dəfə göndərilən qoşun qiyamı yatırmış və qiyamçıların böyük əksəriyyəti qətlə yetirilmişdir. İbrahim qiyam yatırıldıqdan sonra qaçıb meşələrdə gizlənmişdir. Hicri 259-cu ildə növbəti dəfə Misirdə qiyam qaldırmış və xalqı qiyama çağırmışdır. Misir hakimi ibn Tulun növbəti dəfə onun üzərinə qoşun çəkmiş və onu məğlub etmişdir. İbrahim Məkkəyə qaçmış, Məkkə valisi tərəfindən tutulub ibn Tulunun hüzuruna göndərilmişdir. İbn Tulun onu bir müddət zindanda saxlayıb, sonradan azad etmişdir. İbn Sufi azad edildikdən sonra Mədinəyə getmiş və ömrünün sonunadək orada qalmışdır.
Dostları ilə paylaş: |