TÖVHİD-ƏFALİ VƏ ALLAHIN XEYİR MƏNŞƏYİ OLMASI
«Hər kəsə bir xeyir yetişsə (bilsin ki,) onu Allah ona vermişdir və hər kəs bir şərdən amanda olsa (bilsin ki,) Allah onu qoruyub saxlamışdır».
Bunu da xatırladaq ki, əgər insan Allaha itaət və günahdan uzaq olmaqda müvəffəqiyyət əldə edərsə, xəyalında özünü ləyaqətli bir şəxs zənn edib, qürrələnməməlidir. Bizim tərəfimizdən görülən hər bir xeyir işin əsli Allah tərəfindəndir. Bizə xeyir işləri görməkdə və günahdan çəkinməkdə müvəffəqiyyət əta edib, inayət göstərən Odur.
Təkvini olaraq istər çalışmaqla, istərsə də çalışmadan dünya xeyrindən bizə nəsib olanlar Allah tərəfindəndir və bəlaları bizdən dəf edən də Odur. Bu nəzər və inancın kökləri «tövhidi-əfali»yə etiqadda öz əksini tapır. Bu etiqada əsasən, insan bütün xeyir və yaxşı əməlləri Allah tərəfindən bilməli və həmçinin, Allahı aləmin qoruyucusu olaraq tanımalıdır.
Tövhidi-əfali bəhsi olduqca əhəmiyyətli məsələdir. Qəza və qədər və buna oxşar məsələlər ətrafında bütün deyilənlər, insanın tövhidi-əfaliyə olan etiqadına bir müqəddimədir.
Bu məsələyə diqqət qürur, lovğalıq və təkəbbür kimi mənfi xüsusiyyətləri insanın qəlbindən silib təmizləyir. Həqiqətdə, tövhidi-əfaliyə diqqət, əksər əxlaqi rəzilətlərin, tənbəlliyin, süstlüyün, həsadətin, həqarətin dərmanıdır. Tövhidi-əfaliyə diqqət edəndə insanda nə həsəd üçün və nə də kibr və həqarət üçün zəmin qalır; insan özünü Allahla rabitədə görəndə, artıq həqarət hissi keçirmir. Eləcə də, bir nəfər Allahın əzəmətinə nəzər saldıqda, artıq lovğalanmır. Çünki hər şeyi Allahdan bilir. Həmçinin, əgər insanın bütün qüdrətlərin Allahdan olduğuna imanı olsa və inansa ki, Onun icazəsi olmadan heç bir iş baş tutmaz, heç kimdən qorxmaz. Biləndə ki, Allah bütün xeyirlərin mənşəyidir və Onun izni olmadan heç kim xeyirə qovuşmaz, bu halda artıq başqasına bel bağlamaz və ümidi yalnız Allaha olar.
Dostları ilə paylaş: |