Şəxsiyyətin istiqaməti.
Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir.
Dünyagörüşü – insanın həyatının özünəməxsus yolgöstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanın gerçəkli-yə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial – mənəvi, elmi, siyasi prinsip və baxışların məcmusudur.
İnsan həqiqi elmi – materialist dünyagörüşünə yiyələndikdə hansı amal uğrunda mübarizə etdiyini daha dərindən dərk edir, qarşısına daha real məsələlər qoyur, daha yaradıcı və fəal olur. Belə insan sosial həyatda düzgün mövqe seçə, azad fəaliyyət göstərə bilir.
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri haqqında müəyyən baxışlar sistemi insanın dünyagörüşünü təşkil edir. Dünyagörüşünün formalaşması insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və s. dünyagörüşünə malik ola bilirlər.
İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu zaman şəxsiyyətin tamlığını təmin edir.
Dostları ilə paylaş: |