Ailə münasibətləri və uşaq şəxsiyyətinin inkişafı
Uşaq şəxsiyyətinin formalaşmasında ailə xeyli müddət ərzində əsas rol oynayır. Məlumdur ki, insanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır.
Bəzi analar uşağı sağ tərəfdən qucaqlarına götürürlər, bəs, bunu nə ilə izah etmək olar? Həmin suala dəqiq cavab vermək çətindir. Lakin bəzi psixoloqlar belə güman edirlər ki, əksər halda uşağı sağ tərəfdən qucağına alan anaların çoxu doğuş zamanı qorxu hissi keçirmiş, çətinliklə doğmuş və ya uşaq doğmağı arzulamamış-dır. Buna görə də onlarla doğma övladları arasında fıziki kontakt zəifdir.
Ana uşaq aləminin affektiv mərkəzidir. Uşağın xarici aləmə bütün münasibətləri ana vasitəsilə reallaşır. Bu münasibətlər sisteminə tədricən ata, bacı, qardaş və b. daxil olur. Uşaq yaşa dolduqca onun həyatında və psixi inkişafında atanın rolu daha da artır. Onun münasibətlər sistemi şaxələnir və daha da mürəkkəbləşir. Uşaq tədricən ailə münasibətləri normalarına yiyələnir. Onda «yaxşı nədir, pis nədir?» haqqında təsəvvürlər formalaşır.
Valideynlər uşaqlara onların yaşına müvafıq tələblər verməli, nəinki həmin tələblərə əməl olunmasına diqqət yetirməli, həm də onlara müstəqillik verməli, ailə problemlərinin müzakirəsinə cəlb etməli, uşaqları narahat edən məsələləri onlarla birlikdə müzakirə etməlidir. Valideynlər bu yolla uşaqlarda iradə və xarakterin inkişafı, məsuliyyət hissinin formalaşması üçün şərait yaradır, öz övladlarına əmək adətləri aşılayırlar.
Valideynlərin uşaq və yeniyetmələrdə sosial siyasi mövzularda söhbətləri də böyük tərbiyə əhəmiyyətinə malikdir. Valideynlər uşaqlara ən yaxın adamlardır; uşaqlar, bir qayda olaraq, onlara hamıdan çox inanır, etibar bəsləyirlər. Valideynlərin ictimai hadisələrə verdikləri qiymətlər əslində onlar üçün vətəndaşlıq dərsidir. Valideynlərin əməyə münasibəti, öz biliyini, istedadını və ilhamlı əməyini Vətənimizin çiçəklənməsinə həsr etməsi, düzgünlüyü və prinsipiallığı, səmimiliyi, təvazökarlığı uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərir. Psixoloji tədqiqatlar göstərir ki, valideynlərin heç də hamısı bu imkanlardan eyni dərəcədə istifadə edə bilmirlər. Lakin bir cəhət şübhəsizdir ki, valideynlərlə uşaqlar arasındakı münasibətlər nə qədər əlverişli olsa, onların uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına təsiri bir о qədər möhkəm və səmərəli olar.
Dostları ilə paylaş: |