Vətəndaş cəmiyyəti ideyası antik dövrdə, xüsusilə Siseron tərəfındən irəli sürülmüşdür: sonradan bu problem Hobbs, Lokk, Russo, Hegel və Marks tərəfindən inkişaf etdirilmişdir. Müasir şərhə görə, vətəndaş cəmiyyəti- onun üzvləri arasında iqtisadi, mədəni, hüquqi və siyasi münasibətlərin inkişaf etdiyi, dövlətdən asılı olmayan, lakin dövlətlə qarşılıqlı fəaliyyət göstərən, bir cəmiyyətdir, bu yüksək ictimai, iqtisadi, siyasi, mədəni və əxlaqi statusu olan vətəndaşların cəmiyyətidir, onlar dövlətlə birlikdə inkişaf etmiş hüquqi münasibətlər yaradırlar.
M. Veberə görə, vətəndaş cəmiyyəti - reallıqdan çox uzaq olan ideal tip, idraki abstraksiyadır. Lakin ideyanın özü mənadan məhrum edilməmişdir. Onun məğzində onu təşkil edən üç tərkib hissənin: hakimiyyət, cəmiyyət və insan - optimal birləşməsi dayanır. Bununla belə ehtimal olunur ki, hakimiyyəti həyata keçirən dövlət hüquqi dövlətdir, onun fəaliyyəti qanunun aliliyinə əsaslanır. Cəmiyyət də başqa olmalıdır. Onun üçün üfqi əlaqələrin inkişafı, müxtəlif ittifaqların və cəmiyyətlərin, kütləvi hərəkatların, partiyaların olması, dövlətin hakimiyyətini onun desentralizasiya və yerli özünüidarə hesabına məhdudlaşdırılmasına cəhd xarakterikdir. Nəhayət, vətəndaşlara da tamamilə xüsusi tələblər irəli sürülür. Vətəndaşlar qorxudan yox, şüurluluq, daxili inam hesabına intizamlı olmalı, öz vəzifələrini könüllü yerinə yetirməli və öz hüquqlarını qısqanclıqla müdafiə etməli, rüşvətxorluq, korrupsiyaya və s. hallara qarşı barışmaz olmalıdırlar. Başqa sözlə desək, bu adamlar yüksək hüquqi şüuru, əxlaqı, siyasi və hüquqi mədəniyyəti olan vətəndaşlardır.
Siyasət siyasi ideologiyasız və bu və ya digər ölkələrin tarixinin keçid və böhranlı anında özünü daha kəskin göstərən siyasi emosiyalar və həyacanlar da daxil olmaqla bütövlükdə siyasi şüursuz mümkün deyildir. Lakin siyasi ideologiya yalnız sözdür, siyasət isə - işdir, yəni ictimai subyektin ictimai əhəmiyyətli məqsədlərə çatmağa yönəlmiş praktiki fəaliyyəti və real şəraitdir.
Siyasi sistemin mühüm ünsürlərindən biri vətəndaşların dəyər və normativ baxışlarını əhatə edən, onların dövlət institutları və öz aralarında olan əlaqələrini, cəmiyyətin və dövlətin idarə olunmasında vətəndaşların iştirakını təmin edən siyasi şüurdur. Müasir cəmiyyətdə siyasi şüurun iki: mütəxəssislərin - politoloqların konsepsiyalarında əks olunan nəzəri və müasir siyasətin formalaşması və siyasi qərarların qəbul olunması proseslərinə daxil edilən, hakim siyasi elitaya xas olan dövlət səviyyələri mövcuddur.
Siyasi sistemin mühüm əlaməti - onun bütövlüyüdür. Siyasi sistemin bütövlük xarakteri onu təşkil edən komponentlərlə sıx qarşılıqlı fəaliyyətdə öz əksini tapır.