Dövlət quruluşu haqqında məsələ ilk növbədə mərkəz və periferiya arasındakı qanunverici hakimiyyətin bölgüsü ilə bağlıdır. Əgər qanunverici funksiyalar bütövlükdə mərkəzə aiddirsə, belə dövlət unitar dövlət hesab olunur; əgər ərazi vahidlərinin öz qanunlarını qəbul etmək hüququ varsa onda bu cür dövlət federativ dövlətdir. Federasiya mərkəzin hökmranlığa, ərazi vahidlərinin isə separatizmə cəhdləri arasındakı ziddiyyətləri dəf etməyə imkan verir.
İdarə forması dövlət hakimiyyətinin həyata keçirilməsi xarakterindən asılı olaraq monarxiya və ya respublika idarə üsulu ola bilər. Monarxiya bütün hakimiyyətin bir adamın əlində cəmləşməsini nəzərdə tutur; bu adam hakim sülaləni təmsil edir və hakimiyyət varislik yolu ilə həyata keçirilir.
Monarxiya özünü mütləq monarxiya və konstitusiyalı monarxiya formasında göstərir. Mütləq monarxiya – dövlətin elə idarə formasıdır ki, burada siyasi hakimiyyət tamamilə və şəriksiz olaraq bir şəxsin – imperatorun (kralın, şahın) əlində olur. Məsələn, Nepal, Mərakeş, Səudiyyə Ərəbistanı və s.
Konstitusiyalı monarxiya dövləti isə elə şərikli idarəetmə formasıdır ki, burada hakimiyyət başında imperator ilə yanaşı parlament də dayanır. Konstitusiyalı monarxiya iri burjaziya ilə mülkədarların kompromis dövlətidir. Məsələn, İran, İordaniya, İngiltərə, Belçika, Hollandiya, Danimarka, Norveç, Yaponiya və s.
Respublika idirə üsulunda isə xalqın hakimiyyətə olan suveren hüquqları tanınır və xalq nümayəndəli orqanlarda təmsil olunur.
Respublikanın ali dövlət hakimiyyət orqanları mövcud konstitusiyaya əsasən müəyyən müddətə seçilən nümayəndələrdən ibarət olur. Bir sıra ölkələrdə dövləti idarəetmə forması respublika və parlamentli respublika formasına əsasən təşkil olunur.
Birinci halda prezident əhali tərəfindən seçilir. O, özü hökuməti təşkil edir. Hökumət prezident qarşısında məsuldur. Burada prezidentin səlahiyyətləri genişdir. Dövlətin belə idarəetmə formasına ABŞ, Braziliya, Venesuela, MDB məkanında olan ölkələr və s. misal göstərmək olar.
Parlamentli respublikada prezident parlament tərəfindən seçilir, o parlament qarşısında məsuldur. Hökumət də parlament tərəfindən yaradılır.
Parlamentli respublikaya Avstriya, Türkiyə, İtaliya və b. dövlətləri misal göstərmək olar.
Azərbaycan - unitar dövlətdir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipləri əsasında həyata keçirilir: qanunverici hakimiyyəti Milli Məclis həyata keçirir; icraedici hakimiyyət Azərbaycan Respublikasının Prezidentinə məxsusdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hüquqi dövlət vətəndaşların və dövlətin qarşılıqlı münasibət normalarını müəyyən edir, dövlətin əsas qanunu - konstitusiya əsasında fəaliyyət göstərir.
Hansı idarə formasının - respublika və ya monarxiya - yaxşı olması haqqqında sual ritorik xarakter daşıyır. Müasir Avropanın təcrübəsi göstərir ki, bir çox inkişaf etmiş və sabit ölkələrdə monarxiya üsul idarəsidir. Amerika tədqiqatçısı S.Lipset monarxiyanın müasir cəmiyyətin bütün təbəqələrinə münasibətdə mediativ, yəni barışdırıcı roluna diqqqət yetirmişdir. O, qeyd edir ki, inqilab nəticəsində monarxiyanın devrildiyi və hakimiyyətin varislik yolu ilə keçməsi qaydası pozulduğu ölkələrdə hakimiyyətə gələn respublika rejimi əhalinin mühüm təbəqələri arasında qanunçuluğu bərpa etməyə qadir olmamışdır. Başqa sözlə desək, monarx əxlaqi atribut rolunu yerinə yetirir, xalqın gözündə milli mənafelərin təminatçısı kimi çıxış edir. Bununla belə, bir çox ölkələrdə dövlət idarəçiliyinin respublika forması kifayət qədər uğurla fəaliyyət göstərir.