Marketinq elementlərinin effektliliyinə nəzarət . Operativ nəzarətin bu forması a) satış nümayəndəsinin (heyətinin) fəaliyyətinin effektliliyinə, b) reklamın effektliliyinə, c) satışın həvəsləndirilməsinin effektliliynə və ç) bölüşdürmənin effektliliyinə nəzarəti əhatə edir.
MÖVZU 14. BAZARIN KOMPLEKS TƏDQIQI
Bazarın tədqiqi.
İstehlakçıların və satışın tədqiqi
1.Bazarın tədqiqi- Səmərəli idarəetmə haqqında dəqiq qərar qəbul edilməsi üçün tələb haqqında informasiya almaq üsuludur, vasitəsidir. Deməli, ilk növbədə «tələb» haqqında geniş və dolğun informasiyalar toplanılmalı, sistemləşdirilməli, təhlillər aparılmalı, nəticələr çıxarılmalı və konkret qərar qəbul olunmalıdır. İlk baxışdan adi görünən bu məsələlərin kompleks halda, yəni bir-biri ilə qarşılıqlı əlaqədə və üzvü vəhdət halında öyrənilməsi o qədər də asan iş deyil. İnformasiyanın yığılması dedikdə, bazarı, məhsulları, istehlakçıları, reklamı, rəqibləri və s. tam əhatə edən məlumatların əldə edilməsi başa düşülür.
İqtisadi ədəbiyyatlarda marketinq tədqiqatlarını apararkən aşağıdakı məsələlərin öyrənilməsi nəzərdə tutulur; ticarətin hüquqi aspektlərinin tədqiqi (hüquqi normalar, lazım gəldikdə məsləhət verə biləcək hüquqi idarələr və s.); əmtəənin öyrənilməsi (yeniliyi və rəqabət qabiliyyətliliyi, qanunçuluq normalarına uyğunluğu, alıcıların tələblərini ödəmə qabiliyyəti, satışdan sonrakı servis xidmətinə ehtiyatın olması, reklama tələbat və s.); bazarın öyrənilməsi (coğrafi vəziyyəti, bazarın tutumu və satış həcmi, əmtəə struktru, konyuktura, inkişaf meylləri, yəni proqnoz və s); alıcıların öyrənilməsi (müştərilərin xarakteristikası, alışa həvəsləndirmə motivləri, bazarın seqmentləşdirilməsi, alqı üsulu və alqı vaxtı, ödənilməyən tələbat və s.); rəqiblərin öyrənilməsi (bazarın çox hissəsini mənimsəmiş əsas rəqiblər və s.).
Marketinq tədqiqatlarının aparılmasının əsas prinsiplərinə aşağıdakılar daxildir: Sistemlik, komplekslik, obyektivlik, qənaətçilik, müntəzəmlik, operativlik, dəqiqlik və ciddilik. Bu prinsiplərin həm ayrılıqda, həm də birlikdə götürdükdə, bu yüksək keyfiyyətli marketinq tədqiqatı aparmağa və elmi cəhətdən əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsinə imkan verir.
Bütün tədqiqat işlərində olduğu kimi, marketinq tədqiqatları da müəyyən bir iş planı üzrə aparılmalıdır. Marketinqə aid olan mənbələrdən bunun aşağıdakı ardıcıl üzrə aparılması tövsiyə edilir; marketinq tədqiqatlarının məqsədi müəyyənləşdirilməli və bu elmi cəhətdən əsaslandırılmalıdır; tədqiqat işinin planı tərtib edilməli və təsdiqlənməlidir; işin lazımı səviyyədə yerinə yetirilməsi üçün vacib olan informasiyanın dəqiqləşdirilməsi və onun toplanması; yığılan informasiyaların qruplaşdırılması, sistemləşdirilməsi və onların təhlili; təhlilin əsasında çıxarılan nəticələrin, təklif və elmi tövsiyələrin hazırlanması; işin gedişinə və nəticələrinə dair elmi hesabatların tərtibi, müzakirəsi, təsdiqi və əlaqədar bölmələrə təqdim edilməsi; tədqiqat işinin yekunlarının tətbiq edilməsi nəticəsində müəssisənin təsərrüfat fəaliyyətində baş verə biləcək səmərəlilik dərəcəsinin qiymətləndirilməsi və s.
Hər bir tədqiqat işinin metodları olduğu kimi, marketinq tədqiqiqin də özünün metodları sistemi vardır. Buraya aşağıdakılar daxildir. Ümumi elmi metodlar (sistemli təhlil, kompleksli yanaşma, proqramlı-məqsədli planlaşdırma); analitik proqnozlaşdırma metodları, iqtisadi-riyazi modelləşdirmə, xətti proqramlaşdırma, şəbəkəli planlaşdırma, kütləvi xidmət nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, ekspertiza); elmin müxtəlif sahələri (psixologiya, sosiologiya, ekologiya, estetika, antopologiya, dizayn) baxımından metodiki yanaşmalar.
Dostları ilə paylaş: |