GIRIŞ SÖZ
Müasir dövrdə istənilən fənnin tədrisi zamanı müəllimlər bir sıra çətinliklərlə üzləşir. Bunun bir neçə səbəbi var: artmaqda olan informasiya, onun ötürülməsi və mənimsənilməsi yollarının müxtəlifliyi və rəngarəngliyi, tələbə şəxsiyyətinin formalaşmasında müxtəlif amillərin nisbəti, onun oxuduğu ixtisasın özünəməxsusluğu, həm də bu fənnin cəmiyyətdə nüfuzu, insan psixikasında sosial mühitin təsiri altında baş verən dəyişikliklər, yəni koqnitiv proseslərin inkişafında baş verən fəsadlar, oyrənilən elmin paradiqmasının xüsusiyyətləri, və s.
Bütün bu çətinliklərə baxmayaraq, hər bir elmi öyrənmək və öyrətmək bacarığı hər bir tələbədə aşılanmalıdır. Bu, fəlsəfəyə də aiddir. Fəlsəfə, bütün dərin və maraqlı inkişaf yoluna baxmayaraq, indi ağır günlərini yaşayır: digər sosial və humanitar elm sahələri kimi, burada dərin yenidənqurma işləri gedir: fənnin predmeti, məzmunu və praktik əhəmiyyəti əvvəllər də olduğu kimi, bir çox sosial amillərdən asılıdır: burada siyasi, əxlaqi, sosial-praqmatik və mənəvi-psixoloji səbəblər var ki, nəticədə fəlsəfə nəinki tədrisdən, hətta insan şüurundan, mədəniyyətindən silinib gedir.
Bununla belə indiki dövrdə fəlsəfə və onun faydalı olub-olmaması haqqında bir çox adam düşünür. Adətən filosoflar elm, mədəniyyət və təhsilin inkişafına öz töhfəsinin verdiklərinə çox inanırlar. Qloballaşma dövründə, bazar iqtisadiyyatı şəraitində şübhəsiz ki, fəlsəfəni, mədəniyyəti və əxlaqı iman gətirən bir çox insanlar var. Lakin dünya nə qədər çox dəyişsə də, fəlsəfə və onun üzərində qurulan düşüncə həmişə tələb olunur. Bu mənada fəlsəfənin tədrisi haqqında düşünməyə dəyər.
Gələcək fəlsəfə müəllimləri üçün nəzərdə tutulan bu dərs vəsaiti fəlsəfə üzrə bakalavr pilləsini bitirən mütəxəssis tərəfindən Dövlət Standartına uyğun olaraq “müəllim” peşə bacarığını əldə etmək məqsədilə tərtib edilmişdir. Ilk dəfədir ki, Azərbaycanda belə təşəbbüs həyata keçirilir. Belə dərsliyin konseptual əsasının hazırlanmasında əsas çətinlik - SSRİ-nin dağılmasından sonra fəlsəfənin tədrisində yaranan böhranın hələ də aradan qaldırılmamasıdır. Ideoloji buxovdan yenicə azad olmuş və hal-hazırda postsovet məkanda tədris olunan fəlsəfə kursları hələ kifayət qədər sanballaşmamışdır. Ali məktəblərdə əsasən qısa, yığcam fəlsəfə kursları deyilir (xüsusilə texniki ali məktəblərdə). Digər tərəfdən, fəlsəfə bir elm sahəsi olaraq, öz tədqiqat predmetini dəqiqləşdirmədiyi üçün onun tədrisi də çətinləşir. Fəlsəfə ilk növbədə dünyagörüşüdür, bu dünyagörüşün mənimsənilməsi mədəniyyəti tələbədə əsaslı şəkildə formalaşmalıdır. Ilk növbədə orijinal fəlsəfə mətnləri öyrənlməli, fəlsəfə tarixində yığılıb öz həllini gözləyən problemlər müzakirə olunmalıdır. Fəlsəfə indiki təlatümlü dünyada mənəvi sabitliyə nail olmaq yollarını öyrədir, axı qloballaşma, ekoloji fəlakətlər, dəyərlər böhranı, kütləvi istehlakçılıq psixologiyası cəmiyyətdə olduqca ağır bir vəziyyət yaratmışdır. Fəlsəfə ona görə həmişə yaşayagaqdır ki, o, yaşamağın mənasını insanlara öyrədir.
Dostları ilə paylaş: |