Мцгяддимя


İndi isə fəlsəfə elminin xüsusiyyətləri haqqında



Yüklə 0,7 Mb.
səhifə6/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   2   3   4   5   6   7   8   9   ...   64
İndi isə fəlsəfə elminin xüsusiyyətləri haqqında. Fəlsəfənin təsiretmə imkanları həm də onu bir elm kimi xarakterizə edən keyfiyyətləri ilə bağlıdır. Adətən fəlsəfənin zahiri, formal keyfiyyətləri qeyd olunur (sistemi, strukturu, təsnifatı və s.); lakin həm müəllim, həm də tələbə və yaxud şagird onun daxili xüsusiyyətlərini də bilməlidir.

1) Abstraktlılıq. Şübhəsiz, ən abstrakt elm-riyaziyyatdır, lakin fəlsəfədə də abstraksiya hədləri çox yüksəkdir. Onun kateqorial aparatına müraciət edək: varlıq, məkan, mədəniyyət, sivilizasiya və s. Abstraksiyalar çətin qavranılır, hətta ən sadəsi belə. Burada müəllim sadə misallar əsasında (bədii ədəbiyyatdan, təbii və digər elm sahələrindən) bu abstraksiyaları təhlil edir. Abstraksiyaların təhlili hər hansı bir problemin, hadisənin ən dərin qatlarına müdaxilə etməyə imkan verir, mühakimə yürütməyə, məsələnin praktik həllinə şərait yaradır (abstraksiyalardan proqnozlaşdırma, sistem təhlil, digər elmi metodlar irəli gəlir), abstraksiyaların çatdırılması prosedurasını yüngülləşdirir (bu işi konkret faktlardan istifadə etməklə başlamaq lazımdır).

2) Deduksiya yoxsa induksiya? Fəlsəfənin xüsusiyyətlərindən biri - məntiqi mühakimələrdə həm deduksiya, həm də induksiyanın imkanlarından geniş istifadə olunmasıdır. Məntiqin rolu fəlsəfədə çox yüksəkdir. İnsan təfəkküründə məntiqi sxemlərin yaradılması idrakın xüsusiyyətidir, fəlsəfə bütövlükdə həyatı, varlığı əks etdirən bu cür sxemlər əsasında qurulur. Düşüncə tərzi, düşünmək bacarığı fəlsəfə üçün çox vacibdir. Tədris prosesində digər fənlərlə yanaşı fəlsəfə də gənclərə düşünməyi öyrədir: həm ideyaları izah edir, həm də bu ideyalardan necə istifadə etməyi, onlarda sosial «məna»nın necə axtarılmasını göstərir. Düşündürmək, düşünmək bacarığının, bunu praktikada aşılamaq yollarının öyrədilməsi – tədrisin ali məqsədidir; fəlsəfə də bu məqsədə nail olmaq üçün məktəbə yaxından köməklik etməlidir.

3) Alternativ (seçim) zənginliyi. Fəlsəfə, digər (xüsusilə, təbii, texniki və dəqiq riyazi elmlər) elmlərdən fərqli olaraq, istifadə etdiyi anlayışların tam, dolğun tərifini vermir. Elmi yekun, nəticə burada nisbi xarakter daşıyır. Mütləq həqiqət (2+2=4) burada mümknü deyil. Bunun səbəbi insan şüurunun, idrakın məhdudluğu, bir də bizi əhatə edən varlığın mürəkkəbliyidir. İctimai elmlərdə bəzən (məs., K.Marks, O.Kont, E.Dürkheym və s. tərəfindən) elan edilirdi ki, humanitar volyuntarizmə son qoyulacaq, sosial idrakda bütün hadisələr ölçülüb-biliçiləcək və qabaqcadan onların inkişafı müəyyən ediləcək. Lakin həyat göstərdi ki, çoxvariantlılıq, mürəkkəblik bu cür determinist sxemləri öz yolundan tezliklə yığışdırıb atacaq; belə də oldu. Digər ictimai elmlərdə olduğu kimi, fəlsəfədə də dünyanın müasir stoxastik (mümkün, müəyyən ehtimallara əsaslanan) mənzərəsi öyrənilir və inkişaf etdirilir.

Alternativlər zənginliyi həm də fəlsəfənin digər xüsusiyyəti ilə bağlıdır: onun tədqiqat obyekti (varlıq, insan, insanın varlığa münasibəti) çox geniş olduğu üçün, o, problemin tədqiqində asanlıqla ya konkret elmə, ya da ki, adi şüur səviyyəsinə yuvarlanıb müdaxilə edə bilər. Ona görə də Bertran Rassel fəlsəfənin, elm və din arasında yerləşən bir neytral ərazi olduğunu qeyd etmişdi.

4. Fəlsəfənin sərhədləri açıqdır. Digər elmlərdən fərqli olaraq, fəlsəfənin çox mühüm bir xüsusiyyəti var – onun tərkib hissəsələri arasında sabitlik, bütövlülük çox nisbidir. Fəlsəfə, müxtəlif dövrlərdə, müxtəlif əsrlərdə və ərazilərdə yaranmış ideyaların, təlimlərin, nəzəriyyələrin məcmusudur. Abstraktlaşmanın rolu burada çox yüksək olsa da, o mənəvi mədəniyyətin məzmununu müəyyən edirdi. İstənilən dövrün regional xüsusiyyətləri göstərir ki, fəlsəfənin inkişafına dövrün, sosial inkişafın (siyasi, mənəvi, iqtisadi), insanın təfəkkür tərzinin xüsusiyyətləri təsir edib. Fəlsəfə tarixini tədris edənlər yaxşı bilirlər ki, tədqiqat obyekti və predmeti filosoflarda dövrdən-dörə nə qədər fərqlənir. 2500 illik tarixə malik olan bu elmin nə dəqiq quruluşu, nə dəqiq məzmunu olmayıb. Onu birləşdirən bir neçə məsələ olub; bu məsələlər sual şəklində hər bir nəsil qarşısında durur: yaşamaq nədir? Mən nə üçün bu dünyaya gəlmişəm, yəni yaşamağın mənası nədir? Bir tərəfdən mənasız görünən bu suallar (çünki cavabı tapılmır), digər tərəfdən, müxtəlif inamlara, utopiyalara, elmi ideyalara təkan verir, insanların dəyərlər və normalar sisteminə təsir göstərir, onların yaşamasına təsəlli verir. Fəlsəfə də bu problemlərə öz münasibətini bildirir; uzun əsrlik inkişafı nəticəsində onun mühüm tədqiqat sahələri formalaşıb; bu sərhədlərin də nisbəti sabit xarakter daşımır.

5) Fəlsəfənin dili. Hər bir işarələr sistemində olduğu kimi, insan dilinin də cisimlər və proseslərin mahiyyətini ifadə etmək üçün böyük imkanları var. Fəlsəfə elminin kateqoriyalar sistemi var; kateqoriyanın öz məzmunu və mahiyyəti, ifadə imkanları var; o, böyük həcmdə informasiyanı özündə toplayıb ötürə bilir. Kateqoriyaların mənaları nə qədər dəqiq olsa, bir o qədər onlardan istifadə etmək asan olur. Hər bir kateqoriyanın uzun yaranma tarixi var; onların məzmunu birdən-birə forma almayıb və bu proses indi də davam edir. Kateqoriyaların mənalarında olan qeyri-müəyyənlik elmin inkişafına mane olur. Bu tədris prosesində də öz ifadəsini tapır. Əlavə edək ki, bəzən nəinki dövrdən-dövrə, hətta təlimdən-təlimə, nəzəriyyədən-nəzəriyyəyə kateqoriyaların təsnifatında və mənalarında fərq var.

Bunun qarşısını dəfələrlə almağa çalışıblar; məs., neopozitivistlər elmin dili uğrunda mübarizəni başladılar, lakin xeyli çətinliklərə rastlaşıb geri çəkildilər (baxmayaraq ki, riyazi məntiqin, fəlsəfə dilinin, elmi metodların tədqiqində onların çox böyük xidmətləri olub). Anlayışların sinonimiyası, bəzən qeyri-müəyyənliyi, fikir müxtəlifliyini yaradır; tədrisdə istifadə olunan dərsliklərdə, monoqrafiyalarda bu özünü biruzə verir. Fəlsəfədə metod və metodologiyası problemlərinin təhlilinə (bu mənada) böyük ehtiyac duyulur.

6) Fəlsəfə elminin faydalılığı. Fəlsəfə mifoloji, dini, estetik və əxlaqi ideyalar və düşüncə tərzlərinin inkişafı nəticəsində formalaşıb universal bir elm adını qazanıb. Nə qədər abstrakt və ümumi olsa da, onun faydalılığı çox böyükdür: insanı dünyaya müəyyən münasibətdə olmağa, fəal həyat mövqeyi tutub, sosial varlığı fəth etməyə məhz fəlsəfə hazırlayır. Əsasən bu proses dünyagörüşün sistemli şəkildə formalaşdırılması zəminində gedir. Fəlsəfə insanda ideoloji və dini, etik və estetik, siyasi və hüquqi baxışların, həyatın bir çox sahələri haqqında elmi təsəvvürlərin formalaşması ilə yanaşı, insan şüurunu bir sıra digər elmlərin qavranılması və mənimsənilməsi üçün hazırlayır. Fəlsəfə, ən başlıcası, bütün elmlərin inkişafına təkan verir, bu prosesi idarə edir, çünki hər bir tədqiqatçının dünyagörüşünün əsasını fəlsəfi ideyalar təşkil edir, fəlsəfi özünüdərk dövrdən-dövrə fərqli yollarla getdiyi üçün insan həyatında da müxtəlif rol oynayıb və oynamaqdadır.

7) Fəlsəfə tarixinin möhtəşəmliyi. Fəlsəfə öz tarixi ilə fəxr edə bilər: bu tarix çox qədim, ziddiyyətli və maraqlıdır. Burada biliklər riyazi və yaxud həndəsi silsiləsi ilə artmırdı; əsas xüsusiyyət – fəlsəfi fikrin inkişafında artmaqda olan varislikdir. Fəlsəfə tarixini dünya sivilizasiyasına təkan verən nəhənglər bəzəyir (Aristotel, Platon, Kant, Hegel və s.). Fəlsəfə tarixi bəşər tarixinin ayrılmaz hissəsidir, min tellərlərlə o, insan fəaliyyətinin bütün sahələri ilə bağlıdır.

Burada bütün dünya xalqlarının – Qərbin, Şərqin, qədim və yeni, böyük və kiçik millətlərin payı və xidmətləri göstərilir. Bu məlumatı tələbələrə müxtəlif formalarda və mövzularda çatdırmaq lazımdır. «Fəlsəfə tarixi» kursları ilə yanaşı, fəlsəfənin digər sahələrini əhatə edən fənlərin bütün mövzularında tarixi materialdan geniş istifadə edilməlidir: tələbənin qəlbinə də, şüuruna da bu yolla gəlib çıxmaq daha əlverişlidir. Tarixi faktlar, xüsusilə filosofların, ümumiyyətlə tədqiqatçıların həyatı və yaradıcılığı ilə bağlı olan materiallar dinləyicilərə böyük müsbət emosional təsir göstərir.

Məsələn, auditoriyada böyük marağa səbəb ola biləcək bir tarixi faktı misal gətirək: xristianlardan fərqli olaraq, müsəlman-ərəblər işğal etdiyi xalqların mədəniyyətlərini məhv etmirdilər, əksinə, böyük səylə bu mədəniyyəti qavrayırdılar; özgə xalqların mənəvi dəyərlərinə belə münasibət onların başını ucaldıb. Məlumdur ki, XI əsrdə Bizans imperiyası və Bağdad xəlifəliyi arasında bağlanmış sülh müqaviləsinin əsas şərtlərindən biri, imperator tərəfindən yunan dilində olan əlyazmaların, o cümlədən Ptolomeyin «Almaqest» əsərinin Xəlifə əl-Məmuna verilməsi olmuşdur.

Məhz bu xəlifənin dövründə ərəb dilinə Aristotelin, Ptolomeyin, Evklidin, Hippokratın, Qalenin əsərləri tərcümə edilmişdir. Bu müəlliflərin əsərlərinin, bir də ərəb tədqiqatçıların onlara aid təsirlərinin latın dilinə tərcümə olunması Qərb elmini alt-üst edir. Belə tərcümələrin təsiri altında Avropada ali təhsil məktəbləri formalaşmağa başladı …

Bu cür məlumatı qısa bir arayış şəklidə tərtib edib saxlamaq, yeri gələndə isə ona müraciət etmək olar. Məsələn, Dekartın fəlsəfə sahəsindəki xidmətlərindən danışarkən, belə bir məlumatı əlavə etmək olar: o, riyaziyyatda Nyuton və Leybnitsin əsas sələfi olub. Bundan əlavə o, reflekslər nəzəriyyəsinin əsaslarını yaradıb (məşhur rus akademiki İ.P.Pavlov öz laboratoriyasının qarşısında onun abidəsini (büstünü) ucaldıb). Fransa romantik əsrinin yaradıcılarından biri sayılan Dekart poeziyanın vurğunu olub; ömür boyu o, bu sevgiyə sadiq qalıb, onun sonuncu əsəri – Stokholm şəhərində şerlə yazılmış pyes idi. Musiqi nəzəriyyəsi sahəsində o, affektlər haqqındakı təlimin nəzəri əsaslarını işləyib hazırlamışdır (musiqi tempindən insanın emosiyalarının asılılığı xüsusiyyətləri). Dekartın qardaşı deyirdi ki, parlament müşavirinin qardaşı üçün riyaziyyatçı olmaq – alçaqlıqlır.

Və yaxud Q.V. Leybnits haqqında demək olar ki, Leybnits özünü filosof, təbiətşünas, geoloq, kimyaçı, siyasətçi, dilşünas, məntiqçi kimi sınamışdı, bütün bu sahələrdə öz sözünü demişdi, əlavə olaraq, həm də riyaziyyatçı olmuşdur. Xüsusi riyazi təhsili almayan Leybnits riyazi analizi Nyutondan gec ixtira edibsə də, buna ondan xəbərsiz (yəni müstəqil) nail olub.

Filosofların tərcümeyi-halı ilə yanaşı, onlarla, yüzlərlə qısa (həcminə görə), faktlar var ki, tələbə və şagirdlərin diqqətini cəlb etməklə, mühazirənin ən çətin yerində, onu tamamlamaq və yaxud daha mümkün şəkildə fikrin qavranılmasını təmin etmək olar.

Məsələn, İ.Kant dünyada ən çətin oxunan fəlsəfi əsərlərin müəllifidir; Sokratın məşhur ifadəsini hamı bilir: «mən bilirəm ki, mən heç nə bilmirəm»; Delfi şəhərindəki Apollon məbədinin girişində yazılmışdır: «Özün-özünü dərk et!»; Platon musiqini, poeziyanı, riyaziyyatı mükəmməl bilirdi; riyaziyyatı fəlsəfəyə giriş kimi öz fəlsəfi məktəbində dinləyicilərə öyrədirdi.

Buraya fəlsəfə, onun mənası, əhəmiyyəti haqqında müxtəlif ifadələri, fikirləri əlavə etmək lazımdır. Bəzən bir qısa cümlə ilə dinləyicilərin qəlbinə yol tapmaq olur. Nəhayət, fəlsəfənin öyrənilməsində bədii ədəbiyyatın da böyük rolunu qeyd etmək lazımdır: dünya ədəbiyyatı tarixində dərin fəlsəfi məna daşıyan əsərlər çoxdur; bu əsərlərlə yanaşı, ayrı-ayrı filosoflar haqqında bədii üslubda yızılmış monoqrafiyalar, həkayələr və məqalələr var – bu kimi materiallar əsasında fəlsəfi fikri çatdırmaq daha əlverişlidir.

Şübhəsiz, informasiyanın sürətlə artması, bir tərəfdən, bu informasiyanın qavranılması yollarının müxtəlifliyi (kütləvi informasiya vasitələri, kompüterləşmə, digər kommunikasiya vasitələri) kitablara olan həvəsi xeyli azaldıb. Lakin canlı ünsiyyətdə istifadə oluna biləcək ən yaxşı vasitə hələ ki, kitabdır. Kitabı tələbələrə sevdirmək lazımdır.

8) Əyani vasitələrin istifadə olunma imkanları fəlsəfədə nisbətən məhduddur. Bununla belə hər müəllimin əlində mühazirə zamanı bir çox mənbələrdən sitatlar, kitablar, məqalələr, sənədlər, onların surətləri, fotoşəkillər olmalıdır. Belə material müəllimin ən böyük sərvətidir: bədii sözlə əyani obrazı (məsələn, fotoşəkili) birləşdirib xüsusi ab-hava yaratmaqla adi görünən bir elmi faktı ümumfəlsəfi, ümummədəni səviyyəyə ucaltmaq olar. Fəlsəfənin tədrisi tarixinə aid cədvəllərin, diaqramların, sorğu anketlərin, testlərin tərtib olunması məqsədəuyğundur.

Kafedralarda, foyelərdə tematik güşələrin yaradılması işi də təşkil olunur, bu güşələrdə kafedrada aparılan elmi-metodik və elmi-tədqiqat işləri öz əksini tapır; ayrı-ayrı filosofların yubileylərini, tarixi hadisələri burada təsvir etmək olar.

Fəlsəfi ideyaların təbliği və mənimsənilməsi işinin səviyyəsini artırmaq üçün elmi konfransların keçirilməsi çox vacibdir. Eyni mövzunun müzakirəsində müxtəlif fakültələrin nümayəndələri iştirak edə bilər: bu, müzakirəyə xüsusi şövq verər. Belə konfrans iştirakçılarını ümumi ideya birləşdirməlidir. Bu işi ali məktəblər arasında da aparmaq olar. İşin formalarından biri – elmi müsabiqələrin keçirilməsidir. Müsabiqə də qalibin fəlsəfəyə, onun mənimsənilməsinə marağın artmasına səbəb olur.

Nəhayət, ən yaxşı kafedraların, müəllimlərin iş təcrübəsi həm ixtisasartırma kurslarında, elmi-metodik şuralarda, həm də kütləvi informasiya vasitələrində təbliğ olunmalı və yayılmalıdır. Fəlsəfə bu yolla şüurda həm ideoloji, həm mənəvi meyara çevrilə bilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin